Soltan Mehdiyev (İsmayıllı, 2 dekabr 1914 – 12 oktyabr 1985, Bakı) — Azərbaycan alimi, kimya elmlər doktoru, akademik.

Həyatı Mehdiyev Soltan Cəfər oğlu 1914-cü il dekabrın 2-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. O, 1927-ci ildə Lahıc natamam məktəbini fərqlənmə ilə bitirdikdən sonra, Bakı ş. pedaqoji texnikumuna qəbul olunur və onu 1931-ci ildə bitirərək 1931-1934-cü illərdə Azərbaycanın rayon kənd orta məktəblərində kimya müəllimi kimi çalışır. O 1934-1939-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alır və onu fərqlənmə ilə bitirir.

S.C.Mehdiyev kimya üzrə fəlsəfə doktoru (1943) , elmlər doktoru (1955) elmi dərəcələrini və professor (1956) elmi adını almışdır. S.C.Mehdiyev 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968–ci ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir.

S.C.Mehdiyev SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Kimya İnstitutunun neft kimyası şöbəsində laborant (1936-1939), Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun (AzETNEİ) aspirantı , kiçik elmi işçi (1939-1943), EA Kimya İnstitutunda baş elmi işçi (1943-1945), Azərbaycan SSR EA Neft İnstitutunun laborotoriya müdiri (1946-1956) vəzifələrində çalışmışdır.

Akademik S.C.Mehdiyev 12 oktyabr 1985-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti S.C.Mehdiyevin elmi fəaliyyəti maraqlı və çoxcəhətli olmuşdur. Bu fəaliyyət xüsusilə Azərbaycan neftlərində geniş yayılmış tsiklan karbohidrogenləri və onların törəmələrinin kimyasına həsr olunmuş, özünəməxsus vahid elmi istiqamətin inkişaf etdirilməsi ilə xarakterizə edilir.

Onun elmi-tədqiqat işlərinin nəticəsində aşağıdakılar müəyyən olunmuşdur:

Doymuş və doymamış tsiklan karbohidrogenlərin izomerləşmə reaksiyasının mexanizminin öyrənilməsi; naften karbohidrogenlərinin xlorlaşma reaksiyasında həlqədəki hidrogen atomlarının xlorla əvəzolunma qanuna-uyğunluqlarının müəyyən edilməsi və alınan xlortsikloheksan molekullarının fəza quruluşunun öyrənilməsi; alkiltsiklo-heksanların müvafiq aromatik nitrillərə və ftalimidə çevrilməsi ilə gedən oksidləşdirici ammonoliz reaksiyasının qanuna-uyğunluqlarının müəyyən edilməsi; akroleinin biratomlu spirtlərdə buxar fazada reduksiya edilməsi şəraitində allil spirtinin 1-propanola çevrilməsi reaksiyasının mexanizminin tədqiqi; butenin izomerlərinin aromatik karbohidrogenlərə katalitik çevrilməsi reaksiyasının mexanizminin öyrənilməsi; alitsiklik ketonların müvafiq naften karbohidrogenlərinə katalitik hidrogenləşməsinin qanunauyğunluqları; alitsiklik ketonla α-olefinlərə və tsikloolefinlərə təzyiq altında peroksidlərin iştirakı ilə birləşməsi reaksiyasının mexanizmi və yeni sıra alitsiklik ketonların orijinal alınma üsulunun işlənməsi və s. kimi istiqamətlərdə aparılan elmi-tədqiqat işləri bilavasitə akademik S.C.Mehdiyevin adı ilə bağlıdır.

Alimin tsikloheksan, aromatik, alifatik sıra karbohidrogenləri və onların törəmələrinin halogenləşmə, nitrolaşma, alkilləşmə, oksidləşmə və oksidləşdirici ammonoliz reaksiyalarının tədqiqi sahəsində aldığı nəticələr elmi və praktiki istiqamətləri xeyli zənginləşdirmişdir.

