Səfər xan Qəhrəmani, Səfər xan Qəhrəmanian və ya Səfər xan () — azərbaycanəsilli İran inqilabçısı, fədaisi, siyasi məhbusu. Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatında Marağanın, Urmiyanın şah qoşunlarından təmizlənməsində iştirak edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib.

1946-cı ildə Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qızılbaş Xalq Qoşunları Ordusunun bir neçə fədai və zabitləri ilə birlikdə şah qoşunlarına qarşı aylarla mübarizə aparıb. 1948-ci ildə Urmiyada həbs olunub. Əvvəlcə ölüm hökmünə daha sonra isə ömürlük həbsə məhkum olunub. Müxtəlif illərdə Urmiya, Marağa, Təbriz, Bürazcan və Tehran həbsxanalarında saxlanılıb. Ömrünün 32 ilini həbsxanada keçirib. İran tarixində ən uzun müddət həbsdə qalan siyasi məhbusdur. Həbsxanada olduğu müddətdə digər məhbuslar tərəfindən hörmət əlaməti kimi "Səfər xan" adı alıb.

Həbsdən çıxdıqdan sonra Tehranda yaşayıb. Siyavuş Kəsrani, Söhrab Tahir, Hüseyn Münzəvi kimi şairlər Səfər xan Qəhrəmaniyə şeirlər həsr ediblər. Həbsxana yoldaşları olan Bəhruz Həqqi və Əliəşrəf Dərvişian onun haqqında kitablar yazıblar. Azərbaycan İstiqlal Muzeyində Səfər xan Qəhrəmaniyə aid təsbeh və müştük qorunur.

Həyatı

İlk illəri Səfər Məhəmmədhüseyn oğlu Qəhrəmani 1922-ci il mayın 3-də Şişəvanda anadan olub. İbtidai təhsilini Əcəbşirdə alıb. Lakin imkansızlığa görə orta təhsil ala bilməyib. Müxtəlif işlərdə işləyib. Daha sonra yerli ərbablarla mübarizə aparmağa başlayıb. Azərbaycan ərazisində kəndliləri qorumaq üçün formalaşdırılan qaçaq dəstələrindən birinə rəhbərlik edib. 1941-ci ildə yaradılmış Tudə Partiyasına üzv olub. 150px|thumb|Səfər xan Qəhrəmani 1940-cı illər 1945-ci ildə yaradılmış Azərbaycan Demokrat Firqəsinə üzv olub. "21 Azər" hərəkatında iştirak edib və Şişəvan fədailərinə rəhbərlik edib. Noyabrın 20-dən dekabrın 11-ə qədər Marağanın şah qoşunlarından təmizlənməsinə başçılıq edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib. Urmiyanın şah qoşunlarından azad olunmasında iştirak edib. Səfər xan və Heydər Afaqinin rəhbərliyi ilə Şişəvan fədailəri 4 ay boyunca Marağa ətrafında olan kəndlərdə feodal hücumlarının qarşısını alıblar. 1946-cı ilin aprel ayında xalq qoşunları naziri Cəfər Kavianın əmri ilə kapitan rütbəsi alıb. Səfər xan Qəhrəmani 1946-cı ilin avqust ayında Azərbaycan Milli Hökuməti tərəfindən taxıl toplanışını təşkil etmək və ərazini fedoalların hücumundan qorumaq məqsədilə Həştruda göndərilib. Həştruddakı işlər yekunlaşdıqdan sonra 1946-cı il dekabrın 1-də Marağaya gedib və Mirzə Rəbi Kəbiri ilə görüşüb.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin onun bu istəyi də cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra 150px|thumb|left|Səfər xan Qəhrəmani 1940-cı illər Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Səfər xan Qəhrəmani bir müddət bir neçə fədai ilə birlikdə Şişəvanda səngərlər qurub və şah ordusuna qarşı mübarizə aparıb. Şişəvan kəndi şah qoşunları tərəfindən mühasirəyə alındıqdan sonra yerli camaatın köməyi ilə mühasirədən çıxarılıb və ələ keçməsin deyə ətraf kəndlərdə gizlənməyə başlayıb. Daha sonra dostlarının köməyi ilə Sulduza gedib. Burada Qızılbaş Xalq Qoşunlarının başqa fədai və zabitləri ilə birlikdə Sulduzun Qalalar kəndində məskunlaşıb. Lakin Mahabad şəhərini tutan general Zərrabi Səfər xan Qəhrəmanini axtardığı üçün yoldaşlarının köməyi ilə fədai yoldaşları ilə birlikdə bölgədən çıxarılıb. 1947-ci ilin mart ayına qədər Molla Mustafanın dəstələri ilə birlikdə İran-İraq sərhəddində şah qoşunlarına qarşı mübarizə aparıb. Bu dəstələrin tərkibində 700 azərbaycanlı fədai də olub. Şeyx Əhməd İraq hökuməti ilə razılıq əldə etdikdən sonra bu dəstələr İraq ərazisinə keçiblər. Səfər xan Qəhrəmani burada yerli hakimiyyət tərəfindən həbs olunaraq Ərbil həbsxanasına salınıb. Həbsdən qaçaraq bir müddət müxtəlif bölgələrdə gizlənib daha sonra isə Urmiyaya gedib.

