Zlatan İbrahimoviç (; ) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir.

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ildə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Paris Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

İbrahimoviç 2001-ci ildə İsveçin 21 yaşadək milli komandasının heyətində oyunlara çıxıb. 2001-ci ildən İsveçin əsas milli komandasına dəvət olunur. Millinin heyətində 2004, 2008 və 2012-ci illərdə UEFA Avropa Kubokunda, 2002 və 2006-cı illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. İndiyə kimi 101 oyunda meydana çıxıb və 53 qol vurub. O, İsveç milli komandasında 100 oyun həddinə çatan on futbolçudan biridir.

İbrahimoviç həm klub karyerası ərzində, həm də milli komandanın heyətində müxtəlif qalmaqallarda iştirak edib. Zlatan İbrahimoviç həmçinin futboldan kənar fəaliyyətlərlə də məşğuldur. İsveçli model Helena Segerlə evlidir, iki övladı var.

Həyatı İbrahimoviçin atası Şefik İbrahimoviç 1977-ci ildə İsveçə köçüb və burada Yurka Qraviç ilə evlənib. Zlatan İbrahimoviç 3 oktyabr 1981-ci ildə İsveçin Malmö şəhərində anadan olub. Atası Şefik bosniyalı, anası Yurka isə xorvatdır. İbrahimoviçin iki yaşı olanda valideynləri boşanıb. İbrahimoviç Rosenqardın qaçqınların məskunlaşdığı ərazisində yaşayıb və çox çətin uşaqlıq keçirib. Futbola böyük istedadı var idi. Altı yaşı olarkən Şefik İbrahimoviç ona buts alıb. Həmin vaxtdan etibarən İbrahimoviç futbolla məşğul olmağa başlayıb.

İbrahimoviçin iki doğma və üç ögey bacı-qardaşı var. Onun uzun müddət əməkdaşlıq etdiyi isveçli model Helena Segerlə iki uşağı var: Maksimilian (doğum 22 sentyabr 2006) və Vinsent (doğum 6 mart 2008). O, hal-hazırda Parisdə yaşayır və hər il yay tətilində Malmödəki evini ziyarət edir. İbrahimoviç həmçinin taekvondo idmanı üzrə qara kəmər ustasıdır; o uşaq yaşlarında Malmö Taekvondo klubu "Enighet"də () taekvondo dərsləri alıb. İbrahimoviç beş dildə səlis danışa bilir: İsveç, ispan, italyan, bosniya və ingilis dillərində."Joga Bonito! Seven years after Zlatan v Cristiano in Nike's advert, Sportsmail hears Henrik Larsson's thoughts on the upcoming face off – a man who played with them both" . Daily Mail. Retrieved 22 November 2013 2011-ci ilin fevralında Eurosporta müsahibəsində o, örnək götürdüyü insanlardan birinin Məhəmməd Əli olduğunu açıqladı:

İbrahimoviç katolik xristian olduğunu bəyan edib.

Karyerası

Malmö İbrahimoviç peşəkar futbolçu kimi debütünü 1999-cu ildə "Malmö" klubunda edib. İbrahimoviç "Malmö" ilə İsveçin ən yüksək liqasında, Allsvenskanda oynayıb. Malmö həmin mövsümün 13-cü yerdə başa vurur və yüksək liqada öz yerini qoruya bilmir. Amma növbəti mövsüm yenidən yüksək liqaya vəsiqə qazanır.

"Arsenal"ın baş məşqçisi Arsen Venger İbrahimoviçlə maraqlanır və onu Arsenalın düşərgəsinə dəvət edir. İbrahimoviç Arsenalda bir müddət məşq etsə də, klubla müqavilə bağlamır. "Ayaks"ın baş məşqçisi Leo Beenhakker Norveçin "Moss" klubu ilə yoldaşlıq görüşündə İbrahimoviçə maraq göstərir. Ayaksdan başqa Fransanın "Monako" və İtaliyanın "Roma" klubları da İbrahimoviçlə maraqlanır. 22 mart 2001-ci ildə "Ayaks"la "Malmö" klubları arasında razılaşma əldə olunur və iyul ayında İbrahimoviçin "Ayaks"a keçidi təsdiqlənir. İbrahimoviçin "Ayaks"a keçidi 80 milyon İsveç kronuna başa gəlir.

