Hikmət Fərhad oğlu Hacıyev () — Azərbaycan diplomatı, 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri. 2014–2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri olmuşdur.
2020-ci ildən Ermənistanla münaqişə və sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini beynəlxalq mediada təqdim edən rəsmi şəxslərdəndir. Sonrakı illərdə Ermənistanla sülh prosesində iştirak etmiş, 2026-cı ildə Ermənistana səfər etmişdir.
Həyatı və təhsili Hikmət Hacıyev 1979-cu il oktyabrın 15-də Gəncədə anadan olmuşdur. Gəncədəki 24 saylı orta məktəbi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. Həmçinin NATO-nun Müdafiə Kollecinin, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzinin və Belçikadakı Brüssel Azad Universitetinin (ULB) magistr pilləsinin məzunudur.
Rus, türk, ingilis və fransız dillərini bilir. Ailəlidir, iki övladı var.
Diplomatik fəaliyyəti Hacıyev 2000-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışır. Nazirliyin Beynəlxalq təşkilatlar və Təhlükəsizlik problemləri idarələrində işləmiş, Azərbaycanın NATO yanındakı nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində xidmət etmişdir.
2014-cü il sentyabrın 19-da Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilmiş, bu vəzifədə 2018-ci ilə qədər çalışmışdır.
Prezident Administrasiyasında 2018-ci il sentyabrın 18-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, həmin il noyabrın 26-da isə bu şöbənin müdiri təyin edilmişdir. 2019-cu il noyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin olunmuşdur.
2020-ci il hadisələri 2020-ci ilin iyulunda Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşləri zamanı Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında son günlərdə addımların onun göstərişləri əsasında atıldığını və köməkçisi Hikmət Hacıyevlə "gündə bəlkə də on dəfə təmasda" olduğunu bildirmişdir.
İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra da Hacıyev beynəlxalq media ilə Azərbaycanın mövqeyini çatdıran əsas rəsmi şəxslərdən biri olmuşdur.
Ermənistanla sülh prosesi Hacıyev Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ikitərəfli görüşlərdə iştirak edir. 2025-ci ilin dekabrında hər ikisi Doha Forumunda sülh sazişlərinə həsr olunmuş paneldə iştirak etmiş və "Euronews"a birgə müsahibə vermişdir. Müsahibədə Hacıyev tərəflərin Brüsseldəki görüşlərdən sonra fikir ayrılıqlarını kənara qoyub sülhə doğru irəliləmək qərarına gəldiyini bildirmişdir.
2026-cı il iyunun 14-də Hacıyev Ermənistanın Dilican şəhərində Armen Qriqoryanla işçi görüş keçirmişdir. Görüşdə sülh gündəliyi və iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın gücləndirilməsi məsələləri müzakirə olunmuş, növbəti görüşün Azərbaycanda keçirilməsi razılaşdırılmışdır.
Təltifləri "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — 9 iyul 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 9 iyul 2019 III dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — avqust 2026
İstinadlar
Kateqoriya:Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbərləri Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları