Tədmir ( Tədmur/Tədmir və Tədmîr; Tedmurtā) və ya Palmira () — Suriyanın Hüms mühafəzəsi ərazisində qədim semit şəhəri. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl II minillikdə Suriya səhrasısəhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.
Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Raşidi, Əməvilər, Abbasilər xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. 1400-cü ildə Teymurilər tərəfindən dağıdıldıqdan sonra kiçik bir kəndə çevrilən Palmira Osmanlıların (1918-ci ilə kimi), Suriya krallığının daha sonra isə Suriya və Livanda Fransa Mandatının tərkibində olmuşdur. 1929-cu ildə Fransızlar Palmira kəndinin əhalisini yeni inşa edilmiş Tadmur kəndinə köçürməyə başlamışlar, köçürmə işləri 1932-ci ildə tamamlanmış və tamamilə boşalmış ərazi arxeoloji tədqiqatlar üçün yararlı hala gətirilmişdir. 21 may 2015-ci ildə Palmira ərazisi İŞİD terrorçu qruplaşması tərəfindən ələ keçirilmişdir. 27 mart 2016-cı ildə şəhər yenidən Suriya Silahlı Qüvvələrinin nəzarəti altına keçmişdir.
Palmira sakinləri əsasən aramilər, amorilər, ərəblər və kiçik bir yəhudi topluluğundan ibarət idi. Şəhər sakinləri əsasən arami dilinin yerli ləhcəsində və əlavə olaraq həm də yunan dilində danışmışdır. 634-cü ildə şəhərin ərəblər tərəfindən ələ keçirilməsindən sonra hər iki dil ərəb dili ilə əvəzlənmişdir. Palmiranın Yunan-Roma və Fars mədəniyyətindən təsirlənmiş yerli mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli incəsənət və memarlıq nümunələri bəxş etmişdir. Şəhər sakinləri yerli tanrılarla yanaşı, Mesopotamiya və Ərəb tanrılarına da inanırdılar. IV əsrdə Xristianlığın yayıldığı şəhərdə, I minilliyin ikinci yarısından İslam yayılmağa başlamışdır.
Palmiranın siyasi quruluşu Yunan şəhər-dövlətləri modelinə əsaslanırdı. Şəhər həm mülki, həm də hərbi məsələlərə nəzarət edən senat tərəfindən idarə edilirdi. III əsrdə Roma koloniyası statusu qazandıqdan sonra Palmiranın idarəçilik sistemi Roma dövlət institutlarına uyğunlaşdırıldı; 260-cı ildən etibarən isə şəhərdə tam monarxiya quruluşu bərqərar oldu. Palmiranın əsas gəlir mənbəyi karvan ticarəti idi. Palmiralı tacirlər bütün İpək Yolu boyunca ticarət koloniyaları yaratmış, Roma imperiyasının geniş ərazilərində fəal ticarət fəaliyyəti göstərərək böyük sərvət əldə etmişdilər.
Yerləşmə və etimologiya thumb|Şimali Palmira dağları silsiləsi Palmira Suriyanın paytaxtı Dəməşq şəhərindən 215 km (134 mil) şimal-şərqdə, iyirmi növdən çox palmanın yetişdiyi bağlarla əhatə olunmuş oazisdə yerləşir. Palmiradan qərbdə yerləşən təpələrdən başlayan Əl-Qubur adlı kiçik vadi şəhəri kəsərək keçir və şəhərdən şərqdə yerləşən bağlarda yoxa çıxır. Vadinin cənubunda Efqa adlı bulaq yerləşir. Böyük Plini b.e. 70-ci ilində şəhəri təsvir edərkən onun zəngin duz yataqlarından və şəhər ətrafındakı bulaqlardan bəhs edərək, bütün bunların şəhər ətrafında kənd təsərrüfatının inkişafı üçün imkan yaratdığını bildirir.
E.ə. II minilliyin birinci yarısında mənbələrdə şəhərin semit mənşəli ilk yerli adı kimi "Tadmor" qeyd edilir. "Tadmor" sözünün etimologiyası mübahisəlidir; Albert Şultens ehtimal edir ki, "Tadmor" sözü semit dillərində xurma ağacı anlamını ifadə edən "tamar" sözündən əmələ gəlməklə, şəhər ətrafındakı xurma bağlarına işarə edir.
"Palmira" adı ilk dəfə b.e. I əsrində Böyük Plini tərəfindən qeyd edilir və sonradan Yunan-Roma mədəniyyətinin təsiri yayılmış bütün ərazilərdə istifadə olunur. Şultensə görə "Palmira" sözü "Tadmor" sözünün bir variantıdır, Jan Starskiyə görə isə Palmira sözü "Tadmor""sözünün yunan dilinə tərcüməsi olmaqla yunanca xurma palması anlamını ifadə edən "palame" sözündən qaynaqlanmışdır.
