Avropa Yəhudilərinin Bakı Dini İcması — Avropa yəhudilərinin (aşkenazilərin) Bakı şəhərində fəaliyyət göstərən dini icması.

Tarixi Avropa Yəhudilərinin Bakı Dini İcması 1945–1946-cı illərdən fəaliyyət göstərməyə başlamışdır. İkinci Dünya müharibəsindən sonra Bakıdakı Avropa və Gürcüstan yəhudilərinin dini icmalarının fəaliyyəti bərpa edilmiş və onların birgə ibadəti üçün şəhərin mərkəzində müharibə illərində hərbi sursat anbarı kimi istifadə olunmuş bina ayrılmışdır.

Sovet dövründə fəaliyyətini davam etdirən icma Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fəaliyyətini genişləndirmişdir. İcma 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ilk dəfə dövlət qeydiyyatına alınmış, 2009-cu ildə isə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra yenidən dövlət qeydiyyatından keçmişdir.

2002-ci ildə Bakıdakı Avropa və Gürcüstan yəhudiləri üçün yeni sinaqoqun tikintisinə qərar verilmişdir. Memar Aleksandr Harberin layihəsi əsasında Nəsimi rayonunda, köhnə ibadət binasının yerində üçmərtəbəli sinaqoq inşa edilmişdir. Hər iki dini icmanın birgə ibadəti üçün nəzərdə tutulmuş yeni sinaqoqun açılışı 9 mart 2003-cü ildə baş tutmuşdur.

Bakıdakı Avropa yəhudilərinin dini icması, əsasən, İsrail, Rusiya və digər ölkələrdə yaşayan yəhudilərin maliyyə yardımları hesabına fəaliyyət göstərir. 2011-ci ildən icmaya dövlət büdcəsindən də maliyyə yardımı ayrılmışdır. Bundan əlavə, icmanın fəaliyyətinin dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılmışdır.

İcma Avropa yəhudilərinin dini və mədəni ənənələrinin qorunması, digər dini icmalar və beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərərək dinlərarası dialoqla bağlı yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Avropa Yəhudilərinin Bakı Dini İcması həmçinin Ümumdünya Yəhudi Konqresinin Azərbaycandakı üzv təşkilatıdır.

Rəhbərlik M. Xaykin — sədr (1990–1992) L. Ginzburq — sədr (1992–1995) Mixail Bekker — sədr (1995–2001) Gennadi Zelmanoviç — sədr (2001–2016) Aleksandr Şarovski — sədr (2017–2026)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanda iudaizm Kateqoriya:Azərbaycandakı dini təşkilatlar Kateqoriya:Aşkenazi yəhudi mədəniyyəti Kateqoriya:Aşkenazi yəhudiləri