Səadət İsmayılova (; ) — Özbəkistan rəssamı və rejissoru. O, post-Sovet dövründə yetkinləşib, yaradıcılıq ilhamını doğma regionundan alaraq sənət həyatını Paris və Daşkənd arasında quran gənc kinorejissor və rəssamdır. O, Daşkənd Dövlət İncəsənət İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra İtaliyadakı "Fabrica" tədqiqat və kommunikasiya mərkəzində rezidenturaya başlayıb. O vaxtdan Səadət İsmayılova Daşkənd və Paris şəhərlərində fəaliyyət göstərir. O, ilk beynəlxalq tanınmanı yuxuda olan personaj vasitəsilə Özbəkistanın tarixindən bəhs edən "Zöhrə" (Zukhra) adlı video-instalyasiyası ilə qazanıb. 2014-cü ildə onun ilk tammetrajlı filmi olan "40 günlük sükut" (40 Days of Silence) Berlin Beynəlxalq Film Festivalında nümayiş olunub və burada "Ən yaxşı debüt filmi" nominasiyasına layiq görülüb. Daha sonra o, Norveç Müasir İncəsənət İdarəsində və Fransanın "Le Fresnoy" müasir incəsənət studiyasında olarkən bir sıra qısametrajlı filmlər çəkib.
İsmailova həm Özbəkistanda, həm də Avropada Mərkəzi Asiya kinosunu inkişaf etdirmək və təbliğ etmək istiqamətində çalışıb. 2019-cu ildə ACDF-nin dəstəyi ilə Daşkənddə müasir incəsənət üzrə "CCA LAB" təhsil proqramını təşkil edib və orada "Q’org’on Chirog" adlı fərdi sərgisini keçirib. 2021-ci ildə isə Mərkəzi Asiya mədəniyyətini tədqiq və təbliğ etmək məqsədilə "DAVRA" kollektivini təsis edib.
2024-cü ildə o, 60-cı Venesiya İncəsənət Biennalesi çərçivəsində "Fondazione In Between Art and Film"ın sifarişi ilə ərsəyə gətirdiyi "Gündə əriyənlər" (Melted into the Sun) əsərini "Nebula" sərgisində təqdim edib. O, "Pernod Ricard" Fondunun "Nouveau Programme" dəstəyini alıb və 2025-ci ildə gənc sənətçi kimi "Art Basel"in qızıl medalçısı olub.
Həyatı Səadət İsmayılova 1981-ci ildə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı Daşkənddə anadan olub. Onda kinoya həvəs erkən yaşlarından — özbək kinorejissoru olan atasının və nağılçı nənəsinin təsiri ilə yaranıb. İsmayılova Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda kino sahəsi üzrə təhsil alıb. Burada o, Sovet realizmi üslubundan uzaqlaşaraq ekspressionist və ekzistensialist mövzulara üstünlük verən Sovet kinoredissorları Sergey Paracanov və Andrey Tarkovskinin yaradıcılığının azarkeşinə çevrilib. 1999-cu ildə o, Tələbə Daşkənd Film Festivalında Qran-pri mükafatını qazanıb.
Yaradıcılığı Daşkənd Dövlət İncəsənət İnstitutundakı təhsilini başa vurduqdan sonra o, Benetton Qrupunun İtaliyanın Trevizo şəhərində yerləşən tədqiqat və kommunikasiya mərkəzi "Fabrica"da rezidentura hüququ qazanıb. O, burada Karlos Kasas ilə birgə həmmüəllifi olduğu "Aral: Görünməz dənizdə balıqçılıq" (Aral: Fishing in an Invisible Sea) filmini ərsəyə gətirib və bu ekran işi 2004-cü il Turin Film Festivalında "Ən yaxşı sənədli film" mükafatına layiq görülüb. Səadət İsmayılova həmçinin "Smithsonian Folkways" üçün Mərkəzi Asiya musiqisi haqqında sənədli filmlərin çəkilişinə rəhbərlik edib. Növbəti il o, Berlində DAAD Rəssamlar-Rezidentura proqramına seçilərək burada tammetrajlı film üzərində işləməyə başlayıb. 2008-ci ildə Mərkəzi Asiyanın "MAP" prodüser şirkətini təsis edib. 2011-ci ildə bu filmi Özbəkistanda çəkməyə cəhd etsə də, istehsalat səbəblərindən çəkilişləri Tacikistanda aparmalı olub.
O, 2013-cü il Venesiya Biennalesində çarpayıda uzanaraq Özbəkistanın tarixindən bəhs edən bir qadının təsvir olunduğu "Zöhrə" (Zukhra) video-instalyasiyası ilə dünya səviyyəsində tanınma qazanıb. Növbəti il Yuta ştatındakı Sandens İnstitutunda təkmilləşdirdiyi "40 günlük sükut" (40 Days of Silence) adlı ilk debüt tammetrajlı filmini təqdim edib. Filmin preyerası Berlin Beynəlxalq Film Festivalında baş tutub və burada "Ən yaxşı debüt filmi" nominasiyasına namizəd göstərilib.
2017-ci ildə Norveç Müasir İncəsənət İdarəsində (OCA) rezidenturada olarkən Turan pələnginin nəslinin kəsilməsindən bəhs edən "Ruhlar" (The Haunted) qısametrajlı filmini ərsəyə gətirib. Film həmin il Tromsø Kunstforening-də təqdim olunub. 2018-ci ildə İsmayılova Fransanın Milli Müasir İncəsənət Studiyası olan "Le Fresnoy"da təhsilini başa vurub və burada "Ceyhunun ləkələri" (Stains of Oxus) ilə "İki üfüq" (Two Horizons) əsərlərini ərsəyə gətirib. Həmin il, həmçinin onun 40 döyüşçü qadın haqqında Mərkəzi Asiya əfsanəsini yenidən canlandıran və Ağa Xan Musiqi Proqramı tərəfindən ərsəyə gətirilən "Qırx qız" (Qyrq Qyz) multimediya tamaşası Nyu-Yorkdakı BAM (Bruklin Musiqi Akademiyası) və Parisdəki Branli sahili muzeyində (Musée du quai Branly) səhnələşdirilmir.
