Müqəddəs Yekaterina monastırının Qafqaz Albaniyası əlyazmaları — Sinay dağındakı Müqəddəs Yekaterina monastırının kitabxanasında saxlanılan və aşağı qatlarında Qafqaz alban dilində mətnlər qorunmuş palimpsest əlyazmalar.
Qafqaz alban mətnləri hazırda Sin. georg. NF 13 və Sin. georg. NF 55 şifrləri altında saxlanılan gürcü kodeks-reskriptinin aşağı qatlarında müəyyən edilmişdir. Həmin aşağı qatlar yalnız Qafqaz alban mətnlərindən ibarət deyil; burada Qafqaz alban, erməni, gürcü və Xristian Fələstin aramicəsində yazılmış ən azı altı ilkin kodeksin qalıqları müəyyən edilmişdir.
Qafqaz alban aşağı mətnləri ən azı iki ilkin kodeksdən gəlir. Bunlardan birincisi İohann İncilinin bütöv mətnini ehtiva etmiş İncil kitabı, ikincisi isə müxtəlif Bibliya kitablarından seçilmiş liturgik-biblik oxular toplusu olmuşdur. İkinci kodeks ilk tədqiqatlarda və Şarl Renunun () monoqrafiyasında "Qafqaz alban leksionarı" kimi adlandırılmışdır; lakin yeni kodikoloji rekonstruksiya onun klassik təqvim ardıcıllığına malik leksionar deyil, daha qədim liturgik materialın Bibliya kitablarının növlərinə görə yenidən təşkil edilmiş toplusu ola biləcəyini göstərmişdir.
Sinay palimpsestləri Qafqaz alban əlifbasının yeganə qorunmuş nümunələri deyil. Əlifbanın 52 işarədən ibarət siyahısı Matenadaran MS 7117-də qorunmuş, Qafqaz Albaniyasının tarixi ərazisindən, xüsusilə Mingəçevirdən isə Qafqaz alban yazısında epiqrafik abidələr aşkar edilmişdir. Sinay palimpsestlərinin müstəsna əhəmiyyəti onların Qafqaz alban dilində məlum olan yeganə geniş həcmli əlyazma mətn korpusunu təşkil etməsidir.
Əlyazmaların deşifrə edilməsi Qafqaz alban dilinin fonologiyasını, qrammatikasını və leksikasını ilk dəfə geniş mətn materialı əsasında öyrənməyə, onun müasir udi dili ilə yaxın genealogik münasibətini müəyyənləşdirməyə, Qafqaz Albaniyasındakı Bibliya tərcümə ənənəsini və kilsə liturgiyasını yenidən qiymətləndirməyə imkan vermişdir.
Tarixi zəmin
Qafqaz alban yazısı haqqında erkən məlumatlar
Qafqaz Albaniyasında ayrıca yazı sisteminin yaradılması haqqında əsas erkən mənbələrdən biri V əsr erməni müəllifi Koryunun "Maştotsun həyatı" () əsəridir. Koryunun məlumatına görə, Mesrop Maştots Beniamin adlı bir albanın köməyi ilə alban dilinin səslərini öyrənmiş və bu dil üçün yazı işarələri hazırlamışdır.
Mənbədə Beniamin "alban nəslindən olan" şəxs kimi təqdim edilir. Buna görə onun sonrakı ədəbiyyatda bəzən keşiş, ruhani və ya tərcüməçi kimi təqdim olunmasına ehtiyatla yanaşılmalıdır; Koryunun bu hissəsində onun dəqiq kilsə və ya ictimai statusu göstərilmir.
Koryun alban dilinin səslərinin araşdırılmasını təsvir edərkən onun "barbar" sözlərindən və ya nitqindən bəhs edir. Buradakı "barbar" ifadəsi müasir etnik və ya mədəni qiymətləndirmə kimi deyil, antik və erkən orta əsr müəlliflərinin yunan və ya öz dillərindən fərqli dilləri və nitqi təsvir etmək üçün istifadə etdikləri tarixi terminologiya çərçivəsində başa düşülür.
