Dağlıq Qarabağ — Azərbaycan Respublikasının cənub-qərb bölgəsi olan Qarabağın dağlıq hissəsi.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur.

Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana - türklərə gedib çıxır. Sözün ilkin forması "Ərsak" olmuşdur ki, bu ad da o ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilib. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar.

Etimologiyası Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Bu ada artıq VII əsr mənbələrində rast gəlinir. Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənalar kəsb edir.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Dağlıq Qarabağ Münaqişəsi, Bakı-2005

Tarixi

Qarabağ qədim yaşayış məskənlərindən biridir. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350–400 min il əvvəl yaşadığı güman olunur. Eneolit (e.ə. VI–IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII–VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam etmişdir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX–VI əsrlər) meydana gəlmişdir. Makedoniyalı İsgəndər (e.ə.356–323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoymuşdur. Onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yaranmışdır. E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik olmuşdur və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV – e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynamışdır. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə etmiş və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail ola bilmişdir. Qarabağ tarixi-etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur.

Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş vermişdir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərmişdir: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlanılmışdır. Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yaranmışdır. XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağılmış, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə hakimiyyəti itirmişdir. XII əsrin sonu – XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı tarixçi-alim İ. A. Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi". Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231–1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239–1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256–1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi – "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil edilməyə başlanır. XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410–1467) və Ağqoyunlu (1468–1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları – məliklərinə (Gülüstan, Çiləbörd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.

Sonuncu Səfəvi hökmdarı III Abbası devirərək hakimiyyətə gələn Nadir şah Əfşar (1736–1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər – xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan Cavanşir idi. Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Pənahəli xanın varisi İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. XVIII əsrin sonları – XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R. D. Sisianovla (1802–1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu.

Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir.

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yarandı. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu. Xanlıq cənub–şərqdən Kür–Araz çayları qovşağı, cənubdan Araz çayı qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Koran–Kür sayı ilə sərhədlənmişdi.

Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, Xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On iki mahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbörd, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi.

XIX əsrdə ermənilərin Qarabağa köçürülməsi

Ermənilərin regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.Dağlıq Qarabağın tarixi

Ruslar əsrlər öncə bölgədə erməni dövlətinin qurulmasını planlamışdı.19 may 1783-də Knyaz G. A. Potyomkin II. Katerina'ya yazdığı məktubda:

"Fürsət tapan kimi Qarabağı ermənilərin idarəsinə vermək və beləcə Asiyada bir Xristian dövləti qurmaqdan" bəhs etmişdi.18.yüzyılda Ermeni-Rus ilişkileri, Erivan, 1967, s. 204–205 'ten aktaran Dursun Yıldırım ve Cihat Özönder, Karabağ Dosyası, Ankara, Türk kültürünü Araştırma Enstitüsü, 1991, s. 84.