Gavurarx və ya Muğan Govurarxı — Muğan düzündə, Araz və Bolqarçay arasındakı ərazidə qalıqları qeydə alınmış qədim suvarma kanalıdır. Arazdan su alan kanal qərbi Muğanın qədim irriqasiya sisteminin tərkib hissəsi olmuşdur. XIX əsrin ikinci yarısında kanalın yatağı və onunla əlaqəli qədim suvarma şəbəkəsinin qalıqları hələ aydın şəkildə müşahidə edilirdi. Gavurarxın çəkilmə vaxtı dəqiq müəyyən edilməmişdir; onun Əhəməni, Atropatena və Sasani dövrləri ilə əlaqələndirilməsi müxtəlif tarixşünaslıq hipotezlərinə və ənənələrə əsaslanır.

Adı

Kanalın adı XIX əsr mənbələrində müxtəlif formalarda qeydə alınmışdır. 1872-ci ildə "Кавказ" qəzetində dərc edilmiş "Муганская степь" ("Muğan düzü") məqaləsində kanallardan biri formasında göstərilmişdir. XX əsrin əvvəllərində İ. A. Mayevski onu ("Muğan Gavurarxı") adlandırmış və Mil və Şirvandakı eyniadlı qədim kanallardan fərqləndirmişdir.

"Gavurarx" adının kanalın ilkin qədim adı olduğu müəyyən edilməmişdir. Tatyana Passek XX əsrin ortalarında Muğanda qədim suvarma kanallarının yerli əhali tərəfindən ümumi şəkildə adlandırıldığını qeyd etmişdir. Teymur Bünyadov isə "Gavurarx" adının Azərbaycanda İslamın yayılmasından sonra meydana çıxmış ola biləcəyini ehtimal etmişdir. Buna görə kanalın özünün yaranma vaxtı ilə "Gavurarx" adının meydana çıxması eyni xronoloji hadisə kimi qəbul edilmir.

1872-ci il təsvirində Gavurarxa paralel uzanan ikinci qədim kanal adı ilə göstərilmişdir. Sonrakı kartoqrafik və meliorasiya mənbələrində "Егин-гяур-арх" və "Yeyin-Gavurarx" kimi birləşik formalara rast gəlinir. Bu adların kanal sisteminin konkret hansı hissələrinə aid olması və iki kanalın sonrakı dövrdə vahid sistem kimi qəbul edilib-edilməməsi tədqiq edilməmişdir.

Yerləşməsi və xüsusiyyətləri

Gavurarx Muğanın qərb hissəsində yerləşən qədim irriqasiya şəbəkəsinin əsas kanallarından biri olmuşdur. 1872-ci il təsvirinə görə, qərbi Muğanda Arazdan çəkilmiş iki böyük paralel qədim kanal mövcud idi. Onlardan biri "Xirnacı (Gavur) arx", digəri isə "Yegün arx" adlandırılırdı. Kanallar İran ərazisindəki Oltan istiqamətindən qərbi Muğan boyunca Bolqarçaya doğru uzanırdı.

Mənbədə hər iki kanalın qalmış yataqlarının eni üç sajendən artıq göstərilir; bu, 6,4 metrdən çox ölçüyə uyğun gəlir. Gavurarxın bərpası ilə bağlı həmin dövrdə hazırlanmış təklifdə isə kanalın "əvvəlki" eni 10 arşın — təxminən 7,1 metr — göstərilmişdir. Bu ölçülər kanalın ilkin tikinti parametrlərini deyil, XIX əsrdə müşahidə edilən və bərpa layihəsində əsas götürülən göstəriciləri əks etdirir.

1872-ci ildə Xirnacı-Gavurarxın Bolqarçaya qədər 70 verstlik hissəsinin təmizlənməsi və dərinləşdirilməsi nəzərdə tutulurdu. Bu məsafə təxminən 74,7 kilometrə bərabərdir və kanalın ümumi qədim uzunluğunu deyil, bərpası nəzərdə tutulan hissəni göstərir.

