Mil düzü — Kür-Araz ovalığının cənub-qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.

Hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir.

Hidrogeoloji şərait Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə  torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər. Belə ki,  intensiv suvarma dövründə Mil düzündə gilli torpaqlarda qrunt suları­nın səviyyəsinin 1,2-1-1,3 dərinlikdə olması kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradır. Gillicəli torpaqlarda isə təhlükəli səviyyə 1,3-1,5 m-dir (N.K.Mikayılov, 2000). Qrunt sularının minerallaşma dərəcəsinin çox olması səthə yaxın yerləşən suların təhlükəliliyini bir qədər də artırır. Çox minerallaşmış qrunt suları hətta 1,5-1,8 dərinlikdə yerləş­dikdə belə torpaqlarda duzların toplanmasına səbəb ola bilər. Ona görə də, qrunt sularının səviyyəsinin cüzi qalxması aqroirriqasiya landşaftlarında mənfi hallara gətirib çıxara bilər. İbrahimov T.O., Yunusov M.İ., Yusifov D.E. Mil düzü landşaftlarının mühafizəsi. Bakı 2012.

Mil düzündə irriqasiya-meliorasiya tədbirlərinin başlama­dığı dövrlə müasir dövrün landşaftlarının torpaqlarının şorlaş­ma xəritələrinin müqayisəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir. Kürboyu zolaqda, Kür və Arazın birləşdiyi az ərazidəki (3%-ə qədər) landşaftlarda şorlaşmamış, zəif və orta şorlaşmış torpaqlar çox şorlaşmış torpaqlara çevrilmişdir. 20%-ə qədər landşaftlarda torpaqların şorlaşma  dərəcəsi dəyişməmiş, lakin şorlaşma artmışdır. 8%-ə qədər ərazidəki landşaftlarda çox şoran torpaqlar orta və zəif şorlaşmış torpaqlara çevrilmişdir. Bir qrup landşaftlarda torpaqların şor­laş­­­ması azalmış, lakin şorlaşma dərəcəsi dəyişməmişdir (15%). Torpaqların şorlaşmasının əsaslı dəyişikliyə uğramadığı landşaftlar da təxminən bu qədər ərazi tutur. Meliorativ tədbir­lə­rin aparılmadığı və ya az aparıldığı ərazilərin landşaftları barədə məlumat azdır.

Süni parçalanma Mil düzündə intensiv əkinçiliyin başlanması ilə relyefdə dəyişiklik xətti qalxma və enmə istiqamətdə gedir ki, bu da aqrolandşaftların  morfoloji differerensasiyasına kifayət qədər təsir göstərir. Ərazi təbii cəhətdən zəif parçalandığından, son zamanlar burada aparılan irriqasiya-meliorasiya tədbirləri süni parçalanmanı artırmışdır.  Bunu Mil düzünün süni parçalanma xəritə-sxemini təhlil etdikdə aydın görmək olar. Tədqiqatlar göstərir ki, relyefin süni parçalanması ərazinin meliorativ cəhətdən mənimsənilməsinin intensivliyindən asılıdır. Ərazinin meliorativ vəziyyətindən asılı olaraq orada müxtəlif sağlamlaşdırıcı tədbirlər, suvarma üsulları həyata keçirilir.

Mil düzündə süni parçalanma izoxətləri Araz çayı, Yuxarı Qarabağ kanalı və Orcenekigze adına kanalları boyunca daha sıxdır və həm də ən yüksək qiymət alırlar. Araz çayının sol sahilində olan məhsuldar torpaqlar daha intensiv suvarılır ki, bunun da nəticəsində süni parçalanmanın sıxlığı 5–6 km/km-2ə çatır. Orcenikidze adına kanal boyunca izoxətlər kanal istiqamətində uzanır və sıxlıq 3,5-4,0 km/km2 _i keçmir. Burada parçalanmanın qiymətinin çox da yüksək olmaması ərazinin meliorativ vəziyyətinin nisbətən əlverişli olması ilə əlaqədardır və əsasən suvarma kanalları hesabına artır. Kol­lektor-drenaj şəbəkəsinin zəif inkişaf etməsi süni parçalan­manın qiymətini aşağı salır.

Yuxarı Qarabağ kanalından suvarılan ərazilərdə süni parçalanmanın qiyməti 4,0-5,0 km/km2-ə qədər artır. Bu ərazilərdə meliorativ şərait əlverişsizdir. Ona görə də parçalan­ma həm suvarma kanalları, həm də kollektor-drenaj şəbəkəsi hesabındadır.

Mil düzündə müasir relyefin irriqasiya-meliorasiya tədbirləri nəticəsində dəyişməsi həm də hamarlanma (planirovka), irriqasiya gətirmələrinin qeyri-bərabər paylan­ma­sı və tikinti fəaliyyəti nəticəsində baş verir. Ərazinin suvarılan torpaqlarında bu və ya digər suvarma üsullarını tətbiq etmək üçün mikrorelyef formaları hamarlanır, dağıdılır. Relyefin dəyişməsinin dərəcəsi hamarlanmanın miqyasından asılıdır.

