Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağstafa şəhəridir. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Trans-Anadolu qaz boru kəməri rayonun ərazisindən keçir.

Coğrafiyası Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km² –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir. Rayonun ərazisi qərbdən Qazax rayonuyla, şərq və cənub-şərqdən Tovuz rayonuyla, Şimal-qərbdən Gürcüstanın Qardabani, şimaldan Qaraçöp (Saqareco), Şimal-şərqdən Siqnaxi rayonlarıyla, cənubdan Ermənistanın Şəmşəddin (Berd) rayonuyla həmsərhəddir.

Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir. 1941-ci ildə şəhər statusu almışdır. Okean səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (01.01.2013-cü il tarixə) 12716 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 450 km-dir.

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür çayı və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Təbaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.

Relyefi Azərbaycanın şimal qərb hissəsində, Böyük Qafqazın ətəkləri, Kiçik Qafqazla Qabirri yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl öndağlığında yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə, Qazax və Qarayazı düzləri). Cənub-qərb, şimal və şimal-şərq hissələri (Yaylacıq silsiləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq hissəsi Çeyrançöl düzüdür. Ən yüksək zirvəsi 1083 metr olub rayonun cənub hissəsindədir.. Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. II cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015

İqlimi İqlimi sərt qış və isti yayla xarakterizə olunur. İllik yağıntı 350–700 mm-dir.

Geoloji quruluşu Rayon ərazisində Təbaşir, Paleogen, Antropogen çöküntüləri yayılmışdır.

Landşaftı Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.

Tarixi 230px|thumb|left|Rayon ərazisindəki Şomutəpə yaşayış yerindən aşkarlanmış Eneolit dövrünə aid dişlü sümük oraq. Milli Azərbaycan Tarixi Muzeyi Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalartəpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI–V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göycəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.

200px|thumb|right|Ağstafa rayonu Qırılı kəndi ərazisində yerləşən Eneolit dövrünə aid Qarğalartəpəsi yaşayış yerindən aşkarlanmış gil qadın bütü. Milli Azərbaycan Tarixi Muzeyi. Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin 24 yanvarda təşkil olunmuş, 1959-cu il 4 dekabrda ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, Yenikənd, Marsovka, Oraq-Çəkic, V. İ. Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur: Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il), Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il), Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il), Marksovka – Xətai kəndi adı ilə (1992-ci il)), Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış, V. İ. Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

Qarabağ müharibəsi dövründə Ağstafa rayonu 163 nəfər şəhid vermişdir. Onlardan beş nəfəri Milli Qəhrəman adına layiq görülmüşdür. 2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Bioloji və zooloji zənginliyi

Flora Rayonun tuqay meşələri bir neçə zonadan ibarətdir. Kür çayının sahilləri boyunca söyüd, yulğun, böyürtkan, çaytikanı və adi zirinc kollardan ibarət pöhrəliklərə təsadüf edilir. Onlardan sonrakı sıranı ağyarpaq qovaq, titrək və qara qovaq, ağ tut və müxtəlif söyüd növlərindən ibarət olan tuqay meşələri tutur. Ağacları ağəmsə, hüyəmə, mərəvcə, meşəüzümü kimi sarmaşan bitkilərlə sarınmışdır. Böyürtkan, adi birgöz, yulğun, adi nar keçilməz meşəaltı yaradır. Bəzi əraxilərdə meşə çoxyaruslu struktura malikdir. Birinci yarus hündürlüyü 20–25 metrə çatan qovaq ağaclarından ibarət olur. İkinci yarusda 12–15 metr hündürlüyə malik söyüd və tut ağacları yerləşir. Üçüncü yarus hündürlüyü 7–8 metr olan tut, iydə, yemişan və qarağacdan ibarətdir.

Ot örtüyü sıx olub, əsasən, topal, ətirşah, dalamaz, gicitkan, dilqanadan və yabanı kök növlərindən təşkil olunmuşdur. Qovaq və söyüd ağaclarından yuxarıdakı zona uzunsaplaq palıd, saqqızağac, ağ tutdan ibarətdir. Meşəaltı zona müxtəlif növ yemişan, adi zirinc, zoğal, əzgil, qaratikan kollarından ibarətdir. Buradakı qarağacların orta ömrü 60–70 il, palıd ağaclarının isə 90 ildir. Burada hündürlüyü 35–40 metrə, gövdəsinin diametri 2.5 metrə çatan nəhəng ağaclar az deyil.

Çeyrançöl ərazisində yarımsəhra bitkiləri geniş yayılmışdır. Buranın yovşanlıqları zəngin flora müxtəlifliyinə (190 cinsə aid olan 300-ə yaxın borulu bitki növü) malikdir.

Çeyrançöl yovşanlıqlarında rast gəlinən 4 növ Azərbaycan endemləridir. Bunlar qınlı xaşa, lebedur məsməsi, eyxler tülpanı və karyagin yemliyi növləridir. Burada, həmçinin 13 Qafqaz endemi vardır.

Fauna Kür çayı balıqlarla zəngindir. Bunlar, əsasən, Kür xramulyası, çəki, naxa, qalınalın, durnabalıq, mursa, qızılxallı, kür şirbiti, qıjovçu və gümüşcə növləridir. Ərazidə qaban, boz dovşan, çölsiçanı və başqa heyvan növlərinə rast gəlinir. Yırtıcılardan ayı, canavar, adi tülkü, porsuq, meşə pişiyi və çaqqala daha çox rast gəlinir.

Quşlardan qırqovul, turac, boz kəklik, göyərçin, qızılı qızlarquşu, susüpürən, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağvağ və digərlərinə daha çox rast gəlinir. Qarayazı Dövlət Təbiət Qoruğu Ağstafa rayonu ərazisindədir.

Abidələri Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında [Aşağı Kəsəmən] kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Aşağı Kəsəmən, Tatlı, Yuxarı Göycəli, Həsənsu kəndlərini də qeyd etməliyik.

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

Tarixi və memarlıq abidələrinin siyahısı Daş dövrünə aid olan abidələr: Paleolit düşərgəsi yaşayış yeri (paleolit) – Köçəsgər kəndi Açıq paleolit düşərgəsi (paleolit) – Tatlı kəndi Töyrətəpə yaşayış yeri (neolit – tunc dövrü) – Aşağı Kəsəmən kəndi I Şomutəpə yaşayış yeri (neolit) – Ağstafa şəhəri Qarğalartəpəsi yaşayış yeri (neolit) – Qırılı kəndi Arzamastəpə yaşayış yeri (neolit) – Vurğun qəsəbəsi Molla Nağı təpəsi (daş dövrü – eneolit) – Köçəsgər kəndi Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) – Aşağı Kəsəmən kəndi Çəpiş təpəsi yaşayış yeri (eneolit – tunc) – Həsənsu çayının ətrafı Çinlitəpə yaşayış yeri (eneolit) – Tatlı kəndi

Tunc dövrünə aid olan abidələr: Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc – ilk dəmir dövrü) – Dağkəsəmən kəndi Cantəpə yaşayış yeri (tunc) – Ağstafa şəhəri Sarı qaznaq qəbiristanlığı (tunc) – Köçəsgər kəndi Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) – Tatlı kəndi Alcaqtəpə yaşayış yeri (tunc) – Tatlı kəndi Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) – Pirili kəndi Yastıtəpə yaşayış yeri (son tunc) – Ağstafa şəhəri Durnatəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi Böyüktəpə yaşayış yeri (son tunc – ilk dəmir) – Köçəsgər kəndi Hasarlıtəpə yaşayış yeri (son tunc – dəmir) – Yuxarı Göyçəli kəndi