Maykl Patrik O’Konnor hər iki adın hurri mənşəli olduğunu qeyd edir. Bu nəzəriyyəyə görə "Tadmor" sözü hurri dilində "sevmək" anlamını verən "tad" sözündən və mVr formantı "mar"-ın birləşməsindən əmələ gəlmişdir və tipik hurri orta sait səs düzülüşünə əsaslanır. "Palmira" sözü isə isə hurri dilində "bilmək" anlamı ifadə edən "pal" sözündən və birinci adda olduğu kimi mVr formantı "mar"-ın birləşməsindən əmələ gəlmişdir. XIII əsr Suriya coğrafiyaçısı Yaqut Həməvi qeyd edir ki, Tadmor Nuhun uzaq nəticəsinin qızının adıdır və həmin xanım şəhər ərazisində dəfn edildiyinə görə şəhər onun adı ilə adlandırılmışdır.
Tarixi thumb|alt=Former spring, with steps|1994-cü ildə qurumuş Efqa bulağının yerində qazıntılar Efqa bulağı yaxınlığında Palmirada hələ Neolit dövründə yaşayışın olmasına dair sübutlar, e.ə. 7500-cü illərə aid edilən daş əmək alətləri aşkarlanmışdır. Bel məbədinin altında yerləşən telldə aparılmış arxeoakustik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu ərazidə hələ e.ə. 2300-cü illərdə dini ibadətlər həyata keçirilmişdir.
Erkən dövr Palmira şəhərinin adı ilk dəfə təxminən e.ə. 2000-ci illərdə "Puzur-İştar Tadmorean" şəklində Assuriya ticarət koloniyası Kültəpə ilə əlaqələrinə görə xatırlanır. Daha sonra Palmiranın adı Mari kitabələrində ticarət karvanlarının və suteanlar kimi köçəri xalqların dayanacaq yeri kimi çəkilir. E.ə. XVIII əsrdə Assur hökmdarı I Şamşiadad Aralıq dənizi sahillərinə yürüşü zamanı məhz bu ərazilərdən keçmişdi. Həmin vaxt Palmira Qatna krallığının ən şərq sərhəddini təşkil edirdi. Şəhər həm də Emar şəhərində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış e.ə. XIII əsrə aid kitabədə xatırlanır və iki "Tadmor" şahidinin adı vurğulanır. E.ə. XI əsrdə Assur kralı I Tiqlatpalasar öz annallarında Tadmar aramilərinin vurduğu zərbənin dəf edilməsindən danışır.
Yəhudi Bibliyasında (İkinci Xronikalar Kitabl 8:4) Tadmor İsrael kralı Solomon tərəfindən səhrada inşa etdirilmiş və ya qala divarları ilə əhatə olunmuş şəhər kimi xatırlanır, eyni şəkildə şəhərin adı Talmudda da (Yebamot 17 a-b) çəkilir. İosif Flavi özünün "Yəhudilərin qədim tarixi" (VIII kitab) əsərində şəhərin yunan adı "Palmira" sözündən də istifadə edir və "Tadmor"un əsasının Solomon tərəfindən qoyulduğunu bildirir. Sonrakı dövrlərdə İslam mənbələrində şəhərin əsasının Solomonun cini tərəfindən qoyulması haqqında məlumat verilir. Bəzi müəlliflərə görə Palmiranın (Tadmor) Solomonla əlaqələndirilməsi, onun İudeya torpağında inşa etdirdiyi və "Krallar kitabı"nda (9:18) xatırlanan "Tamar" şəhəri ilə qarışdırılması ilə əlaqəli ola bilər. E.ə. X əsrdə, Solomonun dövründə kiçik yaşayış məntəqəsi olmuş Palmirada arxeoloji tədqiqatlar zamanı, "Tadmor" və onun binalarının Bibliyada təsvir olunmuş təsvirinə uyğun olan tikililər aşkarlanmamışdır.
Ellinizm və Roma dövrləri thumb|alt=interior of a temple|Baalşamin məbədinin interyeri Selevkilərin hakimiyyəti dövrünə təsadüf edən Ellinizm dövründə Palmira monarx ailəsinə sadiqlik nəticəsində iqtisadi baxımdan inkişaf etmiş yaşayış məntəqəsinə çevrilmişdi. E.ə. 217-ci ildə Rafii döyüşü zamanı Zabdibel adlı şeyxin rəhbərliyi altında Palmira ordusu III Antioxun rəhbərlik etdiyi Selevki ordusuna qoşulmuşdu. Ellinizm dövrünün ortalarına yaxın əvvəl cənubdan əl-Qubur vadisi ilə əhatə olunmuş Palmira şimal sahili boyunca genişlənərək inkişaf etmişdir. E.ə. II əsrin sonlarından etibarən qüllə türbələri, Palmira vadisi türbələri, həmçinin şəhərdə yerləşən Baalşamin, Allat, Ellinist məbədləri inşa edilmişdir.
