I Frans İosif (; ) — Avstriya imperatoru və Macarıstan kralı, 1867-ci ildən etibarən Avstriya-Macarıstan imperatoru.

Həyatı

İlk illəri 18 avqust 1830-cu ildə Vyanadakı Şönbrunn sarayında dünyaya gəldi. Atası Avstriya imperatoru II Fransın oğlu hersoq Frans Karl, anası isə Bavariya kralı I Maksimilyanın qızı hersoginya Sofiya Frederikadır. Doğulduğu əsnada babası hələ də taxtda idi və onun 1835-ci ildə ölümündən sonra böyük əmisi I Ferdinand taxta çıxdı. Ancaq əmisi epilepsiya və hidrosefaliya kimi xəstəliklərdən əziyyət çəkirdi. Üstəlik evli olmasına baxmayaraq, hələ də bir varisi yox idi. Digər yandan taxt sıralamasında olan atası hersoq Frans Karl dövlət işlərində səriştəsiz və eyş-işrətə düşkün biri idi. Bu səbəblə gözü dövlət işlərində olan anası hersoginya Sofiya Frederika tərəfindən gələcəkdə taxta çıxması üçün mükəmməl təlim-tərbiyə aldı. Fransız, latın, qədim yunan, macar, çex, italyan və polyak dillərini öyrəndi. Riyaziyyat, fizika, tarix və coğrafiya ilə yanaşı, hüquq dərsləri aldı.

Səltənət illəri 1848 Avstriya inqilabı illərində digər monarx ailəsi üzvləriylə birlikdə Vyanadan daha təhlükəsiz olan İnsbruk və Olomoutsda qaldı. İnqilabın sonunda əmisi I Ferdinand taxtdan endirildi və atasının taxt hüququndan imtina etməsi nəticəsində, I Frans İosif adıyla taxta çıxarıldı. İlk iş olaraq, inqilabın izlərini silmək üçün konstitusiyaya hazırlıq işləri gördü və 1849-cu ilin martında konstitusiya elan olundu. Ancaq bu konstitusiya imperiyanın mühüm hissəsi olan Macarıstandakı iğtişaşlara çarə olmadı. Üstəlik macar parlamenti ləğv edildi və qəbul etdiyi qərarlar qüvvədən düşdü. Bu isə, macar milliyətçiliyini yenidən oyatdı. Taxta çıxmasından 5 gün sonra macarlar yeni kralı tanımaqdan imtina etdi və xalqı silahlanmağa çağırdı. Rusların dəstəyini qazanmaq üçün 21 may 1849-cu ildə Varşavada çar I Nikolayla görüşdü və qurulan ittifaq nəticəsində, ruslar bölgəyə 200 min nəfərlik bir ordu göndərdi. Nəhayət, üsyankar macarlar ələ alındı və Macarıstanda qatı diktatura rejimi hökmranlığa başladı. Bu hadisə Avstriyaya da təsir etdi. Belə ki, yeni konstitusiya qüvvədən düşdü və mütləqiyyət rejimi bərpa olundu.

18 fevral 1853-cü ildə macar milliyyətçisi Yanoş Libeni tərəfindən tərtiblənən sui-qəsddən xilas edildi. Ancaq hücum əsnasında boğazından aldığı bıçaq zərbəsinin izini ömür boyu daşıdı. Avropanın ən mühüm katolik liderlərindən biri oldu və masonluğa qarşı qatı düşmənçiliyi ilə tanındı.

1850-ci illər Avstriya tarixi üçün uğurlu olmadı. Krım müharibəsi, Çar Rusiyası ilə ittifaqın pozulması və II İtaliya İstiqlaliyyət müharibəsindəki məğlubiyyət ölkənin xarici siyasətini dəyişdi. Ancaq bu dəyişiklik nəticəsiz qaldı və 1866-cı ildə baş tutan Avstriya-Prussiya müharibəsindəki məğlubiyyət bunu sübut etdi. Məğlubiyyətin ardından yaranan siyasi boşluq macar milliyətçilıiyini yenidən oyatdı və iğtişaşlara son qoymaq adına 1867-ci ildə Avstriya-Macarıstan müqaviləsi bağlandı. Şərtlərə görə, Macarıstan Avstriya ilə eyni hüquqa malk krallıq elan edildi və imperiyanın bir parçası oldu. Yeni qurulan imperiyanın 2 paytaxtı oldu: Vyana və Budapeşt. 8 iyun 1867-ci ildə Budapeştdəki Matyaş kilsəsində baş tutan tacqoyma mərasimiylə rəsmi Macarıstan kralı elan olundu. Bu diplomatik uğurun pərdə arxası fiquru isə İmperatriça Yelizaveta idi.

1871-ci ildə Almaniyanın birləşməsindən sonra rus çarı II Aleksandr və Alman imperatoru I Vilhelmlə yeni bir ittifaq qurdu.1878-ci ildə Bosniya-Herseqovina bölgəsini ilhaq etdi. Onun bu torpaqlardakı suverenliyi isə yalnız 1881-ci ildə tanındı. Ancaq bu tanınma Rusiya taxtına çıxan yeni çar II Nikolay tərəfindən geri çəkildi və beləcə, Birinci Dünya müharibəsinin astanasında Rusiya-Avstriya münasibətlərini pisləşdirdi. Üstəlik bu tanınma rusların qızışdırdığı serblər tərəfindən xoş qarşılanmadı.

Son illəri Səltənətinin ikinci yarısı boyunca sülhü təmin etsə də, ailədaxili tragediyalarla üzləşdi. 1867-ci ildə qardaşı Meksika imperatoru I Maksimilyanın edamı, 1889-cu ildə oğlu Vəliəhd Rudolfun intiharı, 1898-cu ildə xanımı İmperatriça Yelizavetanın və 1914-cü ildə varisi olan qardaşı oğlu Frans Ferdinandın sui-qəsdləri bunlardan bəziləri oldu.

Vəliəhd elan etdiyi qardaşı oğlu Vəliəhd Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsi Birinci Dünya müharibəsinin başlamasına səbəb oldu. Müharibə davam etdiyi əsnada, 68 illik səltənətin sonunda 1916-cı ildə vəfat etdi. Yerinə isə qardaşı nəvəsi I Karl taxta çıxdı.

Ailəsi 24 aprel 1854-cü ildə xalası qızı Bavariyalı Yelizaveta ilə evləndi və bu evlilikdən 4 övladı doğuldu.

Sofiya (5 mart 1855 - 29 may 1857) Gisela (12 iyul 1856 - 27 iyul 1932) Rudolf (21 avqust 1858 - 30 yanvar 1889) Mariya Valeriya (22 aprel 1868 - 6 sentyabr 1924)

Mənbə

Ədəbiyyat

Bridge, F. R. (1972). From Sadowa to Sarajevo: the foreign policy of Austria–Hungary, 1866–1914.

; politics and diplomacy Tschuppik, Karl (1930). The reign of the Emperor Francis Joseph.

Kateqoriya:Avstriya imperatorları Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri

İstinadlar Kateqoriya:Malta cəngavərləri Kateqoriya:Ovçular Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Çexiya kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:XX əsr monarxları