Həzm fermentləri həzm prosesinin mexaniki mərhələsindən sonra baş verən kimyəvi mərhələsində iştirak edir. Qida zülalların, karbohidratların və yağların makromolekullarından ibarətdir. Bu makromolekullar qana sorulmazdan əvvəl ağız boşluğunda, mədədə, mədəaltı vəzinin ifraz etdiyi fermentlərin təsiri ilə və onikibarmaq bağırsaqda kimyəvi parçalanmaya məruz qalmalıdır. İlkin parçalanma çeynəmə (mastikasiya) və tüpürcəkdə olan həzm fermentlərinin təsiri nəticəsində baş verir. Qida mədəyə daxil olduqdan sonra əlavə mexaniki qarışdırılma prosesi baş verir və qida ifraz olunan mədə şirəsi ilə qarışır. Mədənin həzm fermentləri sorulma üçün zəruri olan bəzi kimyəvi proseslərdə iştirak edir. Fermentativ aktivliyin və bununla əlaqədar qida maddələrinin sorulmasının böyük hissəsi onikibarmaq bağırsaqda baş verir.

Həzm fermentləri heyvanların, o cümlədən insanların həzm sistemində, həmçinin ətyeyən bitkilərin həzm strukturlarında mövcuddur və qidanın həzm olunmasına kömək edir. Bu fermentlər hüceyrələrin daxilində, xüsusilə onların lizosomlarında da olur və burada hüceyrələrin həyat qabiliyyətinin qorunmasında iştirak edir.

Həzm fermentləri təsir göstərdikləri substratlara görə təsnif edilir: lipazalar yağları və bitki yağlarını yağ turşularına və qliserola parçalayır; proteazalar və peptidazalar zülalları kiçik peptidlərə və amin turşularına parçalayır; amilazalar nişasta kimi mürəkkəb karbohidratların parçalanmasında iştirak edərək onların qlükoza kimi monosaxaridlərə (sadə şəkərlərə) çevrilməsinə kömək edir; nukleazalar isə nuklein turşularını nukleotidlərə parçalayır.

Növləri

Həzm fermentləri mədə-bağırsaq traktının böyük hissəsində mövcuddur. İnsanın həzm sistemində həzmin baş verdiyi əsas nahiyələr ağız boşluğu, mədə və nazik bağırsaqdır. Həzm fermentləri müxtəlif ekzokrin vəzilər, o cümlədən tüpürcək vəziləri, mədə vəziləri, mədəaltı vəzinin sekretor hüceyrələri və nazik bağırsaqın sekretor vəziləri tərəfindən ifraz olunur. Bəzi ətyeyən bitkilərdə isə tutulan orqanizmlərin parçalanması üçün bitkilərə xas həzm fermentlərindən istifadə olunur. Ağız boşluğu Qəbul edilən mürəkkəb qida maddələri orqanizm tərəfindən sorulmazdan əvvəl sadə, həll olan və diffuziya edə bilən maddələrə parçalanmalıdır. Ağız boşluğunda tüpürcək vəziləri həzm prosesinə, həmçinin dezinfeksiyaya kömək edən müxtəlif fermentlər və maddələr ifraz edir. Bunlara aşağıdakılar daxildir:Brown, Thomas A. "Rapid Review Physiology." Mosby Elsevier, 1st Ed. p. 235

Dil lipazası: Siçanlar və siçovullar kimi bəzi qeyri-insan heyvanlarında lipidlərin həzmi ağız boşluğunda başlayır. Dil lipazası (insanın mədə lipazası ilə homolog olan ferment) lipidlərin və yağların həzm prosesini başladır. Tüpürcək amilazası: Karbohidratların həzmi də ağız boşluğunda başlayır. Tüpürcək vəziləri tərəfindən sintez olunan amilaza mürəkkəb karbohidratları, əsasən bişirilmiş nişastanı daha qısa molekulyar zəncirlərə və hətta sadə şəkərlərə qədər parçalayır. Bu ferment bəzən ptialin də adlandırılır. Lizozim: Qidanın tərkibində yalnız orqanizm üçün zəruri olan qida maddələri deyil, həmçinin bakteriyalar və viruslar kimi mikroorqanizmlər də ola bilər. Lizozim həzm prosesində məhdud və qeyri-spesifik, lakin faydalı antiseptik funksiya yerinə yetirir.