E.ə. 64-cü ildə Roma Respublikası Selevkilər imperiyasının varlığına son qoyur, Roma generalı Pompey isə Suriya əyalətini yaradır, lakin, Palmira mütəqillik əldə edə bilir, həm Parfiya, həm də Roma ilə ciddi ticari əlaqələri olmasına baxmayaraq şəhər bu iki nəhəng imperiyanın heç birindən asılı vəziyyətə düşmür. Ən erkən Palmira kitabəsi e.ə. 44-cü ilə aid edilir, həmin dövrdə Palmira yerləşdiyi səhradan keçən karvanlara su satan kiçik şeyxlik idi. Lakin, Appian qeyd edir ki, e.ə. 41-ci ildə Mark Antoni silahlı birləşmələr göndərərək şəhəri məğlub edənə kimi şəhər zəngin idi. Həmin dövrdə Fərat çayının şərq sahilinə keçən palmiralılar müdafiəyə hazırlaşırlar.
Yarımüstəqil Palmira ərazisi thumb|Bel məbədi thumb|Palmira amfiteatrı thumb|Palmira kollonadasının şərqində yerləşən monumental arka B.e. 14-cü ilində Tiberinin hakimiyyətinin ilk dövrlərindən etibarən Roma imperiyasına xərac verməyə başlayan Palmira nəhəng imperiyanın bir hissəsinə çevrilir. Roma imperiyasının tərkibində olduğu dövrə çiçəklənən Palmira ölkənin ən inkişaf etmiş əraziləri ilə ticarət əlaqələri saxlasa da, daxili müstəqilliyini adətən saxlayırdı. Romalılar Palmira regionunun sərhədlərini müəyyənləşdirmişdilər; sərhəd damğavuranı kimi Roma qubernatoru Silanus təyin edilmişdi ki, o da, şəhərdən 75 kilometr məsafədə yerləşən Xirbət əl-Bilaas ərazisində məskunlaşmışdı. Digər damğavuran isə Palmiranın cənub-qərbində yerləşən Qəsr əl-heyr əl-Qərbi ərazisində aşkarlanmış, şərq sərhədləri isə Fərat vadisinə kimi genişləndirilmişdi.
Palmiranın Roma imperiyasının tərkibində olmasını sübut edən ilk kitabə b.e. 18-ci ilinə aid edilir ki, bu vaxt da, Germanik adlı Roma generalı Parfiya ilə dostluq əlaqələri qurmaq məqsədilə Aleksandr adlı palmiralını danışıqlar aparmaq üçün Parfiyanın vassalı olan Xarakena ərazisinə göndərmişdi. Bunun ardınca b.e. 19-cu ilində Legio X Fretensis əraziyə yürüş etmişdi. I əsrdə şəhərə Roma təsiri minimum idi, belə ki, Palmirada yalnız Roma vergiyığanları var idi və b.e. 75-ci ilində romalılar Palmiranı Sura ilə birləşdirən yol inşa edirdilər. Romalılar da Palmira əsgərlərindən istifadə etmişlər, lakin digər tipik Roma şəhərlərində olduğu kimi, Palmirada heç bir yerli magistr və ya perfektlərin olması haqqında məlumat yoxdur. I əsrdə şəhərdə intensiv quruculuq işlərinin aparılmasını şəhər qala divarlarının inşası və b.e. 32-ci ilində tamamlanmış Bel məbədi sübut edir. B.e. I əsrində Palmira səhrada yerləşən karvanlar üçün kiçik dayanacaq məntəqəsindən nəhəng ticarət mərkəzinə çevrilir, palmiralılar bir çox koloniyalar yaradır, mühüm ticarət mərkəzlərində üstünlük əldə edirlər.
II əsrdə Palmiranın ticarət əlaqələri ən geniş vəziyyətə çatır. Bu statusa çatmaqda Palmiraya iki faktor kömək edir: birincisi palmiralılar ticarət marşrutunu yaratmışdılar, mühüm məntəqələrdə yerləşdirdikləri qarnizonlar vasitəsilə bu marşrutu müdafiə edirdilər ki, belə məntəqələrdən biri də 117-ci ildə ilk dəfə qeyd edilən Dura-Yevroposdur. İkinci faktor isə paytaxtı Petra şəhəri olan Nəbatilər dövlətinin 106-cı ildə Roma tərəfindən anneksiya edilməsi və beləliklə də, əvvəllər Nəbatilərin nəzarət etdiyi cənubi Ərəbistan ticarət yollarının Palmiranın nəzarətinə keçməsidir.
129-cu ildə "Adrian Palmira" adlandırılan Roma imperatoru Adrian şəhəri ziyarət etmiş və ona müstəqil şəhər titulu vermişdi. Bütün imperiya ərazisində ellinizm mədəniyyətini təbliğ edən Adrianın dövründə Palmiranın şəhər urbanizasiyası qədim yunan şəhərləri stilində qurulmuş, bu dövrdə Palmirada teatr, kollonada və Nabu məbədi də daxil olmaqla bir neçə mühüm memarlıq abidəsi inşa edilmişdi. 167-ci ildə Ala I Thracum Herculiana qarnizonunun şəhərə köçürülməsindən sonra Palmirada Roma təsiri daha da güclənmişdir.