Pirinç Xan () — Türkiyənin Bursa şəhərində, Sultan II Bəyazid tərəfindən tikdirilmiş bina.

Xan şəhər mərkəzindəki Xanlar bölgəsində, Cümhuriyyət küçəsində yerləşir. 1490–1508-ci illərdə inşa edilmiş tikili Sultan II Bəyazidin İstanbuldakı vəqflərinə gəlir gətirmək məqsədilə Bursada tikdirdiyi ikinci xandır. Sultan Bəyazid öncə Koza Xanı tikdirmişdi. Koza Xanın yaxınlığında inşa edilən bu xan əvvəllər Xan-ı Cədid-i Hakani, Karvansara, Xan-ı Cədid-i Amirə kimi adlarla adlansa da, XVII əsrin əvvəllərindən etibarən Pirinç Xanı adı ilə tanınmağa başlamışdır. Tikilinin memarı Yaqub Şah bin Sultan Şah və Əli bin Abdullahdır. Tikintiyə məsul şəxs Ecebəy bin Abdullah, nəzarətçisi isə Muhiddin bəy olub. Memarlıq xüsusiyyətləri Pirinç Xanın tikintisində həm daş, həm də kərpic materialdan istifadə olunub. Həyət tağları və sütunları yonma daşdan; tağlar, günbəzlər və tağbəndlər isə kərpicdəndir. Giriş fasadında isə yonma daş və üç cərgə kərpicdən istifadə edilib.

Böyük kvadrat həyətin ətrafında aşağı mərtəbədə 38, yuxarı mərtəbədə isə 48 otaq yerləşir. Dəvəlikli və tövləlidir. Həyətə açılan 2,96 m enindəki tağsız qapıdan binaya daxil olmaq olur.

Tarixı sənədlərdən bəlli olur ki, inşa edildiyi dövrdə Bursada çoxlu venesiyalı, rusiyalı və qərbli tacir yaşayırmış və onlar Xanın tikildiyi Şehreküstü məhəlləsində yaşyırmışlar.

Bursaya gələn xarici tacirlərin ən çox baş çəkdiyi karvansaralardan biri olmuş Pirinç Xanda əsasən xəz ticarəti aparılmışdır. XVI əsrin ortalarından etibarən isə Xan ipək əyirənlərin toplaşdığı məkana çevrilmişdir.

1855-ci il Bursa zəlzələsində qərb və şimal tağlı keçidləri ilə dükanları tamamilə dağılan binanın, zədələnmiş hissələrini istifadəyə yararlı hala gətirmək üçün həyətində və daxilində müxtəlif əlavə tikililər inşa edilib. Ayrıca, şimal-şərq küncü 1903–1906-cı illərdə Həmidiyyə küçəsi (indiki Cümhuriyyət küçəsi) salınarkən kəsilib. 1970-ci illərin sonlarına qədər binada dəri emalatxanalarının, ayaqqabı sexlərinin, ipək əyirən və boyayanların fəaliyyət göstərdiyi məlumdur.

Pirinç Han təxminən iyirmi il davam edən bərpadan sonra 2002-ci ildə ticarət mərkəzi kimi istifadəyə verilib. Bərpa zamanı qərb fasadında yeni qapı açılmış; rəsmi qeydlərdə adı çəkilən məscid və şadırvan isə tikilməmişdir. Hazırda binanın aşağı mərtəbəsində kafelər, yuxarı mərtəbəsində isə bəzi mağaza və ofislər yerləşir. Həmçinin bax Koza Xan İstinadlar

Kateqoriya:1500-cü illərdə tamamlanmış tikililər Kateqoriya:Bursa Kateqoriya:Osmanlı dövrünün abidələri