Yuxarı Qarabağ kanalı çəkilərkən aparılan hamarlanma işləri zamanı relyef xeyli dəyişmişdir. Müəyyən edilmişdir ki, torpaq işləri zamanı aqroirroqasiya landşaftları daxilində mikrotexnogen qalxmalar və enmələr formasında səthlər yaranır. Əgər əvvəllər hamarlanma zamanı suvarılan torpaq­larda işlərin həcmi 600m3/ha  təşkil edirdisə, hazırda bu rəqəm 2,0-2,5 min m3/ha-dan çoxdur. Bu onunla əlaqədardır ki, yaxşı məhsuldar ərazilər artıq mənimsənilmişdir. İndi mənimsənilən ərazilərin relyefi isə daha mürəkkəbdir. Hamar­lan­ma suvarma və yuma zamanı rütubətin bərabər paylanmasını təmin edir. Orta mürəkkəblikdə hamarlanma zamanı mikroçökəkliklərdə torpaq qatı 60-80% pozulur (40 sm-lik qat kəsilir) ki, bu da aqrolandşaftların məhsuldarlığında özünü göstərir.

Mil düzündə relyefin dəyişməsi həm də irriqasiya-meliorasiya tikintisi işlərində, yəni kanal, kollektor, bəndlərin tikilməsi və yenidən qurulması üçün torpaqların götürülməsi zamanı baş verir. Ona görə də ərazinin aqroirriqasiya landşaftla­rında özünəməxsus  antropogen mənşəli relyef formalaş­­mışdır. Burada 3–5 m (bəzən 6 m) hündürlüyündə kollektor­boyu və kanalboyu yüksəkliklər, kanallararası və drenlərarası çökəkliklər növbələşir. Relyefdə yaranan nahamar­lıqlar irriqasiya gətirmələrini həm mexaniki tərkibinə, həm də həcminə görə sahəvi paylanmaya səbəb olur.

Aqroirriqasiya landşaftlarının rekonstruksiyası Təbiətin optimallaşdırılması təbiətdən düzgün istifadə­nin ayrıl­­­maz hissəsi olmaqla, landşaftların səmərəli istifadəsi, bər­pası, qorunması və dəyişdirilməsini əhatə edir.

Meliorativ tədbirləri həyata keçirərkən aqroirriqasiya komplekslərinin meliorativ vəziyyətini dəqiq analiz etmək lazımdır. Bu  da, özündə çoxlu müxtəlif  xarakterli təbii və təsər­rüfat amillərini birləşdirir. Onların içərisində vacibləri relyef, torpaq–qrunt, hidrogeoloji şərait, torpağın su–duz rejimi, komplekslərdə baş verən fiziki-coğrafi, geokimyəvi və biokimyəvi proseslərdir. Bütün bu amillərin birlikdə öyrənil­məsi aqroirriqasiya komplekslərinin məhsuldarlığını müəyyən etməyə və ayrı-ayrı landşaftların torpaq–meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər hazırlamağa imkan verir.

Yuxarıda deyilənləri nəzərə alaraq “Mil düzünün aqroir­riqasiya landşaftlarının rekonstruksiyası” xəritə-sxemi tərtib edilmişdir. Həmin xəritənin və legendanın tərtibi zamanı ərazinin meliorativ mürəkkəblik dərəcəsi nəzərə alın­mış­dır. Bu zaman səthin meylliyi, ərazinin şaquli və üfüqi par­ça­lanma dərəcəsi, relyefin forması və hipsometriyası, torpaq – qruntun mexaniki tərkibi, şoranlaşması, su – fiziki xüsusiy­yətləri, qrunt sularının minerallaşması, səviyyəsi və s. əsas götürülmüşdür. Aparıcı təbii komponentlər və meliorativ cəhət­dən mürəkkəblik dərəcəsi əsasında ayrı-ayrı landşaft qrupları ayrılmışdır.

Onların vəziyyəti, formalaşma mərhələsi və insanların təsər­­rüfat fəaliyyətinin istiqaməti nəzərə alınaraq təbiəti müha­fizə və meliorativ tədbirlər sistemi işlənib hazırlanmışdır.

Xəritənin analizi göstərir ki, ayrılmış müxtəlif aqroir­riqasiya kompleksləri aparılacaq meliorasiya tədbirləri və görü­lə­cək rekonstruksiya işlərinə görə bir – birindən fərqlənir:

Təbii cəhətdən zəif drenlənmiş məcra düzənliklərində nisbətən az məhsuldar aqroirriqasiya kompleksləri formalaş­mışdır. Onlar meliorativ şəraitinin əlverişsiz olması ilə xarakte­rizə olunur. Ona görə də hər yerdə su-duz rejiminin tənzim­lən­mə­sinə, hamarlanmaya və bataqlıqlaşmaya qarşı mübarizə apar­maq lazımdır. Bu kompleks tədqiq olunan ərazinin az bir hissəsini əhatə edir.