Ayaks Zlatan İbrahimoviç UEFA-nın bayrağı altında keçirilən yarışlarda 8 avqust 2001-ci ildə Şotlandiyanın "Seltik" klubu ilə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda debüt edib, İbrahimoviç oyunun 46-cı dəqiqəsində meydana daxil olub. Bu, həm də onun "Ayaks"ın heyətində keçirdiyi ilk oyunu olub. "Ayaks"ın heyətində ilk çempionat oyununu 19 avqust 2001-ci ildə Niderland çempionatının birinci turunda "Roda" klubuna qarşı keçirib, oyunun 83-cü dəqiqəsində meydana daxil olub. "Ayaks"ın heyətində ilk qolunu 26 avqust 2001-ci ildə ölkə çempionatının üçüncü turunda oyunun 64-cü dəqiqəsində "Feyenoord"un qapısına vurub. 8 sentyabr 2001-ci ildə "Tvente" ilə çempionat oyununda 19-cu dəqiqədə hesabı açıb, 87-ci dəqiqədə isə Vambertonun vurduğu qolun ötürməsini edib, oyun 0–2 hesabı ilə Ayaksın xeyrinə başa çatıb. UEFA yarışlarında karyerasında ilk qolunu 20 sentyabr 2001-ci ildə UEFA Kubokunun birinci dövrəsində Ayaksın heyətində oyunun 4-cü dəqiqəsində Cənubi Kiprin "Apollon Limassol" klubunun qapısına vurub.

Baş məşqçi Ko Adriaanse İbrahimoviçə oynamaq üçün az şans verirdi. 29 noyabr 2001-ci ildə Adrianne "Ayaks"dan qovuldu və baş məşqçi postuna Ronald Koeman təyin edildi. Bundan sonra İbrahimoviçə oynamaq üçün daha çox şans verildi. Koemanın gəlişi ilə Zlatan əsas heyətin üzvünə çevrildi. thumb 4 dekabr 2001-ci ildə Niderland çempionatının 10-cu turunda "Fortuna Sittard" klubu ilə qarşılaşmada Zlatan 68 və 79-cu dəqiqələrdə qol vuraraq dubl edib. 14 aprel 2002-ci ildə "Sparta" klubu ilə oyunda İbrahimoviç oyunun 66 və 73-cü dəqiqələrində komanda yoldaşı Midonun vurduğu qolların ötürməsini edib, 78-ci dəqiqədə isə özü fərqlənib. Ayaks həmin mövsüm Eredevisieni qazandı.

Növbəti il İbrahimoviçin karyerasında böyük sıçrayış baş verdi. 29 avqust 2002-ci ildə Niderland çempionatının 6-cı turunda NAC Breda ilə qarşılaşmada oyunun 47-ci dəqiqəsində Midonun ötürməsini qola çevirib, 63-cü dəqiqədə isə Midoya məhsuldar ötürmə verib. 17 sentyabr 2002-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın "Lyon" klubu ilə oyunda meydana çıxıb, oyunun 11 və 34-cü dəqiqələrində qol vuraraq komandasına qələbə qazandırıb. İbrahimoviç Ayaksın heyətində Çempionlar Liqasının qrup mərhələləri və dörddə bir final oyunlarında meydana çıxıb.

2 fevral 2003-cü ildə "Uilhemm II" klubu ilə ölkə çempionatının oyununda 13-cü və 65-ci dəqiqələrdə qol vuraraq dubl edib. 8 mart 2003-cü ildə "PEC Zvoile" klubu ilə oyunda 21 və 65-ci dəqiqələrdə qol vuraraq dubl edib. 16 mart 2003-cü ildə "Ekselsior" klubu ilə oyunda da dubl edib, oyunun 25 və 82-ci dəqiqələrində fərqlənərək komandasına 2–0 hesablı qələbə qazandırıb.

