Şərif Naidhacav oğlu Şərifov (; ) — 2008–2021-ci illərdə Azərbaycanı təmsil edən Avar əsilli sərbəst güləşçi. Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub.

2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının qalibi olan Şərif Şərifov, 2019-cu ildə Avropa Çempionatının qızıl medalını da qazanıb.

Şərif Şərifov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Tərəqqi" medalı ilə təltif edilib.

Həyatı Şərif Şərifov 1988-ci il noyabrın 11-də Dağıstanın Çaroda rayonunun Qunux qəsəbəsində anadan olub. Milliyyətcə avardır. Güləşlə Qızılyar şəhərində məşğul olmağa başladı. 2000-ci ildən isə Mahaçqala şəhərində məşhur güləş mütəxəssisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşq edirdi. Rusiya yığmasının heyətində ciddi rəqabət olduğuna görə məşqçilərin məsləhətilə 2008-ci ildə Azərbaycan yığmasına transfer oldu.

Şərif Şərifov 2012-ci ildə Əminə Şərifova ilə evlədi. 2016-cı ildə cütlüyün oğlu dünyaya gəldi.

Karyerası

2006–2007-ci illər: Beynəlxalq turnirlə debüt 18 yaşlı Şərif Şərifov 2006-cı ildə sərbəst güləş üzrə Dağıstan Çempionatının qalibi oldu.

Şərif Şərifovun birinci beynəlxalq turniri 2007-ci ilin iyununda Serbiyanın Zrenyanin şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Nəticədə Şərif Şərifov həmin turniri 12-ci pillədə başa vurdu.

2008-ci il: Azərbaycan çempionluğu və yığmaya gəlişi Şərif Şərifov Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən 2008-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatına dəvət edildi. Həmin turnirin final görüşündə Şərif Şərifov sərbəst güləş üzrə Azərbaycan yığmasının "bir nömrəsi" Novruz Təmrəzov üzərində qələbə qazandı və Azərbaycan Çempionatının qalibi oldu. Bu qələbədən sonra sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Məhəmmədxan Araçilov gənc Şərif Şərifovu Azərbaycan yığmasının heyətinə dəvət eləsə də, o, bu dəvətdən imtina etdi. Sonradan isə Məhəmmədxan Araçilov müsahibəsində onu yığmaya dəvət eləmədiyini bildirdi.

Daha sonra Şərif Şərifov həmin ilin aprelində baş tutan Azerbaijan Wrestling Federation Cup beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirdə də Şərif Şərifov qızıl medalın sahibi oldu. Bu qələbədən sonra isə onun Azərbaycan yığmasına gəlişi rəsmləşdi.

Şərif Şərifovun Azərbaycan yığmasının heyətində birinci turniri iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. Turnirin nəticələrinə əsasən o, bürünc medalın sahibi oldu.

Şərif Şərifov 2008-ci ilin sonlarında baş tutan Azərbaycan Çempionatının da qalibi oldu.

2009-cu il: Dünya Çempionatında bürünc 2009-cu ilin birinci nüfuzlu turniri 31 mart-5 apreldə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatı oldu. Komandanın məşqçiləri turnirdən əvvəl Avropa Çempionatında mübarizə aparacaq heyəti formalaşdıran zaman, Şərif Şərifov və Novruz Təmrəzov arasında seçim eləməli oldular. Nəticədə məşqçilər Novruz Təmrəzovun turnirdə çıxış eləməsini məqbul hesab etdi. Avropa Çempionatının nəticələrinə əsasən isə Novruz Təmrəzov turnirin bürünc medalına sahib oldu.

Həmin ilin mayında Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə aparan Şərif Şərifov, turnirdə bütün rəqiblərinə qalib gəldi və qızıl medalın sahibi oldu.

Daha sonra Şərif Şərifov 16–20 iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Turnirin bürünc medal uğrunda görüşündə Çin Si Requlenq üzərində qələbə qazanan Şərif Şərifov, turnirin bürünc medalına sahib oldu.

Avqustda isə Şərif Şərifov Polşada baş tutan Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Avqustun ortalarında isə sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri son bir ay ərzində beynəlxalq turnirlərdə medallara sahib olan 20 yaşlı Şərif Şərifovu sentyabrda baş tutacaq Dünya Çempionatında mübarizə aparacaq heyətə daxil etdilər.