Allüvial – prolüvial düzənliklərin zəif drenlənmiş aqroir­riqasiya landşaftlarında kompleks meliorativ tədbirlərə, yəni ir­riqasiya eroziyası, təkrar şoranlaşma və bataqlıqlaşmaya qarşı tədbirlərə ehtiyac var. Ərazi təbii cəhətdən zəif drenlən­di­yin­dən uzun illər ərzində qədimdən suvarılan kompleks­lərdə əlverişsiz su – duz rejimi yaranmışdır. Ona görə də, burada ekolo­ji tarazılığı gözləmək üçün üfüqi (600 – 800 ; 3,0 – 3,5 m ), ayrı – ayrı hallarda şaquli drenajlar (600 – 700; 20 – 30 l/san) çəkmək lazımdır. İnfiltrasiya tədbirlərinin də əhəmiyyəti böyükdür. Yeni suvarı­lan kompleks­lə­­rdə qrunt suları çox da dərində olmadığından, üfüqi drenajların sıxlığı daha çox olmalıdır (300–400 m; bəzən 200 m). Torpaq–qruntun filtrasiya xüsusiyyətləri zəif olduğundan burada şaquli drenajların çəkilməsi məsləhət deyil.

Allüvial düzənliklərin aqroirriqasiya landşaftları meliorativ cəhətdən daha çox dəyişdirilmişdir. Tələb olunan meliorativ tədbirlərdən asılı olaraq onlar üç qrupa bölünür və təqribən ərazinin üçdə bir hissəsini.

Bunlardan birincisi təbii cəhətdən zəif drenlənmiş allüvial düzənliklərin relyefi dəyişdirilmiş, keyfiyyətcə yeni torpaq – bitki qruplarına malik olan, suvarma eroziyasına, təkrar şoran­laş­maya, bataqlıqlaşmaya qarşı işləri nəzərə almaqla meliorativ tədbirlərin aparılmasına ehtiyac olan aqroirriqasiya landşaf­t­la­rı­dır. Bu komplekslər Mil düzünün mərkəzi hissəsində və cənubunda yayılmışdır. Qədimdən suvarılan komplekslərdə su – duz rejimini tənzimləmək üçün üfüqi drenajları 500 – 600 metrdən və hətta bəzən 300 – 400 metrdən keçirmək lazımdır.

Yeni suvarılan komplekslər kənd təsərrüfatı istifadəsinə nisbətən yuxarılarda daxil olduğundan, onlar yüksək məhsul­dar­lıq almaq üçün meliorativ cəhətdən əlverişsizdir və köklü (əsaslı) meliorasiya işlərinə ehtiyac var (hamarlama, yuma, drenləmə və s.). Ona görə də üfüqi drenlər arasındakı məsafə 300 – 400 m və 200 m, dərinliyi isə 3,0 – 3,5 olmalıdır. Qrunt sula­­rı yer səthinə yaxın yerləşdiyindən (1,3 – 1,8 m) və kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaratmağından  filtrasi­yaya qarşı tədbirlər görülməli, suvarma normasına əməl edilmə­­lidir.

Təbii drenlənməmiş və zəif drenlənmiş allüvial düzənlik­lərin mürəkkəb meliorativ tədbirlərə, xüsusilə təkrar şoranlaş­maya və bataqlıqlaşmaya qarşı tədbirlərin həyata keçirilməsinə ehtiyac olan kompleksləri (IV) Mil düzünün şimal hissəsində və az miqdarda Araz çayı sahilində yerləşir. Qədimdən suvarı­lan komplekslərdə mövcud olan üfüqi drenlər (keçən əsrin 50-60-cı illərində çəkilmişlər) ərazinin duz – su rejimini kifayət qədər tənzimləyə bilmir. Əvvəllər çəkilmiş drenlərin aralıq məsafəsi 300 – 400 m, dərinliyi 2,5 - 3,0 olmuşdur. Hazırda onla­rın bir hissəsinin fəaliyyət göstərmə­məsi geokomplekslərin vəziyyətinə mənfi təsir edir. Gələcəkdə aqroirriqasiya komplekslə­rinin su – duz rejimini tənzimləmək üçün drenlər­arası məsafəni 200 – 300 metrə, dərinliyini 3,0 – 3,5 metrə çatdırmaq lazımdır. Ancaq bu halda onlar qrunt sularının səviy­yəsini kritik səviyyədən aşağı saxlaya bilər. Bu qrup kompleks­lərin 50% - də dərinliyi 1,0 – 1,2 m, intervalı 40 – 50 m olan kiçik drenlər çəkilməlidir ki, bunlar da torpağın şoranlığının azalmasına səbəb ola bilər. Belə tədbirlərin görülməsi pambı­ğın məhsuldarlığını yüksəltməyə xeyli imkan verər.