Həmin mənbəyə görə, kanalın baş hissəsi İran ərazisində, Araz sahilindəki Delyagardin və Oltan sərhəd postlarının qarşısında yerləşirdi. Bu nöqtə Bəhramtəpə postundan Araz boyunca təxminən 25 verst yuxarı göstərilirdi. İ. A. Mayevski də qədim Muğan suvarma sisteminin əsas kanalının Arazdan əvvəl Aslandüz, daha sonra Oltan istiqamətində su götürdüyünü bildirirdi.

Abdulla Fazilinin Tağı Bəhramiyə istinadən verdiyi məlumata görə, Gavurarxın İran Muğanındakı hissəsinin uzunluğu təxminən 100 kilometr olmuş, Muğan ərazisi Arazdan həmin kanal vasitəsilə suvarılmışdır.Tağı Bəhrami. Fərhənge rustai ya dairət əl-məarif-e fəllahi. Tehran, 1316, s. 46; sitat və məlumat üçün bax: Fazili, 1992. Bu rəqəm 1872-ci il mənbəsində göstərilən 70 verstlik bərpa hissəsi ilə eyni coğrafi hissəyə aid edilmədiyindən iki göstəricinin birbaşa müqayisəsi mümkün deyil.

Mayevskinin rekonstruksiyasına görə, Gavurarx daha geniş qədim Muğan suvarma şəbəkəsinin əsas magistrallarından biri olmuşdur. Onun təsvirində Qızılarx və Hakıarx qədim Ovzan sisteminin sonrakı dövrdə bərpa edilmiş hissələri kimi göstərilir və həmin sistemin Muğan Gavurarxından su aldığı bildirilir.

Şəhriyar qədim yaşayış yeri Gavurarxın trassasının müəyyənləşdirilməsi baxımından mühüm topoqrafik göstəricilərdən biridir. 1872-ci il təsvirində Şəhriyar qədim kanal sisteminin əhatəsində yerləşən yaşayış məntəqələri sırasında göstərilmişdir. Qiyasəddin Qeybullayev də Şəhriyar və Ağdam qədim yaşayış yerlərini Gavurarx boyunca yerləşdirirdi. 2012-ci ildə Biləsuvar rayonunda aparılan arxeoloji kəşfiyyatların rəhbəri Arif Məmmədov da Gavurarxın Şəhriyar şəhər yerinin yaxınlığından keçdiyini bildirmişdir.

Tarixi və tədqiqi

Muğanın qədim suvarma sistemlərinin elmi təsvirinə XIX əsrin ortalarında başlanmışdır. Nikolay Toropov 1863-cü ildə "Муганская степь и прежнее течение Аракса" ("Muğan düzü və Arazın əvvəlki məcrası") əsərində Muğandakı qədim suvarma kanallarının qalıqlarını və izlərini təsvir etmiş, 1864-cü ildə "Еще о Муганской степи и о сухих канавах низовьев Аракса" ("Muğan düzü və Arazın aşağı axarındakı quru kanallar haqqında bir daha") məqaləsində mövzuya qayıtmışdır. Lakin məlum materiallar Toropovun təsvir etdiyi kanallardan konkret hansının sonrakı mənbələrdə Gavurarx adlandırıldığını müəyyən etməyə imkan vermir.

Gavurarxın adı və trassası haqqında erkən ətraflı təsvirlərdən biri 1872-ci ildə "Кавказ" qəzetində dərc edilmiş "Muğan düzü" məqaləsində verilmişdir. Məqalədə Xirnacı-Gavurarx və ona paralel Yegün arxın yerləşməsi, ölçüləri, su mənbəyi və bərpa imkanları haqqında məlumatlar təqdim edilmişdir.

1902-ci ildə Mayevski Muğanın suvarılması və təsərrüfatına həsr olunmuş tədqiqatında "Muğan Gavurarxı"nı ayrıca göstərmiş və qədim suvarma şəbəkəsinin quruluşunu bərpa etməyə çalışmışdır.

