Bakı Hava Hücumundan Müdafiə Dairəsi (), 1975-ci ildən Qırmızı Bayraqlı Bakı Hava Hücumundan Müdafiə Dairəsi () — 1954–1980-ci illərdə mövcud olmuş SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının operativ-strateji ərazi birləşməsi. Dairənin idarəsi və komanda məntəqəsi Bakıda yerləşmişdir. Birləşmə SSRİ-nin cənub istiqamətində hava hücumundan müdafiə vəzifələrini yerinə yetirmişdir.
Tarixi Bakı və Cənubi Qafqaz ərazisində hava hücumundan müdafiə sisteminin formalaşması XX əsrin birinci yarısında başlanmışdır. 1930-cu illərin ikinci yarısında Bakı rayonunun hava hücumundan müdafiəsi Zaqafqaziya Hərbi Dairəsinin tərkibində yaradılmış 3-cü Hava Hücumundan Müdafiə Korpusuna həvalə edilmişdir.
İkinci Dünya müharibəsi illərində regionda hava hücumundan müdafiə vəzifələrini müxtəlif dövrlərdə Zaqafqaziya Hava Hücumundan Müdafiə Zonası, Zaqafqaziya Hava Hücumundan Müdafiə Cəbhəsi və Bakı Hava Hücumundan Müdafiə Ordusu yerinə yetirmişdir.
Müharibədən sonra Bakı Hava Hücumundan Müdafiə Ordusunun bazasında Bakı Hava Hücumundan Müdafiə Rayonu yaradılmışdır. 1954-cü ilin iyununda həmin rayon Bakı Hava Hücumundan Müdafiə Dairəsi kimi yenidən təşkil edilmişdir. Dairənin qərargahı bütünlüklə Bakıda yerləşmişdir.
Dairənin fəaliyyət göstərdiyi ərazi yalnız Azərbaycan SSR ilə məhdudlaşmamışdır. Onun tərkibində müxtəlif dövrlərdə Şimali Qafqaz, Cənubi Qafqaz, Volqaboyu və Xəzər dənizinin şərq sahillərində yerləşən hava hücumundan müdafiə birləşmələri olmuşdur.
SSRİ-nin dövlət sərhədlərinə yaxınlıq, hava hücumu vasitələrinin müdafiə olunan obyektlərə çatma müddətinin qısa olması, Qafqazın mürəkkəb relyefi və geniş dəniz akvatoriyalarının mövcudluğu müdafiə dairəsinin fəaliyyətinə təsir göstərmişdir. Bu amillər dairənin hissə və birləşmələrinin yüksək döyüş hazırlığında saxlanılmasını zəruri etmişdir.
1960-cı illərin əvvəllərində dairənin əsas birləşmələri 12-ci, 14-cü və 15-ci hava hücumundan müdafiə korpusları və 16-cı qvardiya Hava Hücumundan Müdafiə Diviziyası olmuşdur. 1963-cü ildə 10-cu Hava Hücumundan Müdafiə Diviziyası da dairənin tərkibinə daxil edilmişdir. Diviziya 1973-cü ildə ləğv edilmiş, onun hissələri əsasən 12-ci Hava Hücumundan Müdafiə Korpusunun tərkibinə verilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 aprel 1975-ci il tarixli fərmanı ilə Bakı Hava Hücumundan Müdafiə Dairəsi "Qırmızı bayraq" ordeni ilə təltif edilmişdir. Təltifdən sonra birləşmənin rəsmi adına "Qırmızı Bayraqlı" ifadəsi əlavə edilmişdir.
Bakı Hava Hücumundan Müdafiə Dairəsi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 5 yanvar 1980-ci il tarixli direktivinə əsasən 30 may 1980-ci ildə ləğv edilmişdir. Rostov-na-Donuda yerləşən 12-ci Hava Hücumundan Müdafiə Korpusu bundan sonra 8-ci əlahiddə Hava Hücumundan Müdafiə Ordusuna tabe edilmişdir. Tbilisidə yerləşən 14-cü və Ələtdə yerləşən 15-ci hava hücumundan müdafiə korpusları isə Zaqafqaziya Hərbi Dairəsinin tabeliyinə verilmişdir.