2019-cu ildə Daşkənd Müasir İncəsənət Mərkəzində (CCAT) bir il davam edən "CCA Lab" təhsil proqramını təşkil edib. Həmin il "İlhom" teatrında "Sinkretik misralar" (Syncretic verses) adlı fərdi sərgisini, daha sonra isə CCAT-da "Q’org’on Chirog" sərgisini nümayiş etdirib. Növbəti il Asiya Film Arxivi üçün Özbəkistan qadınlarının tarixini əks etdirən "Ona bəxş edilən beş həyat" (Her Five Lives) filmini ərsəyə gətirib.
2021-ci ildə İsmayılova Mərkəzi Asiyanın mədəni irsini qorumaq, sənədləşdirmək və tanıtmaq məqsədilə regionun dörd bir tərəfindən olan rəssamları bir araya gətirən "DAVRA" kollektivini təsis edib. Həmin il o, yeganə Mərkəzi Asiya nümayəndəsi kimi "documenta fifteen" sərgisinə dəvət alıb və burada Zoluşka nağılının Mərkəzi Asiya versiyasını əks etdirən film ərsəyə gətirib. O, "documenta fifteen" çərçivəsində 40 günlük proqram yaradıb və "DAVRA" iştirakçılarına ev sahibliyi edərək, Mərkəzi Asiya folklorunda bir növ ruh hesab olunan "Çiltən"lər haqqında araşdırmalarını təqdim edib. Həmin il Almatıdakı "Aspan Gallery"də onun "Mənim adım nə idi?" (What was my name?) adlı fərdi sərgisi keçirilib.
İsmayılova 59-cu Venesiya Biennalesinin "Arzuların südü" (Milk of Dreams) əsas sərgisində "Çilləxana" (Chillahona) əsəri ilə iştirak edib. Daşkəndin ənənəvi tikməsinin konseptual təsviri ilə üçkanallı video formatında hazırlanan bu film Özbəkistandakı yenidənqurma illərinə həsr olunub. Həmin il o, "18,000 Worlds" adlı fərdi sərgisinin keçirildiyi "EYE Filmmuseum" tərəfindən 25.000 funt-sterlinq məbləğində mükafatlandırılıb. Münsiflər heyəti onun kino ilə təsviri sənət arasında axıcı keçid etmək bacarığını yüksək qiymətləndirərək işlərini "təravətli, vacib və balanslı" kimi xarakterizə ediblər. O, həmçinin 2022-ci ildə "Magnum Foundation"ın "Counter Histories Program" dəstəyini alıb.
2024-cü ildə "Pernod Ricard" Fondunun "Nouveau Programme" dəstəyinə, eləcə də Reyna Sofiya Muzeyi (Madrid), Sinqapur İncəsənət Muzeyi və Uolker İncəsənət Mərkəzi (Minneapolis) ilə əməkdaşlıq çərçivəsində "Han Nefkens Foundation" mükafatına layiq görülüb. O, 60-cı Venesiya İncəsənət Biennalesi zamanı "Nebula" sərgisində "Fondazione In Between Art and Film"ın sifarişi ilə hazırladığı "Gündə əriyənlər" (Melted into the Sun) işini təqdim edib. Həmin il İtaliyadakı "Pirelli HangarBicocca"da onun yaradıcılığına həsr olunmuş ilk geniş icmal sərgisi olan "Dilimizin altındakı toxum" (A Seed Under Our Tongue) fərdi sərgisi keçirilib. 2025-ci ildə gənc sənətçi kimi "Art Basel"in qızıl medalçısı olub. İsmayılova "Kunstenfestivaldesarts" festivalının dəvəti ilə 2025-ci ildə yeni sifariş olunmuş "Arslanbob: Müalicəvi meşə" (Arslanbob: The healing forest) perfomans əsərini təqdim edib.
Onun filmləri Amsterdamdakı "Stedelijk Museum", Parisdəki "Centre Pompidou", Böyük Britaniyadakı "Tate Modern", "FRAC Corsica", "TBA 21", Almatı Müasir İncəsənət Muzeyi, Almatı "Tselliny" Müasir Mədəniyyət Mərkəzi, Antverpendəki "M KHA", Böyük Britaniyadakı "Victoria & Albert", "Pinault Collection", "CNAP" və başqa kolleksiyalarda saxlanılır.
Üslubu Səadət İsmayılovanın filmləri Mərkəzi Asiya tarixinə, xüsusən deyil, qadınların tarixinə və mədəni ənənələrinə diqqət yetirir. Asta ritmi və ahəngdar montaj üslubuna görə onun əsərləri "hipnotik" kimi xarakterizə olunur. "Eye Filmmuseum" onun yaradıcılığını tamaşaçıya "görüntüləri eşitməyə və səsi görməyə" imkan yaradan sənət kimi təsvir edib. Səadət İsmayılova özü bildirib ki, onun işlərinin məqsədi tamaşaçını "bu təcrübədə fəal iştirak etməyə" dəvət etməkdir.
İstinadlar
Xarici keçidlər
IMDB My Movies FilmPortal Facebook Instagram
Kateqoriya:Film rejissorları Kateqoriya:XXI əsr incəsənət xadimləri Kateqoriya:Özbəkistan şəxsləri Kateqoriya:Özbəkistanın incəsənət xadimləri Kateqoriya:Ssenaristlər