Koryunun sonrakı məlumatına görə, Maştots Albaniyaya gedərək ölkənin hökmdarı Arsuał və yepiskop Yeremiya ilə görüşmüşdür. Hökmdar və yepiskop yeni yazının qəbul edilməsinə razılıq vermiş, ölkənin müxtəlif bölgələrindən gənclərin toplanması və onlara yeni yazının öyrədilməsi üçün məktəblərin yaradılması təşkil edilmişdir. Koryunun məlumatında bundan sonra yepiskop Yeremiyanın "ilahi kitabların" tərcüməsinə başladığı bildirilir. Müəllif bu fəaliyyətin nəticəsini təsvir edərkən albanların peyğəmbərləri tanıdıqlarını, həvarilərlə tanış olduqlarını və İncilin varislərinə çevrildiklərini qeyd edir.
Koryunun sadaladığı bu üç geniş mətn kateqoriyasının Sinay palimpsestlərində qorunmuş Qafqaz alban Bibliya materialı ilə diqqətəlayiq uyğunluğu vardır. Sinay korpusunda Yeşaya və Zəbur Əhdi-Ətiq və peyğəmbərlik ənənəsini, Pavel məktubları, Həvarilərin işləri və Ümumi məktublar Apostol korpusunu, Matfey, Mark, Luka və İohann isə İncil ənənəsini təmsil edir. Beləliklə, Sinay materialı Koryunun Qafqaz Albaniyasında xristian mətnlərinin yerli dilə tərcüməsi haqqında verdiyi məlumatın ümumi tarixi çərçivəsi ilə uyğun gəlir.
Bununla belə, Sinay əlyazmalarının özündə Maştotsun, Beniaminin və ya Yeremiyanın adı çəkilmir. Buna görə palimpsestlər Qafqaz alban yazısı və Bibliya tərcümə ənənəsinin mövcudluğunu müstəqil şəkildə təsdiqləsə də, əlifbanın konkret müəllifliyini və ya qorunmuş Bibliya mətnlərinin birbaşa Yeremiyanın rəhbərliyi altında hazırlanmış ilk tərcümələrdən gəldiyini sübut etmir.
Koryunun mətni Bibliyanın bütün kanonik kitablarının bir dəfəyə və bütövlükdə Qafqaz alban dilinə tərcümə edildiyini də bildirmir. Mənbədə ümumi şəkildə "ilahi kitabların" tərcüməsindən və peyğəmbərlər, həvarilər və İncillə tanışlıqdan bəhs edilir. Buna görə Koryunun məlumatından V əsrdə artıq bütün Bibliyanın tam Qafqaz alban tərcüməsinin mövcud olması nəticəsini çıxarmaq mümkün deyil. Sinay mətnlərində müşahidə olunan müxtəlif mətn və redaksiya xüsusiyyətləri isə Qafqaz alban Bibliya ənənəsinin daha uzunmüddətli inkişaf prosesinin nəticəsi ola biləcəyini göstərir.
Qafqaz alban yazısının bəzən "qarqar dili" ilə əlaqələndirilməsi də ayrıca historiqrafik məsələdir. Koryunun yuxarıdakı məlumatında Maştotsun yaratdığı yazı "alban dili" ilə əlaqələndirilir; mətn bu hadisəni "qarqar dili üçün əlifbanın yaradılması" kimi təqdim etmir. Qafqaz alban dili ilə qarqarların dili arasındakı əlaqə daha sonrakı mənbələrin və Qafqaz Albaniyasının etnolinqvistik quruluşuna dair müasir elmi interpretasiyaların ayrıca problemidir.
Qafqaz alban əlifbasının yenidən aşkar edilməsi 200px|thumb|right|Matenadaran MS 7117 əlyazmasından alban əlifbasının qeyd edildiyi ilk səhifə Koryunun Qafqaz alban yazısının yaradılması haqqında məlumatına baxmayaraq, XX əsrin əvvəllərinədək elmə bu əlifbanın etibarlı şəkildə müəyyən edilmiş heç bir geniş nümunəsi məlum deyildi. Vəziyyət 1937-ci ildə gürcü alim İliya Abuladzenin Matenadaranda saxlanılan MS 7117 nömrəli erməni əlyazmasında Qafqaz alban əlifbasının siyahısını aşkar etməsi ilə dəyişdi.
