Abidin İtil və ya Zeynalabdin Həsən oğlu () — azərbaycanlı poliqlot, hindşünas alim.
Ankara Universitetini bitirdikdən sonra akademik təhsilini davam etdirib və 1963-cü ildə professor adını alıb. Elmi fəaliyyətini əsasən hindşünaslıq, sanskrit dili və Şərq ədəbiyyatlarının öyrənilməsinə həsr edib. 1961-ci il oktyabrın 20-də Ankarada təsis edilmiş Türk Kültürünü Araşdırma İnstitutunun yaradıcılarından biri və ilk sədri olub. Bir müddət Almaniyanın Vürtsburq şəhərində yerləşən Yulius Maksimilian Universitetində çalışıb. Türkiyədə ilk türk, hindşünas kimi tanınıb.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı siyasi mühacirlər və onların yaratdıqları təşkilatlarla əlaqə saxlayıb. 1952-ci ildə Azərbaycan Kültür Dərnəyinin nəzarət-təftiş heyətinə üzv seçilib.
Həyatı Zeynalabdin Həsən oğlu 1910-cu il aprelin 2-də Bakıda anadan olub. İbtidai və orta təhsilini Bakıda aldıqdan sonra 1928-ci ildə bacıları və digər yaxın qohumları ilə birlikdə İrana köçüb. Bir müddət burada yaşayıb, daha sonra təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedib.
Türkiyədə Türk ocaqları təşkilatının sədri Həmdullah Sübhi Tanrıövərin dəstəyi ilə Ədirnə Kişi Müəllim Məktəbinə qəbul olunub. Bu dövrdə Türkiyə vətəndaşlığını qəbul edərək "Abidin İtil" adını götürüb. 1935-ci ildə müəllimlik təhsilini başa vurduqdan sonra Türkiyə Təhsil Nazirliyinin təyinatı ilə Urfada pedaqoji fəaliyyətə başlayıb.
Urfadakı müəllimlik fəaliyyətindən sonra Ankara Universitetinin yeni yaradılmış Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub. Fakültənin ilk məzunları sırasında yer alan İtil təhsilini doktorantura pilləsində davam etdirib. 1942-ci il mayın 1-də həmin fakültədə assistent vəzifəsinə təyin edilib. Akademik fəaliyyətinin bu mərhələsində Ərzurumdakı Ehtiyat Zabit Məktəbində hərbi xidmət keçib. 1944-cü il mayın 23-də "Bhavişya Purana" mövzusunda dissertasiyasını müdafiə edərək doktorluq dərəcəsi alıb.
1945-ci ilin sonlarında fakültə rəhbərliyində müdir müavini vəzifəsinə gətirilib. 1946-cı il iyunun 19-da dosent elmi adını alıb. Həmin il professor, hindşünas alim, Valter Ruben və dosent Fərrux Sanırla birlikdə Konya və Tuz gölü ətrafında elmi tədqiqatlarda iştirak edib.
Elmi fəaliyyətini əsasən hindşünaslıq, sanskrit dili və Şərq ədəbiyyatlarının öyrənilməsinə həsr edib. 1958-ci il dekabrın 25-dən etibarən Hindistanın Puna Universiteti nəzdindəki Bhandarkar Şərqşünaslıq Tədqiqat İnstitutunda bir il müddətində araşdırmalar aparıb. 1961-ci il oktyabrın 20-də Ankarada təsis edilmiş Türk Kültürünü Araşdırma İnstitutunun yaradıcılarından biri və ilk sədri olub.
1963-cü il dekabrın 30-da professor elmi adını alıb. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində Hindşünaslıq bölməsinə, həmçinin Şərq Dilləri və Ədəbiyyatları Araşdırma İnstitutuna rəhbərlik edib. Sonuncu institutun nəşr etdiyi elmi jurnalın idarə olunmasında da iştirak edib.
1971-ci ildə dörd ay müddətində Almaniyanın Vürtsburq şəhərində yerləşən Yulius Maksimilian Universitetində çalışıb. 1975-ci il noyabrın 1-də akademik fəaliyyətini başa vuraraq təqaüdə çıxıb və sonralar İstanbula köçüb.
Abidin İtil 1980-ci il noyabrın 8-də vəfat edib. İstanbulun Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.
Elmi və ictimai fəaliyyəti Abidin İtilin elmi araşdırmaları hindşünaslıq və sanskrit mətnlərinin tədqiqi ilə bağlı olub. Bu sahələr üzrə bir sıra əsərlər hazırlayıb, eləcə də müxtəlif elmi nəşrlərlə əməkdaşlıq edib. Alman, ingilis, fars və rus dillərini bilib. Onun elmi irsinə sanskrit dilinin öyrənilməsinə həsr edilmiş "Sanskrit Kılavuzu" və hindşünaslıq mövzusunda digər tədqiqatlar daxildir. Müəllimi Valter Rubenin "Buddizm tarixi" əsərini türk dilinə tərcümə edib. Bundan başqa, "Türk Ensiklopediyası" üçün müxtəlif mövzularda 14 məqalə qələmə alıb.
Türkiyədə yaşadığı müddətdə azərbaycanlı siyasi mühacirlər və onların yaratdıqları təşkilatlarla əlaqələr saxlayıb. 1952-ci il yanvarın 27-də keçirilmiş Azərbaycan Kültür Dərnəyinin illik qurultayında təşkilatın nəzarət-təftiş heyətinə üzv seçilib.
Ailəsi Zeynalabdin bəy Həsən bəy və Ayşə xanımın ailəsində anadan olub. Kiçik yaşlarında valideynlərini itirib.
1940-cı ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Alman dili bölməsinin məzunu Afifə xanımla ailə həyatı qurub. Həyat yoldaşı Qazi Təhsil İnstitutunda çalışıb və sonradan həmin müəssisədən təqaüdə çıxıb. Cütlüyün övladı olmayıb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan Kültür Dərnəyinin üzvləri Kateqoriya:Hindşünaslar