Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır.Hutter, Manfred (2005). "Bahā'īs". In Jones, Lindsay. Encyclopedia of Religion 2 (2nd ed.). Detroit, Michigan: Macmillan Reference US. pp. 737–740. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir.

Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.

Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt. Bəhailərin fikrincə bizim dövrün son peyğəmbərləri Bab və Bəhaullahdır. Bəhai inancına görə, hər peyğəmbər mütləq özündən sonrakı peyğəmbər haqqında nəbilik etmiş (xəbər vermiş) və Ən Böyük Xəbər Bəhaullahın zühuru ilə gerçəkləşmişdir. İnsanlıq təkamülün növbəti mərhələsinə yetişmişdir və indi vacib olan ədalət, sülh və birliyi qlobal səviyyədə təmin etməkdir.Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press.

Etimologiyası Bəhai sözünün kökü ərəbcədən "bəha" (BHA) (بهاء), sözündən gəlir və azərbaycan dilində birbaşa hərfi tərcüməsi yoxdur, dilimizdəki bir neçə sözü istifadə edərək bu sözə tərif verə bilərik: cəlal, şərəf, izzət, nur. Bəhai kəlməsi bir sifət olaraq Bəhaullahın ardıcılı mənasına gəlir.

Yaranması və inkişafı thumb|300px|Hayfa şəhərində Babın məqbərəsi

XIX əsrin 40–50-ci illərində İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən son yaranandır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu bəzən yanlış olaraq "İslam təriqəti" və yaxud "İslam daxilində reformasiya hərəkatı" kimi təqdim edirlər.

XIX əsrin əvvəllərində İran ölkəsinin insanları min il əvvəl qeybə çəkilmiş on ikinci İmam Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. İnanırdılar ki, O, əvvəlki görkəmində qayıdacaq, özünü Ali hökmdar elan edəcək, Yerdə zülmün kökünü kəsib, ədaləti bərpa edəcəkdir. Mehdinin yaxın günlərdə zühur etməsinə inam Şeyxi təriqətində daha güclü idi. Təriqətin lideri Şeyx Əhməd Əhsainin nəzərincə, Mehdinin hakimiyyəti mistik xarakterli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani səciyyə daşıyacaqdır. Onun qələbələri insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Şeyx Əhməddən sonra onun varisi Seyid Kazım Rəşti müsəlmanlara İlahi Zühurun onun ölümündən dərhal sonra, hicri 1260-cı ildə (yəni 1844-cü il) baş verəcəyini bildirir. Çünki Əlinin (ə.s.) dilindən nəql olunan hədisdə deyilirdi ki, "Ağac ilində (60) İlahinin doğru yol göstərən ağacı dünyaya gələcəkdir". Cəfər Sadiq (ə.s.) də Mehdi barədə demişdir: "60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq".

Həmin illər Xristian dünyasında da insanlar həyəcan içində idi: Asiyada Yozef Volf, İngiltərədə Edvard İrvinq, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kolber bir-birilərindən xəbərsiz – Tövrat və İncil yazılarının tədqiqi əsasında 1844-cü ildə (hicri 1260) İsa Məsihin ikinci zühurunun baş verəcəyini söyləyirdilər.

U. A. Spayser "Müasirlik peyğəmbərliklər işığında" kitabında yazırdı: "Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və orada 1844-cü il Qiyamət Günü kimi göstərilmişdir".

1844-cü il 23 mayında Bab (ərəbcə "qapı" deməkdir) İranın Şiraz şəhərində Öz İlahi Missiyasını elan etdiyi gün Bəhai dininin quruluş tarixi hesab olunur. O bildirir ki, gəlişində əsas məqsəd insanları Müqəddəs Kitablarda vəd olunmuş və zamanın sonunda Zühür edəcək kəsin gəlişilə müjdələmək və onları bu fövqaladə hadisəyə hazırlamaqdır. O yazırdı: "Mən ancaq bu Qüdrətli kitabın hərfiyəm və bu hüdüdsuz dəryanın damlasıyam. O zühur edəndə Mənim əsl təbiətim, Mənim sirlərim, müammalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır…"