1946-cı ildə Tatyana Passek Cəfərxan nekropolunun tədqiqinə həsr etdiyi məqalədə Muğanın arxeoloji landşaftını və burada müşahidə edilən geniş qədim irriqasiya sistemini nəzərdən keçirmişdir. Sonrakı Azərbaycan tarixşünaslığında Gavurarx Teymur Bünyadov, Abdulla Fazili, Qiyasəddin Qeybullayev və digər tədqiqatçıların əsərlərində müzakirə edilmişdir.

XXI əsrdə Biləsuvar rayonunda aparılan arxeoloji kəşfiyyatlar Gavurarxın Şəhriyar və bölgənin digər qədim yaşayış yerləri ilə topoqrafik münasibətinə dair əlavə məlumatlar vermişdir.

Tarixləndirilməsi

Gavurarxın çəkilmə vaxtı dəqiq müəyyən edilməmişdir. Kanalın yaranması haqqında ədəbiyyatda müxtəlif tarixləndirmələr mövcuddur. Mayevski XX əsrin əvvəllərində Muğan Gavurarxının Sasani şahı I Qubadın hakimiyyəti dövründə çəkilməsi haqqında rəvayəti qeydə almışdır. Bu məlumat kanal yatağının birbaşa arxeoloji tarixləndirilməsinə əsaslanmır.

Tatyana Passek 1946-cı ildə bütövlükdə Muğanın geniş qədim irriqasiya sisteminin Əhəməni hakimiyyəti dövründə, ehtimalən e.ə. IV əsrdə formalaşmış ola biləcəyini irəli sürmüşdür. Passekin tarixləndirməsi Muğanın qədim məskunlaşma və irriqasiya mənzərəsinə dair ümumi arxeoloji-tarixi hipotez idi və konkret Muğan Gavurarxının yatağının e.ə. IV əsrə stratigrafik tarixləndirilməsi deyildi.

Tağı Bəhrami Gavurarxın çəkilməsini qədim Muğanın "atəşpərəst" əhalisi ilə əlaqələndirmişdir; onun bu fikri və kanal haqqında məlumatları sonradan Abdulla Fazili tərəfindən Atropatenanın təsərrüfat tarixi kontekstində müzakirə edilmişdir. Bununla belə, Gavurarxın konkret Atropatena dövründə çəkildiyini təsdiqləyən birbaşa arxeoloji tarixləndirmə məlum deyil.

Beləliklə, Gavurarxın Əhəməni, Atropatena və Sasani dövrləri ilə əlaqələndirilməsi müxtəlif elmi hipotezlərə və tarixşünaslıq ənənələrinə əsaslanır. Nəşr edilmiş arxeoloji materiallarda Muğan Gavurarxının yatağının tikilmə vaxtını müəyyən edən stratigrafik və ya mütləq tarixləndirmə məlum deyil.

Arxeoloji kontekst

Gavurarxın keçdiyi qərbi Muğan ərazisində antik və ilk orta əsrlərə aid yaşayış və dəfn abidələri qeydə alınmışdır. Şəhriyar və Ağdam ətrafındakı qədim yaşayış yerləri bölgədə uzunmüddətli oturaq məskunlaşmanın mövcudluğunu göstərir.

Arif Məmmədovun 2012-ci ildə verdiyi məlumata görə, Gavurarxın Bolqarçayla birləşdiyi hesab edilən ərazidə e.ə. II əsrə aid küp qəbirlər müəyyən edilmişdir. Məmmədovun məlumatında həmin küp qəbirlərin kanalın çəkilmə vaxtını müəyyən edən stratigrafik material təşkil etdiyi göstərilmir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Atropatena Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Azərbaycan abidələri Kateqoriya:Azərbaycan su kanalları Kateqoriya:Paytakaran Kateqoriya:Azərbaycan arxeologiyası