Aparılan tədqiqatlar praktiki əhəmiyyət kəsb edən bir çox üzvi kimya məhsullarının orijinal alınma üsüllarının və proseslərinin işlənib hazırlanmasına imkan yaratmışdır. Bu cəhətdən Bakı neftlərindən alınan benzin əsasında sintez edilmiş və hələ Böyük Vətən müharibəsi illərində sənaye miqyasında istehsal olunmuş ″trotil″ adlı partlayıcı maddənin, xüsusi yanğınsöndürücü qarışığın əsas komponentlərindən biri olan metilenbromidin, müəyyən məqsədlər üçün istifadə edilən polimer materialların istehsalında xammal kimi işlənən metilsiklopentadien və benzonitrilin, istiyədavamlı boya və piqmentlərin alınması üçün tətbiq edilən ftalonitril və ftalimidin, ətriyyat məmulatları və şaxtayadavamlı sintetik kauçuk istehsalında böyük tələbatı olan alifatik və alitsiklik ketonların, yeyinti sənayesi və ətirli maddələr istehsalında istifadə edilən laktonların, alkilfenolların alınmasında geniş istifadə olunan diizobutilen və sintetik kauçuk istehsalında emulqator kimi işlənən kanifol sabununu əvəz edən alkilbenzolkarbon turşularının sintezi üsullarını və alınma proseslərini qeyd etmək lazımdır.

S.C.Mehdiyevin öz əməkdaşları ilə birlikdə apardığı elmi tədqiqatları aşağıdakı ardıcıllıqla sistemləşdirmək olar:

I. Neft fraksiyalarından fərdi karbohidrogenlərin ayrılması

Görkəmli alimin rəhbərliyi ilə neftin ilkin və təkrar emalı zamanı alınan bəzi fraksiyalardan fərdi naften və aromatik karbohidrogenlərin ayrılması istiqamətində silsilə tədqiqatlar aparılmışdır. Bu sahədə əldə edilmiş ən mühüm nəticələrdən biri Böyük Vətən müharibəsi illərində Bakı neftlərindən ayrılan yüngül benzin fraksiyalarından alınan toluolu nitrolaşdırmaqla mononitrotoluola çevirmək və onun əsasında "trotil" adlı partlayıcı maddənin alınması prosesinin işlənib hazırlanması olmuşdur. Qeyd etmək lazımdır ki, bu proseslə nitrolaşdırıcı reagent kimi o zaman çətin tapılan nitrat turşusunun əvəzinə ammonium nitratdan müvəffəqiyyətlə istifadə edilmişdir.

Tsikloheksan, metiltsikloheksan və metiltsiklo-pentanın naften karbohidrogenləri ilə zəngin olan benzin fraksiyasından rektifikasiya və azeotrop qovulma üsülları ilə çıxarılması prosesinin də böyük praktiki əhəmiyyəti vardır. Bu prosesin sənayeyə tətbiqi poliamid liflərinin - kapron və naylonun alınma texnologiyasını ucuzlaşdırmaqla yanaşı, Azərbaycan neftlərində zəngin ehtiyatları olan naften karbohidrogenlərinin əsasında bir sıra yeni tip polimer materialların, yağlar və yanacaqlar üçün aşqarların və başqa qiymətli məhsulların gələcəkdə sənaye miqyasında istehsal edilməsinə şərait yaratmışdır.

