Aleksandr Lvoviç Kazımbəy (; ; ) — Mladorossi hərəkatının banisi, jurnalist, pedaqoq.

Həyatı Müasir dövrdə Aleksandr Lvoviç Kazımbəyi yalnız rus mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin ayrı-ayrı nümayəndələri tanıya bilərlər. XX əsrin 30-cu illərində isə o, Avropadakı Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti, yüksək təbəqə ilə əlaqələri və nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının - "Mladorossiya" təşkilatının qurucularından birinə və şəksiz liderinə çevirmişdi.

Atasının işi ilə əlaqədar Aleksandr hələ kiçik yaşlarında Rusiyanın müxtəlif bölgələrində (Kazan, Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində (Fransa, İtaliya, İsveçrə, Almaniya, Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və gimnaziya təhsili nəticəsində ingilis, alman və fransız dillərinə dərindən yiyələnmişdi.

Rusiyanın Birinci Dünya müharibəsinə qoşulduğu ilk günlərdə ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı. Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən birinə rəhbərlik edirdi. 13-14 yaşlı Aleksandr Kazımbəy müharibənin bütün dəhşət və çıxılmazlıqlarını həmin dövrdə dərk etmişdi. İkinci dünya müharibəsinin də müsibətlərini öz taleyində yaşayandan sonra o, 1949-cu ildə yazırdı:

"Dünya müharibəsi öz xarakter və mahiyyətinə görə əsl dünya inqilabıdır. Həm də bəşəriyyət tarixində ağla gətirilməsi mümkün olmayan ən dəhşətli, ən sarsıdıcı, ən dağıdıcı inqilab…"

16-17 yaşlı yeniyetmə ikən Aleksandr Kazımbəy də Ağ ordunun sıralarında müharibənin dəhşətlərini yaşamışdı. Bolşeviklərin qələbəsinin labüd xarakter aldığı 1920-ci ildə valideynlərilə birlikdə mühacirətə yollanmışdı. İstanbulda, Salonikidə (Yunanıstan), Belqradda yaşamışdılar. Gimnaziya təhsilini Yuqoslaviya paytaxtında başa vurmuşdu. 1923-cü ildə rus mühacirətinin əsas mərkəzlərindən sayılan Münhenə gəlmişdi. Yerli universitetdə təhsil aldığı dövrdə tələbə hərəkatının fəallarından biri kimi tanınmış, Münxendəki Rus Monarxistləri Klubuna rəhbərlik etmişdi. 1925-ci ildə Parisdə, Sorbonna universiteti yanında Ali siyasi və sosial elmlər məktəbini bitirmişdi. Eyni ildə Fransa paytaxtında onun rəhbərliyi altında daha çox Mladorossiya adı ilə tanınan "Gənc Rusiya İttifaqı" yaradılmışdı. Həm ideoloji istiqaməti, həm də təşkilati mükəmməlliyi baxımından bu İttifaq həmin dövrdə Avropada Rusiyanın güclü siyasi mühacirət qurumlarından biri idi.

Mühacirət nümayəndələri arasında ümidsizlik və depressiya əhvali-ruhiyyəsinin hökm sürdüyü şəraitdə belə inamlı, nikbin təşkilatın meydana gəlməsi çox önəmli idi. Bu elə bir dövr idi ki, vətənlərini, bütün keçmiş və gələcəklərini itirmiş adamlar hətta Rusiyanın sonrakı mövcudluğuna da inanmaq istəmirdilər. Kütləvi etinasızlıq, laqeydlik, tale ilə barışmaq əhvali-ruhiyyəsi mühacirlərin arasında geniş yayılmışdı. Rus mühacirətinin ilk şairlərindən olan Georgi İvanov həmvətənlərinin bu düşkün əhvalını şeirlərinin birində ustalıqla əks etdirmişdi: Xoroşo, çto net tsarya, Xoroşo, çto net Rossii. Xoroşo, çto Boqa net Tolko joltaya zarya…