Tüpürcək vəziləri iki növə bölünür:

Seroz vəzilər: Bu vəzilər su, elektrolitlər və fermentlərlə zəngin sekret ifraz edir. Seroz ağız vəzilərinə tipik nümunə qulaqətrafı tüpürcək vəzidir. Qarışıq vəzilər: Bu vəzilərin tərkibində həm seroz hüceyrələr, həm də selikli hüceyrələr mövcuddur. Onlara dilaltı tüpürcək vəzi və çənəaltı tüpürcək vəzi aiddir. Bu vəzilərin ifraz etdiyi sekret musinlə zəngin və yüksək özlülüyə malikdir.

Mədə

Mədədə ifraz olunan fermentlər mədə fermentləri adlanır. Mədə həzm prosesində mühüm rol oynayır. Bu orqan həm qidanın qarışdırılması və xırdalanması vasitəsilə mexaniki həzmdə, həm də fermentlərin təsiri ilə baş verən kimyəvi həzmdə iştirak edir. Mədədə sintez olunan fermentlər və onların müvafiq funksiyaları aşağıdakılardır:

Pepsin mədənin əsas həzm fermentidir. O, mədənin əsas hüceyrələri tərəfindən qeyri-aktiv pepsinogen şəklində sintez olunur. Pepsinogen zimogen, yəni fermentin qeyri-aktiv ilkin formasıdır. Daha sonra pepsinogen mədə turşusunun təsiri ilə aktivləşərək pepsinə çevrilir. Pepsin qidanın tərkibindəki zülalları peptid fraqmentləri və amin turşuları kimi daha kiçik hissəciklərə parçalayır. Beləliklə, həzmi ağız boşluğunda başlayan karbohidrat və lipidlərdən fərqli olaraq, zülalların həzmi əsasən mədədə başlayır. Bununla belə, ağız boşluğundakı tüpürcəkdə müəyyən zülalların katabolizmini həyata keçirən kallikrein fermentinə də çox az miqdarda rast gəlinir.

Mədə lipazası: Mədə lipazası mədənin fundal selikli qişasında yerləşən mədənin əsas hüceyrələri tərəfindən ifraz olunan turş xassəli lipaza fermentidir. Onun optimal fəaliyyəti üçün pH diapazonu 3–6 arasındadır. Mədə lipazası dil lipazası ilə birlikdə iki turş lipaza növünü təşkil edir. Bu lipazalar qələvi lipazalardan, məsələn, pankreatik lipazadan fərqli olaraq, optimal fermentativ fəaliyyət üçün öd turşularına və ya kolipazaya ehtiyac duymur. Yetkin insanlarda həzm zamanı baş verən lipid hidrolizinin təxminən 30%-i turş lipazaların hesabına həyata keçirilir. Bu iki turş lipaza arasında mədə lipazasının payı daha böyükdür. Yenidoğulmuşlarda isə turş lipazalar daha mühüm əhəmiyyət daşıyır və ümumi lipolitik aktivliyin 50%-ə qədərini təmin edir.

Katepsin F: Sistein proteazalar qrupuna aid olan fermentdir.

Mədəaltı vəzi

Mədəaltı vəzi həm endokrin vəzi, həm də ekzokrin vəzi funksiyasını yerinə yetirir. Endokrin vəzi kimi o, qlükoza mübadiləsini tənzimləyən və birbaşa qan dövranına ifraz olunan insulin və qlükaqon kimi hormonları sintez edir. Ekzokrin vəzi kimi isə həzm fermentləri ilə zəngin olan pankreatik şirəni ifraz edir. Bu şirə mədəaltı vəzi axacağı vasitəsilə onikibarmaq bağırsaqa daxil olur. Mədəaltı vəzinin həzm, yəni ekzokrin funksiyası orqanizmin sağlamlığının qorunması baxımından onun endokrin funksiyası qədər əhəmiyyətlidir.