Bu istiqamətdə S.C.Mehdiyev əməkdaşları ilə birlikdə apardığı selektiv alkilləşmə yolu ilə ksilolun izomerləri və etilbenzoldan ibarət qarışıqdan ortoksilol və etilbenzolun üçlü-alkil törəmələri şəklində ayrılması prosesini xüsusi qeyd etmək lazımdır. Alınan üçlü-alkiləvəzli aromatik karbohidrogen-lərinin əsasında kanifolu əvəz edə bilən emulqator istehsalının perspektivliyi, habelə ayrılması çətin olan meta- və para-ksilol qarışığının müvafiq izo- və tereftalnitrillər şəklində yüksək istiyədavamlı poliamidlər istehsalında istifadə edilməsi imkanı alim tərəfindən işlənmiş, bu da selektiv alkilləşmə prosesinin böyük elmi-təcrübi əhəmiyyətini aydın göstərir. S.C.Mehdiyev və əməkdaşları tərəfindən işlənmiş izo- və tereftalnitrillər qarışıqlarının komponentlərə ayrılması prosesi də orijinallığı ilə maraq doğurur.

II. Karbohirdogenlərin izomerləşmə və tsiklləşmə reaksiyaları

S.C.Mehdiyevin əsərlərində naften karbohidrogenlərinin alüminium-xlorid və alümosilikat iştirakı ilə izomerləşməsi reaksiyasının mexanizmi hərtərəfli öyrənilmişdir. O, sübut etmişdir ki, alüminium-xloridin naften karbohidrogenlərinə izomerləşdirici təsiri altıüzvlü həlqəni beşüzvlüyə və əksinə çevirməklə həlqənin kiçilməsi və genişlənməsi, aralıq mərhələdə, molekuldaxili yenidənqruplaşma yolu ilə gedir, bu qruplaşma dinamikdir və proses verilən şəraitdə termodinamiki sabit izomerlərlə zəngin qarışıq əmələ gələnə qədər davam edir.

Alümosilikatlardan naften karbohidrogenlərinin izomerləşməsinə analoji təsirinin müəllif tərəfindən təcrübi yolla isbat edilməsi olduqca maraqlıdır. S.C.Mehdiyev həyata keçirdiyi tədqiqatların nəticələrinə əsaslanaraq neftdə olan naften karbohidrogenlərinin, xüsusi ilə tsikloheksanın metiləvəzli törəmələrinin böyük miqdarda olması ilə bu karbohidrogenlərin yerin dərin qatlarında təbii alümo-silikatların iştirakı ilə izomerləşməsi arasında müəyyən əlaqənin olması ehtimalını irəli sürmüşdür. Bu tədqiqatın nəticələri 1955-ci ildə müəllifin SSRİ EA Neft İnstitutunun Elmi Şurasında kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada verilmişdir.

Bu qanunauyğunluqların mexanizmi müasir elmi ədəbiyyatda alimin adı ilə bağlıdır.

Alimin kiçik molekullu alifatik karbohidrogenlərin aromatikləşməsi və n-heptanın antrasen və fenantrenə katalitik çevrilməsi istiqamətində apardığı tədqiqatların böyük elmi və praktiki əhəmiyyəti olmuşdur. Müəllif geniş təcrübi materiallar əsasında C3-C5 karbohidrogenlərindən aromatik karbohidro-genlərin katalitik alınma yollarını göstərmiş və n-heptanı yüksək seçiciliklə antrasen və fenantrenə çevirən katalizatorları müəyyən etmişdir.

S.C.Mehdiyev əməkdaşları ilə birlikdə alüminium-oksidi üzərində tsikloheksanolun və onun metiltörəmələrinin dehidratlaşması, habelə müvafiq xlortsikloheksanların dehidroxlorlaşması üzrə apardığı tədqiqatlar da diqqətəlayiqdir. Bu tədqiqatların nəticəsində 1962-1965-ci illərdə müəyyən edilmişdir ki, tsilkoheksanolun dehidratlaşması, xüsusən xlortsikloheksanın dehidroxlorlaşması reaksiyası alınan doymamış alitsiklik karbohidrogenlərin izomerləşməsi ilə müşahidə olunur; proses temperatur şəraitindən və alüminium oksidin aktivliyindən asılı olaraq həm ikiqat rabitənin yerinin dəyişilməsi, həm də həlqənin daralması ilə gedir.