Tərkibi
1962-ci il 1962-ci ildə dairənin əsas tərkibinə aşağıdakı birləşmələr daxil olmuşdur:
Qərargah, idarə və rabitə mərkəzi — Bakı; 12-ci Hava Hücumundan Müdafiə Korpusu — Rostov-na-Donu; 14-cü Hava Hücumundan Müdafiə Korpusu — Tbilisi; 15-ci Hava Hücumundan Müdafiə Korpusu — Ələt; 16-cı qvardiya Hava Hücumundan Müdafiə Diviziyası — Krasnovodsk.
1963-cü ildə Volqoqradda yerləşən 10-cu Hava Hücumundan Müdafiə Diviziyası dairənin tərkibinə daxil edilmişdir.
1970-ci il 1970-ci ildə dairənin əsas tərkibi aşağıdakı birləşmələrdən ibarət olmuşdur:
Qərargah, idarə və rabitə mərkəzi — Bakı; 12-ci Hava Hücumundan Müdafiə Korpusu — Rostov-na-Donu; 14-cü Hava Hücumundan Müdafiə Korpusu — Tbilisi; 15-ci Hava Hücumundan Müdafiə Korpusu — Ələt; 10-cu Hava Hücumundan Müdafiə Diviziyası — Volqoqrad; 16-cı qvardiya Hava Hücumundan Müdafiə Diviziyası — Krasnovodsk.
10-cu Hava Hücumundan Müdafiə Diviziyası 1973-cü ildə ləğv edilmişdir.
1978-ci il 1978-ci ildə dairənin əsas tərkibinə aşağıdakı birləşmələr daxil olmuşdur:
qərargah, idarə və rabitə mərkəzi — Bakı; 12-ci Hava Hücumundan Müdafiə Korpusu — Rostov-na-Donu; 14-cü Hava Hücumundan Müdafiə Korpusu — Tbilisi; 15-ci Hava Hücumundan Müdafiə Korpusu — Ələt; 16-cı qvardiya Hava Hücumundan Müdafiə Diviziyası — Krasnovodsk.
Azərbaycan SSR ərazisində Azərbaycan SSR ərazisində dairənin əsas operativ birləşməsi qərargahı Ələtdə yerləşən 15-ci Hava Hücumundan Müdafiə Korpusu olmuşdur. Korpus 1960-cı ilin martında 236-cı qırıcı aviasiya diviziyasının bazasında yaradılmışdır.
1962-ci ildə korpusun tərkibində 2-ci qvardiya, 21-ci, 82-ci, 627-ci qvardiya və 976-cı qırıcı aviasiya polkları, zenit-raket hissələri və 203-cü rabitə mərkəzi fəaliyyət göstərmişdir. Korpusun bölmələri Salyan, Kürdəmir, Səngəçal, Mingəçevir və digər məntəqələrdə yerləşmişdir.
1970-ci ildə 15-ci korpusun tərkibində 82-ci və 976-cı qırıcı aviasiya polkları, 128-ci və 129-cu zenit-raket briqadaları, 190-cı zenit-raket polku, 2-ci radiotexniki briqada və 203-cü rabitə mərkəzi olmuşdur.
Komandanlar Bakı Hava Hücumundan Müdafiə Dairəsinə aşağıdakı şəxslər komandanlıq etmişdir:
10px|link=Sovet İttifaqı Qəhrəmanı Aviasiya marşalı Konstantin Andreyeviç Verşinin (1954 — aprel 1956) General-polkovnik Vladimir Dmitriyeviç İvanov (aprel 1956 — avqust 1959) 10px|link=Sovet İttifaqı Qəhrəmanı General-polkovnik Afanasi Fyodoroviç Şeqlov (avqust 1959 — iyul 1966) General-polkovnik Fyodor Akimoviç Olifirov (iyul 1966–1973) 10px|link=Sovet İttifaqı Qəhrəmanı Aviasiya general-polkovniki Anatoli Ustinoviç Konstantinov (iyun 1973 — aprel 1980) General-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov (aprel 1980 — may 1980; komandan vəzifəsini müvəqqəti icra edən)
Populyar mədəniyyətdə 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Bakı Hava Hücumundan Müdafiə Dairəsinə həsr olunmuş "Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada" qısametrajlı sənədli filmi istehsal edilmişdir. Film dairənin zabitləri arasında keçirilən idman yarışlarından bəhs edir. Filmin operatorları Vladimir Konyagin və Leonid Koretski olmuşdur.
Həmçinin bax Bakı Hava Hücumundan Müdafiə Ordusu
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:1954-cü ildə yaradılmış hərbi hissələr və birləşmələr