UEFA Çempionlar Liqasının 2003–2004 mövsümünün təsnifat mərhələ oyunlarında meydana çıxıb. Qrup mərhələsində 22 oktyabr 2003-cü ildə İspaniyanın "Selta da Viqo" klubu ilə qarşılaşmada 53-cü dəqiqədə qol vuraraq "Ayaks"a 1–0 hesablı qələbə qazandırıb. 9 may 2004-cü ildə ölkə çempionatının 33-cü turunda "NAC Breda" ilə oyunda 10-cu dəqiqədə Sneyderin vurduğu qolun ötürməsini verib, 43-cü dəqiqədə isə özü fərqlənib. Oyun 2–0 hesabı ilə başa çatıb.

2004–2005 mövsümünün başlanğıcında Zlatan İbrahimoviç "Ayaks"ın heyətində oyunlara çıxıb. 22 avqust 2004-cü ildə ölkə çempionatının ikinci turunda "NAC Breda" ilə oyunda 13 və 76-cı dəqiqələrdə qol vuraraq dubl edib, 86-cı dəqiqədə isə Maksvelin vurduğu qolun ötürməsini edib. Onun 76-cı dəqiqədə vurduğu qol Eurosport tamaşaçıları tərəfindən "İlin qolu" seçilib.

Yuventus

2004–2005 mövsümü 31 avqust 2004-cü ildə "transfer pəncərəsi"nin sonuncu günündə Zlatan 19 milyon avroya "Ayaks"dan "Yuventus"a keçib. İbrahimoviç tezliklə əsas heyət üzvünə çevrildi, bu, onun karyerasında irəliyə atılmış böyük addım idi. Yuventusun əsas hücumçusu olan David Trezegenin zədələnməsi onu Fabio Kapellonun sevimli oyunçularından biri etdi. Kapello hələ "Roma"da çalışarkən də İbrahimoviçin komandasına gəlməsi üçün cəhd etmişdi.

12 sentyabr 2004-cü ildə "Yuventus"un heyətində ilk oyununa çıxır. İtaliya A Seriyasının ilk turunda "Breskia" klubu ilə qarşılaşmada 46-cı dəqiqədə meydana daxil olur və 69-cu dəqiqədə qol vurur. Bu, onun "Yuventus" karyerasında ilk qolu olur. 25 sentyabrda İtaliya A Seriyasının dördüncü turunda "Palermo" ilə qarşılaşmada 54-cü dəqiqədə hesabı 1–1 edərək Yuventusu məğlubiyyətdən xilas edib. 5 dekabrda Latsio ilə oyunda 75-ci dəqiqədə qol vuraraq hesabı "Yuventus"un xeyrinə 2–1 edib, oyun bu hesabla başa çatıb.

9 aprel 2005-ci ildə İtaliya A Seriyasının otuzuncu turunda "Fiorentina" klubu ilə qarşılaşmada 60 və 82-ci dəqiqələrdə qol vuraraq dubl edib, oyun 3–3 hesabı ilə başa çatıb. 17 apreldə otuz birinci turda "Lecce" ilə qarşılaşma İbrahimoviç üçün əlamətdar olub, bu oyunda o, oyunun 34, 43 və 82-ci dəqiqələrdə qol vuraraq het-trik edib.

2004–2005 mövsümündə UEFA Çempionlar Liqasında "Yuventus"un heyətində qrup mərhələsinin oyunlarında meydana çıxıb. Həmçinin 1/8 və 1/4 final oyunlarında da meydanda olub. Bu turnirdəki oyunlarda 3 məhsuldar ötürmə ilə yadda qalıb. İbrahimoviç mövsümün sonunda "Yuventus" ilə İtaliya A Seriyası çempionluğunu əldə etdi.