Dünya Çempionatı 20–28 sentyabrda Herninq şəhərində baş tutdu. Dünya Çempionatlarında debüt edən Şərif Şərifov sentyabrın 22-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Şərif Şərifov 1/16 final mərhələsində Belarus nümayəndəsi Alexey İsayev ilə üz-üzə gəldi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:1, 4:0) hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Co Herbert oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 4:2 hesabı ilə Herbert, növbəti hissəsində isə 4:0 hesabı ilə Şərifov qalib gəldi. Həlledici hissədə isə üstün tərəf Co Herbert oldu. Bununla da Şərif Şərifov final uğrunda mübarizəsini dayandırdı. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şərif Şərifov təsəlliverici qrupda mübarizə apardı. Həmin qrupun birinci görüşündə onun rəqibi Almaniya nümayəndəsi David Biçinaşvili idi. Amma David Biçinaşvili turnirin birinci mərhələsində zədələnmişdi və buna görə də bu görüşdə mübarizə apara bilmədi. Şərif Şərifovun növbəti rəqibi Türkiyə nümayəndəsi Göyhan Yavaşer oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:0, 4:0) hesabı ilə qalib gəldi və turnirin bürünc medal uğrunda görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Abdulsalam Qadisov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 1:0 hesabı ilə qalib gələn Şərif Şərifov, növbəti hissədə də rəqibi üzərində qələbə qazandı (2:0) və Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu 20 yaşlı Şərif Şərifovun mübarizə apardığı birinci nüfuzlu turnirində birinci medalı idi.

2009-cu ilin sonlarında isə Şərif Şərifov güləş üzrə Azərbaycan Kubounun sahibi oldu.

2010-cu il: Avropa Çempionatında final Şərif Şərifovun 2010-cu ildə birinci turniri 12–14 fevralda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir idi. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Şərif Şərifov, həlledici görüşdə Rusiya nümayəndəsi Albert Satirov üzərində qələbə qazandı və turnirin qalibi oldu.

Komanda daxili rəqabətdə Novruz Təmrəzovdan üstün olan gənc Şərif Şərifov, tədricən sərbəst güləş üzrə Azərbaycan yığmasının "bir nömrəsi" olurdu. 2010-cu ilin birinci nüfuzlu turniri 12–18 apreldə Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. Komandanın məşqçiləri ötən il Avropa Çempionatında mübarizə aparmayan Şərif Şərifova bu səfər şans verdilər. Şərif Şərifovun turnirin 1/8 final mərhələsində rəqibi KYRM nümayəndəsi Dejan Boqdanov idi. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Fransa nümayəndəsi Səid İtayev oldu. Bu görüşdə də Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Georgita Stefa oldu. Həmin görüşdə Şərif Şərifov rəqibi üzərində 24 saniyə ərzində təmiz qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Anzor Urişev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Avropa Çempionatından sonra Şərif Şərifov iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirdə o, bürünc medalın sahibi oldu.

2010-cu ilin əsas turniri isə sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Şərif Şərifov həmin Dünya Çempionatında mübarizə aparmadı. Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov Dünya Çempionatından əvvəl müsahibəsində "turnirdə Şərif Şərifovun mübarizə aparmasını istədiyin, amma onun turnirə psixoloji cəhətdən hazır olmadığına görə Novruz Təmrəzovun turnirdə çıxış edəcəyini" bildirdi.

Avropa Çempionatından sonra Şərif Şərifovun birinci turniri Rusiyanın Xasavyurt şəhərində baş tutan Komandalararası Alrosa Cup beynəlxalq turniri oldu. Nəticələrinə əsasən Azərbaycan yığması turniri dördüncü pillədə başa vurdu.

2010-cu ilin sonlarında isə Şərif Şərifov güləş üzrə Azərbaycan Kubounun sahibi oldu.

2011-ci il: İstanbulda qazanılan Dünya çempionluğu Şərif Şərifovun 2011-ci ildə birinci turniri 28 mart-4 apreldə Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatı oldu. Şərif Şərifov Avropa Çempionatında martın 30-da mübarizə apardı. Şərif Şərifovun təsnifat mərhələsində rəqibi Almaniya nümayəndəsi David Biçinaşvili oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi İbrahim Aldatov oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Emzarios Bentinidis oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şərif Şərifov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və çempionatın yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Anzor Urişev oldu. Keçən il Avropa Çempionatının final görüşündə məğlub olduğu rəqibinə Şərif Şərifov bu səfər də məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüşdə isə onun rəqibi Polşa nümayəndəsi Maciej Balavender oldu. Həmin görüşdə Şərif Şərifov rəqibinə 2:0 (2:0, 4:1) hesabı ilə qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Avropa Çempionatından sonra Şərif Şərifov Dağıstanın Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd İbrahimov üzərində qələbə qazanan Şərif Şərifov, turnirin qalibi oldu.

Daha sonra Şərif Şərifov 8–10 iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirdə mübarizə apardı. Finala gedən yolda Moldova nümayəndəsi Petro Yanulova, Bolqarıstan nümayəndəsi Mixail Qaneva və Gürcüstan nümayəndəsi Laçixo Qitiaşviliyə qalib gələn Şərif Şərifov, final görüşündə Türkiyə nümayəndəsi Sərdar Böge üzərində qələbə qazandı və Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu. Bu turnirdən sonra bütün diqqətlər sentyabrda baş tutacaq Dünya Çempionatında oldu.