Abuladzenin tapıntısı haqqında ilk nəşr 1938-ci ildə çap edilmişdir. Həmin il Akaki Şanidze də əlifba siyahısının ilk elmi təhlillərindən birini nəşr etdirmişdir.
MS 7117 müxtəlif yazı sistemləri haqqında materialların toplandığı didaktik xarakterli erməni kodeksidir. Əlyazmada erməni, ibrani, yunan, ərəb, latın, gürcü və kopt yazıları haqqında materiallarla yanaşı Qafqaz alban əlifbasının siyahısı da verilmişdir. Qafqaz alban siyahısı gürcü və kopt əlifbaları haqqında bölmələrin arasında yerləşir.
Siyahının başlığında erməni qrafikası ilə (ałowanicʿ girn), yəni "albanların yazısı" ifadəsi verilmişdir. Bu başlıq siyahının hansı yazı sisteminə aid olduğunu müəyyənləşdirməyə imkan verən əsas göstəricilərdən biri olmuşdur.
Hazırkı foliolasiyaya görə Qafqaz alban əlifbasının siyahısı MS 7117-nin 145r–145v vərəqlərində yerləşir. Əvvəlki elmi ədəbiyyatda həmin vərəqlərə 142r–142v kimi istinad edilməsinə də rast gəlinir; bu nömrələr əlyazmanın əvvəlki foliolasiyasına aiddir.
Siyahı əlifba sırası ilə düzülmüş 52 işarədən ibarətdir və 11 sətirdə yerləşdirilmişdir. Qafqaz alban hərflərinin altında onların adları erməni qrafikası ilə transkripsiya edilmişdir. Məhz bu transkripsiyalar Sinay palimpsestlərinin aşkar edilməsindən əvvəl Qafqaz alban hərflərinin mümkün fonetik dəyərlərinin müəyyənləşdirilməsi üçün əsas vasitələrdən biri olmuşdur.
Bununla belə, MS 7117-dəki hərf formaları və onların erməni qrafikası ilə verilmiş adları bütün hallarda etibarlı şəkildə qorunmamışdır. Əlyazmanı köçürən katiblərin Qafqaz alban yazısını praktik olaraq bilməməsi nəticəsində bir sıra işarələrin formaları və hərf adları təhrif edilmişdir. Buna görə yalnız MS 7117 əsasında əlifbanın fonetik sisteminin tam və etibarlı rekonstruksiyası mümkün olmamışdır.
Əlyazmanın mənşəyi Metsoplu Tovmanın məktəbi ilə əlaqələndirilir. Buna görə MS 7117 Qafqaz alban dilində yazılmış qədim əlyazma deyil, Qafqaz alban əlifbası haqqında məlumatı daha sonrakı erməni əlyazma ənənəsində qorumuş metaqrafik mənbədir. Əlifba siyahısının orta əsr nüsxəsində qorunması onun prototipinin də həmin dövrdə yaradıldığı mənasına gəlmir.
MS 7117-nin aşkar edilməsindən sonra Qafqaz alban əlifbasının işarələri Qafqaz Albaniyasının tarixi ərazisində aşkar edilmiş epiqrafik materiallarla müqayisə edilməyə başlanmışdır. 1946–1953-cü illərdə Mingəçevir yaxınlığındakı Sudağılan ərazisində aparılan arxeoloji qazıntılar zamanı Qafqaz alban yazısına aid edilən qısa kitabələr daşıyan bir sıra artefaktlar aşkar edilmişdir. Bunların arasında sonrakı tədqiqatlarda xaç postamenti kimi müəyyən edilən, təxminən 70 × 70 sm ölçülü dördtərəfli daş abidə xüsusilə mühüm yer tutur.
Lakin Sinay palimpsestlərinin aşkar edilməsindən əvvəl Qafqaz alban dilinin qrammatik quruluşu məlum olmadığından Mingəçevir kitabələrinin oxunması üçün edilən ilk cəhdlər əsasən MS 7117-dəki hərf adlarına və ehtimal olunan fonetik dəyərlərə əsaslanırdı. Bu səbəbdən erkən oxunuşların bir hissəsi sonrakı tədqiqatlarda yenidən nəzərdən keçirilmişdir.