2004–2005 mövsümünün sonunda Yuventus İspaniyanın güclü komandalarından olan "Real Madrid"in Zlatan İbrahimoviç üçün 70 milyonluq təklifini qəbul etmədi. İbrahimoviç həmin mövsüm "Yuventus" fanatları tərəfindən ilin oyunçusu seçildi.

2005–2006 mövsümü Növbəti mövsüm Zlatan bir sıra çətinliklərlə üzləşdi. 2005–2006 mövsümünün payızında az qol vurmağa başladı və daha çox məhsuldar ötürmələrlə yadda qaldı. Məhsuldarlığı azaltmasına baxmayaraq Zlatan yenə də komandası üçün vacib qollar vururdu. 19 noyabr 2005-ci ildə İtaliya A Seriyasının 12-ci turunda "Roma" ilə qarşılaşmada 58-ci dəqiqədə oyunda ikinci qolu vurub, 63-cü dəqiqədə isə David Trezegenin vurduğu qolun ötürməsini edib, oyun 1–4 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb. 8 fevral 2006-cı ildə "Parma" ilə ölkə çempionatının 24-cü tur oyununda 44-cü dəqiqədə qol vuraraq hesabı 1–1 edib, "Yuventus"u məğlubiyyətdən xilas edib.

Zlatan İbrahimoviç Yuventusun heyətində UEFA Çempionlar Liqasının 2005–2006 mövsümünün oyunlarında iştirak edib. 7 dekabr 2005-ci ildə Avstriyanın "Rapid" klubu ilə qrup mərhələsinin oyununda 41-ci dəqiqədə qol vuraraq hesabı 0–2 edib, 45-ci dəqiqədə isə Alessandro Del Piyeronun vurduğu qolun ötürməsini edib.

Yazda İbrahimoviçin formadan düşdüyünə görə həm İtaliyada, həm də İsveçdə azarkeşlər və jurnalistlər tərəfindən tənqidlər artmağa başladı. Heyətdə Alessandro del Pieroya üstünlük verildi. Buna baxmayaraq İbrahimoviç heyətdə yerini qoruyub saxlaya bildi. Yuventusun heyətində ardıcıl ikinci dəfə İtaliya çempionluğunu qazandı.

2006-cı ilin yayında Lusiano Moqqinin təşəbbüsü ilə yüksək fırıldaqçılığa görə "Yuventus"un son iki ölkə çempionatının qalibi titulu əlindən alındı və komanda İtaliya B Seriyasına göndərildi. Yeni rəhbərlik Zlatanı və başqa ulduz futbolçuları heyətdə saxlamaq istədi. Amma Zlatan və onun şəxsi agenti qətiyyətlə klubdan getməyə qərar verdilər.

İnter Milan

2006–2007 mövsümü 10 avqust 2006-cı ildə 24.8 milyon avroya "İnter Milan" klubu ilə müqavilə imzalandı. İnterin heyətində ilk oyununu 26 avqust 2006-cı ildə "Roma" ilə İtaliya Superkuboku qarşılaşmasında keçirib. 74-cü dəqiqədə Vieyranın vurduğu qolun ötürməsini edib, oyun 4–3 hesabı ilə "İnter"in xeyrinə başa çatıb və İnter kubokun sahibi olub. 250px|thumbnail|right|İbrahimoviç İnter-Palermo oyununda 8 nömrəli formada (2009) "İnter"in heyətində İtaliya A Seriyasında ilk oyununu 9 sentyabr 2006-cı ildə ilk turda "Fiorentina" klubuna qarşı oyunda keçirib. Bu oyunda Zlatan 11-ci dəqiqədə Kambiassoya məhsuldar ötürmə verib, 61-ci dəqiqədə isə Kambiassonun ötürməsini qola çevirib. Bu, İbrahimoviçin İnterin heyətində vurduğu ilk qol olub. 17 dekabrda Messina klubu ilə 16-cı tur oyununda 49-cu dəqiqədə Marko Materazzinin vurduğu qolun ötürməsini edib, 59-cu dəqiqədə isə özü fərqlənib.