Mladorosslar isə mühacir həmvətənlərini hansı siyasi rejimin və hakimiyyətin idarəçiliyi altına düşməsindən asılı olmayaraq, Rusiyanı sevməyə, onun gələcəyinə inanmağa və bu gələcək uğrunda mübarizə aparmağa səfərbər edirdilər. Aleksandr Kazımbəy 1928-ci ildə Rusiyadakı dəyişikliklərdən sarsılanları hər şeyə ayıq nəzərlərlə baxmağa çağıraraq yazırdı:

"Dağıdıcı, gözlənilməz, coşqun inqilab bütün rus axtarışlarının son qayəsidir. Bu inqilabdan sonra rus həyatının yeni forması öz qəlibinə düşəcəkdir. Bu artıq başqalarından əxz edilməyəcək; təbii, Rusiyanın öz məqsəd və məzmununa uyğun bir forma olacaqdır. İndi dizinə döymək və ah-vay etmək vaxtı deyil. İşə başlamaq, zəhmət çəkmək zamanıdır".

Gənclərin ittifaqı 1934-cü ildə Aleksandr Kazımbəyin liderliyi ilə hakimiyyətə iddialı siyasi təşkilata - Gənc Rusiya Partiyasına (GRP) çevrilmişdi. Siyasi şüarlarının eklektikliyinə görə ilk vaxtlar mladorossları o qədər də ciddi qüvvə saymırdılar. Amma hamının belə düşündüyünü də söyləmək düzgün olmazdı. Məsələn, hələ ilkin təşəkkül mərhələsində məşhur rus filosofu N.Berdyayev mladorossları Rusiya mühacirətinin mənəvi-siyasi həyatının diqqətəlayiq və maraqlı hadisələrindən biri kimi səciyyələndirmişdi.

A.Kazımbəydən başqa qurumun rəhbərliyinə D.Qoradevski (ideoloq), N.Arsenyev, G.Butakov, K.Elita-Velçkovski, S.Zenkovski, A.Lvov, S.Obolenski və başqaları daxil idilər. Partiyanın Parisdə, Berlində, Praqada, Nyu-Yorkda, hətta Latın Amerikası və Asiya ölkələrində yerli şöbələri və tərəfdarları, habelə tələbə-gənclər, qadınlar, kazaklar, idmançılar qolları da fəaliyyət göstərirdi.

Mladorosslar XX əsrin 20-30-cu illərinin dəbdə olan ideologiyaların - faşizm və bolşevizmin təsirindən kənarda qala bilməmişdilər. Partiyanın üzvləri tünd göy rəngli yarımhərbi forma geyinirdilər. Bir-birlərini sağ əllərini başları üzərinə qaldıraraq teatral isterika ilə üç dəfə "Qlava! Qlava! Qlava!" (burada "başçı", "rəhbər", "lider" mənasında-V.Q.) çağırışı ilə salamlayırdılar. Mixail Kellaqın Oksford universitetində yayımlanan "Faşizmin Rusiya kökləri" ("The Russian roots of nazism") kitabında "prins Mirzə Kazım Bəyin" hələ 20-ci illərin sonunda Almaniyada siyasi səhnəyə can atan faşistlərlə əlaqə yaratdığı iddia olunur.

Lakin bu bənzərlik daha çox zahiri xarakter daşıyırdı. Ən azı faşizmin irqçilik ideyaları A.Kazımbəyə və həmfikirlərinə tamamilə yad idi. Onlar Rusiyanın gələcəyini ölkədəki bütün millətlərin qarşılıqlı anlaşma şəraitindəki birgəyaşayışı kimi təsəvvür edirdilər. Mladorosslar öz ideyalarını Parisdə çap etdirdikləri "Mladorossı", "Mladorosskaya iskra", "K molodoy Rossii" (ikinci adı "Bodrost" idi-V.Q.) kimi mətbu orqanlar vasitəsi ilə yayırdılar.