Müəyyən olunmuşdur ki, metiltsikloheksenin izomer-lərindən ən davamlısı ikiqat rabitəyə görə metil qrupları 1 və 4 vəziyyətində olanlardır. Tsikloolefinlərin izomerləşməsi sahəsində müəllifin apardığı sonrakı tədqiqat işləri bu nəticələri təsdiq etmişdir.

Tsikloheksan və aromatik karbohidrogenlərin sulfat turşusu iştirakı ilə tsikloheksen və 3-metiltsiklopentenlə tsikloalkilləşməsi reaksiyasını tədqiq edən alim götürülən katalizatorun təsiri ilə tsikloheksenin 3-metiltsiklopentenlə tsikloalkilləşməsi reaksiyasını tədqiq edən alim götürülən katalizatorun təsiri ilə tsikloheksenin 3-metiltsiklopentenə izomerləşməsini müşahidə etmişdir.

Əlbəttə, bu tədqiqatların nəticələri nəzəri cəhətdən böyük maraq doğurmaqla yanaşı, bir sıra üzvi birləşmələrin, o cümlədən naften karbohidrogenlərinin əsasında beş və altı üzvlü alitsiklik doymamış karbohidrogenlərin sənaye miqyasında istehsal edilməsi üçün mühüm praktiki əhəmiyyətə malikdir.

Görkəmli alim benzolun alkiltörəmələrinin fotokimyəvi xlorlaşdırılması və alınan məhsulların fenilasetilenə, xlorstirola çevrilməsi istiqamətində də bir sıra tədqiqatlar aparmışdır. Benzolun alkil törəmələrinin fotokimyəvi üsulla xlor-laşdırılması və reaksiya məhsullarının fenilasetilenə, xlorstirollara, eləcə də metanın metilenbromidə və bromoforma çevrilməsi S.C.Mehdiyev tərəfindən öyrənilmişdir. Bu tədqiqatların bəzi nəticələri yüksək keyfiyyətli yanğın-söndürücü tərkibin böyük miqyasda istehsalının təşkili üçün əsas yaratmışdır.

S.C.Mehdiyevin halogenləşdirmə sahəsində apardığı silsilə tədqiqatlara alitsiklik karbohidrogenlərin bromlu törəmələrinin alınması və quruluşlarının müəyyənləşdirilməsi, butanın izomerlərinin xlorlaşdırılması və butilenlərin hidroxlorlaşdırılması yolu ilə normal butanın və izobutanın xlorlu törəmələrinin sintezi, etanın bromlaşdırılması və digər işlər daxildir.

III. Karbohidrogenlərin halogenləşdirilməsi və dehidrohalogenləşdirilməsi

1957-1961-ci illər ərzində S.C.Mehdiyev əməkdaşları ilə birlikdə tsikloheksan karbohidrogenlərinin bir sıra fərdi nümayəndələrinin termiki, fotokimyəvi və katalitik xlorlaşması istiqamətində geniş tədqiqat işləri aparmışdır. Bu karbohidrogenlərin bir çoxunun xlorlaşdırılması ilk dəfə müəllif tərəfindən öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində elmə məlum olmayan bir sıra maraqlı qanunauyğunluqlar müəyyən edilmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, alkiltsikloheksanların xlorlaşma reaksiyasında hidrogen atomlarının xlorla əvəzolunma qaydası xlorlaşdırma üsulundan asılı olmayıb, karbohidrogenin molekul quruluşundan asılıdır.

Aparılan elmi axtarışların nəticələri neftin tərkibində olan alitsiklik karbohidrogenlərin geniş ehtiyatında kimya sənayesində istifadə etmək üçün yeni imkanlar yaratmaqla yanaşı, üzvi birləşmələrin molekulunda ayrı-ayrı atom və qrupların qarşılıqlı təsiri nəzəriyyəsini yeni konkret materiallarla zənginləşdirmişdir.

IV. Alkilləşmə və kondensləşmə reaksiyaları