Mədəaltı vəzinin parenximasında yerləşən iki əsas hüceyrə qrupu həzm prosesində iştirak edən maddələrin və fermentlərin sintezini təmin edir:

Axacaq hüceyrələri: Bu hüceyrələr əsasən bikarbonat (HCO3) sintezinə cavabdehdir. Bikarbonat mədə qapıcısı vasitəsilə onikibarmaq bağırsağa daxil olan turş mədə ximusunun turşuluğunu neytrallaşdırır. Mədəaltı vəzinin axacaq hüceyrələri bikarbonatla zəngin sekretin ifraz olunması üçün sekretin hormonu tərəfindən stimullaşdırılır. Bu proses mahiyyət etibarilə bioloji əks-əlaqə mexanizmi əsasında həyata keçirilir. Yüksək turşuluğa malik mədə ximusu onikibarmaq bağırsağa daxil olduqda, bağırsaqda yerləşən və "S hüceyrələri" adlanan hüceyrələri sekretin hormonunu sintez etməyə və qan dövranına ifraz etməyə stimullaşdırır. Qana daxil olan sekretin sonradan mədəaltı vəzinin axacaq hüceyrələrinə çataraq onları bikarbonatla zəngin pankreatik şirə ifraz etməyə sövq edir. Sekretin həmçinin "G hüceyrələri" tərəfindən qastrin hormonunun sintezini inhibə edir və mədəaltı vəzinin asinar hüceyrələrini pankreatik fermentlərin sintezinə stimullaşdırır. Asinar hüceyrələr: Əsasən həm aktiv, həm də qeyri-aktiv pankreatik fermentlərin (zimogenlərin) istehsalına cavabdehdir. Bu fermentlər nazik bağırsağa daxil olduqdan sonra aktivləşir və zülalları, yağları, həmçinin DNT və RNT-ni parçalayaraq əsas həzm funksiyalarını yerinə yetirir. Asinar hüceyrələr onikibarmaq bağırsağın bağırsaq hüceyrələri (I hüceyrələri) tərəfindən istehsal olunan hormon və neyromediator xolesistokinin (CCK) vasitəsilə stimullaşdırılır. Xolesistokinin pankreatik zimogenlərin istehsalını stimullaşdırır.

Həm axacaq, həm də asinar hüceyrələrin ifrazatından ibarət olan mədəaltı vəzi şirəsi aşağıdakı həzm fermentlərini ehtiva edir:Bowen, R. "Exocrine Secretion of the Pancreas" Tripsinogen — qeyri-aktiv (zimogen) proteazadır. Onikibarmaq bağırsaqda tripsinə çevrilərək aktivləşdikdən sonra zülalları əsas xassəli amin turşularının yerləşdiyi nahiyələrdə parçalayır. Tripsinogen onikibarmaq bağırsaq fermenti olan enterokinaza vasitəsilə aktiv forması — tripsinə çevrilir. Ximotripsinogen — qeyri-aktiv (zimogen) proteazadır. Tripsinin təsiri ilə aktivləşərək ximotripsinə çevrilir və zülalları aromatik amin turşularının yerləşdiyi nahiyələrdə parçalayır. Karboksipeptidaza — zülalın karboksil ucundan sonuncu amin turşusunu ayıran proteazadır. Müxtəlif elastazalar — elastin zülalını və bəzi digər zülalları parçalayır. Pankreatik lipaza — triqliseridləri iki yağ turşusuna və bir monoqliseridə parçalayır. Sterol esteraza Fosfolipaza Nukleazalar — nuklein turşularını parçalayan müxtəlif fermentlərdir. Bunlara DNTaza və RNTaza daxildir. Pankreatik amilaza — alfa-qlikozid rabitələri ilə birləşmiş qlükoza polimerləri olan nişasta və qlikogeni parçalayır. İnsan orqanizmində beta-qlikozid rabitələri ilə birləşmiş qlükoza polimeri olan sellülozanı həzm etmək üçün lazım olan sellülaza fermentləri yoxdur.