Gənc Rusiya Partiyası qarşısına əslində yerinə yetirilməsi mümkün olmayan vəzifə - əkslikləri və ziddiyyətləri barışdırmaq məqsədi qoymuşdu. Partiya mütləqiyyət ideyasına əsaslanan cəmiyyət quruculuğunu, federal imperiya ideyasını və bütün sahələrdə dövlət nəzarətinin tətbiqini siyasi sahədə özünün əsas şüarları elan etmişdi. Qurumun yaydığı ilk bəyannamədə deyilirdi: "Rus dövlətçiliyinin süqutu, rus xalqının fəlakətləri müxtəlif yollarla insani birgəyaşayışın, dinin, ailənin, vətəndaşlığın və nəhayət, dövlətin əsaslarını dağıdan məhvedici elmi təlimlərin yayılması və həyata keçirilməsi ilə bağlıdır". Təbii ki, bu "dağıdıcı", "məhvedici" elmi təlimlər sırasında ilk yeri Rusiyada çox eybəcərliklə tətbiq olunan marksizm-leninizm tuturdu. Mladorosslar islah olunmuş mütləqiyyət vasitəsi ilə rus cəmiyyətini yenidən öz məhvərinə qaytarmağı düşünürdülər.

Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün GRP xaricdəki rus gənclərinin maarifləndirilməsini və onları tarixi vətənlə bağlayan əlaqələrin daha da möhkəmləndirilməsini mühüm şərtlərdən sayırdı. Qəbul edilmiş məramnamədə "Rusiyaya sədaqətli olan gənc qüvvələrin qardaşcasına birliyi, onların Vətənin xilası və dirçəldilməsi uğrunda mübarizlər kimi hazırlanması, sıralarından dövlət, ictimai və özəl sahələrdə çalışacaq əsl mütəxəssislərin yetişdirilməsi, rus gəncliyinin pravoslav dininə hörmət, vətənə məhəbbət, sərt intizam və cəngavərlik ruhunda tərbiyə edilməsi" partiyanın əsas vəzifələri kimi müəyyənləşdirilirdi.

1935-ci il Gənc Rusiya Partiyasının şöhrətin zirvəsində olduğu dövr sayıla bilər. Aleksandr Kazımbəy Vətənə xidmət etmək istəyən və simasını, şəxsiyyətini itirmədən ölkəyə qayıtmaq ümidi ilə yaşayan rus siyasi mühacirlərinin sevimlisinə çevrilmişdi. Onun çıxışları hər dəfə böyük auditoriya toplayırdı. Buraya yalnız mladorosslar deyil, digər siyasi partiya və cəmiyyətlərin nümayəndələri də gəlirdilər. Şahidlərdən biri Parisdə keçirilən bu səs-küylü toplantıları belə xatırlayırdı: "Sen-Didyedəki nəhəng zal ağzına qədər dolmuşdu. Elə təəssürat yaranırdı ki, indiyə qədər rus mühacirəti arasında gənclərin toplaşdığı belə kütləvi tədbir keçirilməyib. Çoxsaylı iştirakçıların içərisində demək olar ki, bütün siyasi partiyaların və təbəqələrin, yaşlıların və cavanların, ən çox da cavanların təmsilçilərini görmək mümkün idi".