1990-cı illərdə Müqəddəs Yekaterina monastırında Qafqaz alban dilində geniş həcmli palimpsest mətnlərinin müəyyən edilməsi əlifbanın tədqiqində əsas dönüş nöqtəsi oldu. MS 7117-dəki əlifba siyahısı Sinay əlyazmalarındakı naməlum yazının Qafqaz alban yazısı kimi identifikasiyasına imkan verən əsas vasitələrdən biri olmuş, Sinay mətnləri isə öz növbəsində MS 7117-də təhrif olunmuş hərf formalarının və adlarının yenidən qiymətləndirilməsinə şərait yaratmışdır.
Beləliklə, MS 7117 ilə Sinay palimpsestləri bir-birini qarşılıqlı şəkildə izah edən iki fərqli mənbədir: MS 7117 əlifbanın identifikasiyasına, Sinay palimpsestləri isə onun real fonetik və qrafik sisteminin bərpasına imkan vermişdir.
Sinay korpusu əsasında MS 7117-də göstərilən 52 işarədən 50-sinin real Qafqaz alban mətnlərində attestasiya olunduğu müəyyən edilmişdir. Əlifbanın rəqəm funksiyasının müəyyən edilməsi də MS 7117-də qorunmuş əlifba ardıcıllığının düzgünlüyünü müstəqil şəkildə yoxlamağa imkan vermişdir; rəqəm istifadəsi ən azı ilk 21 hərfin siyahıdakı ardıcıllığını təsdiqləyir.
Beləliklə, Qafqaz alban əlifbasının müasir elmdə yenidən öyrənilməsi üç əsas mənbə qrupunun qarşılıqlı müqayisəsinə əsaslanır: MS 7117-də qorunmuş orta əsr əlifba siyahısı, Mingəçevir və digər epiqrafik materiallar və Sinay palimpsestlərində qorunmuş geniş Qafqaz alban mətn korpusu.
Əlyazmasının tarixi
1975-ci il "Yeni tapıntılar"ı 270px|thumb|left|Müqəddəs Yekaterina monastırının ümumi görünüşü. Əlyazmalar monastır ərazisində qədim kitabxana kolleksiyası tərkibində aşkar edilmişdir. 1975-ci ildə Müqəddəs Yekaterina monastırında həyata keçirilən bərpa işləri zamanı monastır kitabxanasının tarixində mühüm əhəmiyyət daşıyan böyük əlyazma kompleksi aşkar edilmişdir. Sonrakı elmi ədəbiyyatda bu materiallar "Yeni tapıntılar" () adı ilə tanınmışdır.
Əlyazmalar 25 may 1975-ci ildə monastırın şimal divarındakı qüllədə aparılan bərpa işləri zamanı, həmin dövrdə monastırın skevofilaksı olan arximandrit Sofronius tərəfindən aşkar edilmişdir. Tapıntının meydana çıxması məqsədli əlyazma axtarışının deyil, qüllənin təmiri zamanı əvvəllər qapalı qalmış sahənin açılmasının nəticəsi idi.
Əlyazmaların aşkar edildiyi otaq əvvəlki əsrlərdə əlyazmaların saxlanılması üçün istifadə olunmuşdu. XVIII əsrin əvvəllərində kitabların başqa yerə köçürülməsi zamanı zədələnmiş vərəqlər və fraqmentlərin bir hissəsi burada qalmışdı. Monastırın məlumatına görə, sonrakı zəlzələ zamanı otağın üstündəki döşəmənin çökməsi həmin materialları gizlətmiş və onlar qüllənin bərpasına qədər görünməz vəziyyətdə qalmışdı.
Aşkar edilmiş material vahid dilə və ya bir əlyazma ənənəsinə aid deyildi. "Yeni tapıntılar" arasında çoxsaylı yunan əlyazmaları ilə yanaşı ərəb, süryani, slavyan və gürcü əlyazmaları, həmçinin ibrani, latın və efiop dillərində mətnlər müəyyən edilmişdir. Bu çoxdilli tərkib Müqəddəs Yekaterina monastırı kitabxanasının əsrlər boyu müxtəlif Şərq xristian və digər əlyazma ənənələrinin qorunduğu mərkəz kimi fəaliyyət göstərməsi ilə əlaqələndirilir.