Yuxarıda göstərilən endogen fermentlərin bəzilərinin farmasevtik analoqları (pankreatik ferment preparatları) mövcuddur. Bu preparatlar mədəaltı vəzinin ekzokrin çatışmazlığı olan şəxslərə təyin edilir.

Mədəaltı vəzinin ekzokrin funksiyasının yüksək etibarlılığını təmin edən amillərdən biri də vəzi şirəsinin ifrazını tənzimləyən bioloji əks-əlaqə mexanizmləridir. Mədəaltı vəzi şirəsinin tarazlığının və istehsalının saxlanılması üçün aşağıdakı mühüm əks-əlaqə mexanizmləri vacibdir:Brown, Thomas A. "Rapid Review Physiology." Mosby Elsevier, 1st Ed. p. 244 Sekretin — mədədən daxil olan və yüksək hidrogen ionları konsentrasiyasına (yüksək turşuluğa) malik ximusun təsirinə cavab olaraq onikibarmaq bağırsağın "S hüceyrələri" tərəfindən istehsal olunan hormondur. Sekretin qana ifraz olunur və həzm sisteminə təsir göstərərək mədənin boşalmasını ləngidir, mədəaltı vəzinin axacaq hüceyrələrinin sekresiyasını artırır, həmçinin asinar hüceyrələri zimogenlərlə zəngin şirə ifraz etməyə stimullaşdırır. Xolesistokinin (CCK) — tərkibində yüksək miqdarda yağ və ya zülal olan ximusun təsirinə cavab olaraq onikibarmaq bağırsağın "I hüceyrələri" tərəfindən ifraz edilən xüsusi peptiddir. Endokrin hormon olan sekretindən fərqli olaraq, xolesistokinin sinir dövrəsinin stimullaşdırılması vasitəsilə təsir göstərir. Bunun nəticəsində asinar hüceyrələr öz möhtəviyyatını ifraz etməyə stimullaşdırılır. Xolesistokinin həmçinin öd kisəsinin yığılmasını gücləndirir və nəticədə öd əvvəlcə öd kisəsi axacağına, sonra ümumi öd axacağına və nəhayət, onikibarmaq bağırsağa daxil olur. Öd yağları emulsiya halına gətirərək onların sorulmasını asanlaşdırır və sorulma üçün əlçatan səth sahəsini artırır. Öd qaraciyərdə istehsal olunur, lakin öd kisəsində toplanaraq saxlanılır. Mədə inhibitor peptidi (GIP) — tərkibində yüksək miqdarda karbohidrat, zülal və yağ turşuları olan ximusun təsirinə cavab olaraq onikibarmaq bağırsağın selikli qişa hüceyrələri tərəfindən istehsal olunur. GIP-in əsas funksiyası mədənin boşalmasını ləngitməkdir. Somatostatin — onikibarmaq bağırsağın selikli qişa hüceyrələri və mədəaltı vəzinin "delta hüceyrələri" tərəfindən istehsal olunan hormondur. Somatostatin güclü inhibitor təsirə malikdir və bu təsirə mədəaltı vəzinin sekretor fəaliyyətinin zəiflədilməsi də daxildir.

Onikibarmaq bağırsaq

Onikibarmaq bağırsaqda aşağıdakı fermentlər və hormonlar istehsal olunur: Sekretin — mədə ximusunun turşuluğuna cavab olaraq onikibarmaq bağırsağın "S hüceyrələri" tərəfindən istehsal olunan endokrin hormondur.