1948-ci il martın 8-də yoldaşları ilə birlikdə Urmiyada həbs olunub. Bir neçə ay dindirilib və 6 ay tək adamlıq kamerada saxlanılıb. Sonra isə Urmiyada ümumi həbsxanaya göndərilib. Hərbi məhkəmənin qərarı ilə Marağa həbsxanasına göndərilib və bir müddət sonra azadlığa buraxılıb. Daha sonra yenidən həbs olunub və 8 ay Marağada həbsdə saxlanıldıqdan sonra Təbriz həbsxanasına göndərilib. 1950-ci ilin dekabr ayında Təbriz hərbi məhkəməsi tərəfindən ölüm hökmünə məhkum olunub. Səfər xan Qəhrəmaniyə təzyiq etmək məqsədilə atası və qardaşı da həbs olunublar və müxtəlif cəzalar alıblar.200px|thumb|right|Səfər xan Qəhrəmaninin qəbri1952-ci ildə Məhəmməd Müsəddiq hakimiyyətə gəldikdən sonra Səfər xanın işinə təkrar baxılıb. Lakin 1953-cü ildə Müsəddiq hökuməti dağılıb. 1955-ci ildə isə Səfər xana verilmiş ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənib. On bir il Bürazcanda yerləşən həbsxanada saxlanıldıqdan sonra əvvəlcə Tehranda yerləşən Qəsri Qacar, daha sonra isə Evin həbsxanalarına köçürülüb. 1978-ci ilin may ayında yenidən Qəsri Qacar həbsxanasına göndərilib. Həbsxanada olduğu müddətdə digər məhbuslar tərəfindən hörmət əlaməti kimi "Səfər xan" adı alıb.

İran İslam İnqilabı dövründə, 1978-ci il noyabrın 4-də həbsdən azad olunub. İran tarixində ən uzun müddət həbsdə qalmış siyasi məhbusdur. Siyasi əqidəsinə görə ümumilikdə 32 il həbs cəzası çəkib. 1978-ci il noyabrın 25-də Tehrandakı azərbaycanlı ziyalılarla birlikdə Təbrizə gedib. Təbriz küçələrində insanların Səfər xanı qarşılmaq üçün toplaşmaqları şah rejimini qorxuya saldığı üçün şəhərin bir çox küçələri əsgərlər tərəfindən bağlanıb. Toplaşan insanları dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Dörd gün Təbrizdə qalıb yerli camaatla görüşlər keçirdikdən sonra yüzlərlə maşının müşayiəti ilə Şişəvana gedib.

2002-ci il noyabrın 10-da Tehranda "İran Mehr" xəstəxanasında dünyasını dəyişib. Noyabrın 12-də Kərəcdə yerləşən İmamzadə Tahir qəbiristanlığında dəfn olunub.

Xatirəsi Siyavuş Kəsrani, Alov, Söhrab Tahir, Hüseyn Münzəvi kimi şairlər Səfər xan Qəhrəmaniyə şeirlər həsr ediblər. Azərbaycan İstiqlal Muzeyində Səfər xan Qəhrəmaniyə aid təsbeh və müştük qorunur.

Yazıçı, siyasi məhbus və həm də Səfər xan Qəhrəmani ilə birlikdə eyni həbsxanada həbs cəzası çəkmiş Bəhruz Həqqi, Səfər xan haqqında "Milli hökumətin fədaisi Səfərxan" adlı kitab yazıb. Kitab 1993-cü ildə Almaniyanın Köln şəhərində fars dilində çap olunub. 2001-ci ildə kitab, Əyyub Nəmini tərəfindən Azərbaycan dilinə tərcümə olunub və Bakı şəhərində çap edilib.

1999-cu ildə iranlı yazıçı, siyasi məhbus və həm də Səfər xan Qəhrəmani ilə birlikdə eyni kamerada həbs cəzası çəkmiş Əliəşrəf Dərvişian onun haqqında "Səfərxan haqqında xatirələr" kitabını yazıb.

2012-ci ildə Təbrizin Mərkəzi Həbsxanasında həbsdə olan milli fəallar tərəfindən Səfər xan Qəhrəmaninin anım mərasimi keçirilib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Haqqında yazılan kitablar Bəhruz Həqqi — Milli hökumətin fədaisi Səfərxan Əliəşrəf Dərvişian — "Səfərxan haqqında xatirələr"

Kateqoriya:Əcəbşirdə doğulanlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:Tudə partiyasının üzvləri Kateqoriya:Siyasi məhbuslar Kateqoriya:XX əsr İran şəxsləri