Aleksandr Kazımbəy canlı və parlaq nitqləri ilə auditoriyanı ələ almağı, onu istədiyi səmtə yönəltməyi yaxşı bacarırdı. GRP-nin tədbirlərindən birində iştirak edən keçmiş mühacir Roman Qul sonralar öz xatirələrində yazırdı: "Qonaqlardan ilk gələn Gənc Rusiya Partiyasının lideri Aleksandr Lvoviç Kazımbəy oldu. O, nitq söyləməyə başlamamış, iyirmi nəfərə qədər gənc səhnədə sıra ilə düzüldü. Liderləri səhnəyə qalxanda sağ əllərini əski romalılar kimi başlarının üzərinə qaldıraraq "Qlava! Qlava! Qlava!" - deyə qışqırdılar. Məncə, bu, o qədər də ağıllı hərəkət sayılmamalı idi. Amma, deyəsən, Kazımbəyin xoşuna gəlirdi. Kazımbəy orta boylu, təndürüst bədən quruluşu olan xoş simalı adam idi. Sifətində onu şərqlilərə bənzədən cizgilər vardı. Salamlaşdıqdan sonra mən penzalı Kazımbəylərdən (haqqında bir qədər aşağıda söhbət gedəcək Mirzə Əbdülsəttarın - Mirzə Məhəmmədəli Kazımbəyin kiçik qardaşının nəsli-V.Q.) olub-olmadığını soruşdum. Onlarla əminəvəsi olduğunu, özünün isə Qazanda doğulub boya-başa çatdığını dedi. Nitqində bəzi cəfəng mladoross şüarlarına təsadüf edilsə də, Kazımbəy yaxşı tərbiyə görmüş və kifayət qədər ağıllı adam təsiri bağışlayırdı".

Mladorosslar, imperiyanın süqutu ilə nəticələnməsinə baxmayaraq, 1917-ci il Rusiya inqilablarının (fevral və oktyabr-V.Q.) qaçılmazlığı fikrini dəstəkləyirdilər. Bolşevik ideologiyasına düşmən münasibət bəsləsələr də, Rusiyanın böyük dövlət kimi qorunub saxlanmasında, rus xalqının dünya miqyasında mövqe və maraqlarının təmin olunmasında sovet rəhbərliyinin xidmətlərini təqdir edirdilər. Onların fikrincə, radikallığı ilə seçilən Oktyabr inqilabı ilk növbədə köhnə tipli monarxiyanın aradan qaldırılması və yeninin doğulması üçün zəruri idi. Mladorosslar daha da irəli gedərək proletariatı yeni mütləqiyyətin istinad nöqtəsinə çevirməyi özlərinin əsas vəzifələrindən biri adlandırırdılar.

Aleksandr Kazımbəy və həmfikirləri sadəlövhcəsinə güman edirdilər ki, yalnız fəhlə, kəndli və əsgər sovetlərinin siyasi iradəsinə əsaslanan, hakimiyyəti qismən də olsa, xalq nümayəndələri ilə bölüşən rus monarxı ölkəni bolşevik zülmündən qurtara bilər. Təbii ki, bu da onların ilk baxışdan bir qədər qeyri-ciddi görünən "Çar və Sovetlər" şüarını ortaya atmalarına gətirib çıxarmışdı. Mladorossların fikrincə, yerli sovetlər vasitəsi ilə ölkə idarəçiliyində iştiraka cəlb olunan xalq kütlələri Mütləqiyyət, Milliyyətçilik və Sosializm prinsipləri əsasında rus çarının hakimiyyətini təmin etməli və onu legitimləşdirməli idilər.

Sosial-iqtisadi sahədə də mladorosslar bir sıra kiçik dəyişiklik və istisnalarla bolşeviklərin "təcrübəsindən" yararlanmaq istəyirdilər. Əlbəttə, bu zaman öz proqramlarının gözünə müəyyən qədər liberalizm qatmağı da yaddan çıxarmırdılar. İqtisadiyyat planlı aparılmalı, dövlət istehsala nəzarət etməli, genişmiqyaslı sosial layihələr işlənib həyata keçirilməli idi.

Kazımbəyin "yeni Rusiya" qurmaq istəyən partiyası dini, milli və irqi ayrıseçkilikləri qətiyyətlə rədd edir, ölkənin tərkibinə daxil olan bütün millətlərin mədəni-mənəvi haqlarını tanıyırdı. Mladorosslar gələcək Rusiyanı "federal imperiya-dövlətlər ittifaqı" şəklində təsəvvür edirdilər. Bu ittifaq imperiyanın tərkibinə könüllü şəkildə daxil olan xalqların iradəsi əsasında tarixi tale oxşarlığı, mənəvi yaxınlıq və iqtisadi maraqların ümumiliyi zəminində formalaşmalı idi.