Şeyxi təriqətinin 18 nəfər üzvü Baba iman gətirərək, yeni dinin müjdəsini insanlara çatdırmaq üçün İranın şəhər və kəndlərinə səpələnirlər. Babın, öz görüşünə görə, mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, ədalətə və qardaşlığa, qadınların əsarətdən azad edilməsinə dair alovlu çağırışları İranda Yaxın və Orta Şərqi lərzəyə gətirən babilər hərəkatına səbəb olur. Bir sıra Qərb tədqiqatçılarının fikrinə görə Babın sosial ideyaları öz qabaqcıllığına görə XIX əsr Avropa ictimai fikrini dəfələrlə arxada qoyurdu (bax: Fransa səfirliyinin məmuru L. M. Nikola və Avstriyanın hərbi atteşesi Alfred fon Qumensin əsərləri). Babilər hərəkatının geniş vüsət almasından qorxuya düşmüş şah hökuməti və ruhanilər Babı məhv etmək qərarını verirlər. Bab Təbrizə gətirilir və 1850-ci il 9 iyulda camaat qarşısında edam edilir. — əlavə -

Bəhailərin Beynəlxalq Birliyi – planetdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, BMT-in Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, YUNİFEM ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində minlərlə layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.

Əsas prinsipləri thumb|upright=1.25

Allahın birliyi – Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir Varlıqdır.

Dinlərin birliyi – Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur, lakin Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri vasitəsilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki İlahi Zühurları – Musa (peyğəmbər)i, Krişnanı, Buddanı, Zərdüştü, İsanı, Məhəmmədi – və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə ehtiramla yanaşırlar, lakin bəhailər müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin tədrici açılışı kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmin dövrün sonuncu Peyğəmbəri Məhəmməddir. Bəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda "Qiyamət Günü", "Gecəsiz Gündüz" kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.

Bəşəriyyətin birliyi – Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən orqanizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı, bəhailərin fikrincə, bəşəriyyətə Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Bəhaullahın əli ilə yazılmış, sonralar Yazıların yeganə səlahiyyətli şərhçisi olan Əbdül-Bəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu İlahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir.

Müxtəliflikdə birlik – Bütün insanların anadangəlmə bərabər olmasını qəbul etmək və bütün irqi, milli, sinfi, siyasi, dini, cinsi və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.

Hüquq və imkan baxımından kişi və qadınların bərabərliyi – Allahın gözündə qadın və kişi bərabər olduğu kimi, dünya həyatında yaradılan şərait də funksional fərqləri nəzərə almaq kişi və qadın arasında eyni olmalıdır.[Hatcher, W. S.; Martin, J. D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. San Francisco: Harper & Row.]

Mövhumatın, xurafatın, təəssübün bütün formalarından imtina

Dünya sülhü və dünyanın yeni nizama ehtiyacı – Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq və onu qorumaq olar.[Smith, P. (1999). A Concise Encyclopedia of the Bahá'í Faith. Oxford, UK: Oneworld Publications. pp. 363–364.]

Din və elmin ziddiyyətdə yox, harmoniyada olması – Bəhai Yazılarına görə elm və din təməldə ziddiyyət təşkil etmir. Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.

Həqiqətin müstəqil axtarışı – hər bir bəhainin haqqı və borcudur. Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai dövrünün gəlişi ilə ruhanilər təbəqəsinin (mollalığın, keşişliyin) bir təsisat kimi ləğv olunması bu prinsiplə əlaqədardır.

Sivilizasiyanın daimi inkişaf prinsipi – Bəşər həyatı Allahın Planına uyğun olaraq sosial-ictimai təkamül prosesindən keçir və Bəhaullahın da dediyi kimi "bütün insanlar daim inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar".

Ümumi icbari təhsil – Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək məsələsi hər bir insan tərəfindən bəşəri biliklərin toplusuna qovuşmağı və öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.