İncəsənət və Mədəniyyət Problemləri (, e-) — AMEA Memarlıq və İncəsənət İnstitutu tərəfindən nəşr olunan beynəlxalq elmi jurnaldır.

Jurnalın yarım əsrə yaxın tarixi vardır. Bu müddət ərzində jurnal mürəkkəb inkişaf yolu keçmiş, təkmilləşmiş, müasir standartlar səviyyəsinə yüksəlmişdir. Jurnalın baş redaktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir.

Tarixi və təşəkkülü Jurnalın təməli 1979-cu ildə AMEA Memarlıq və İncəsənət İnstitutunda gənc alim və aspirantların ilk konfransı ilə qoyulmuşdur.

Akademik Əbdülvahab Salamzadənin ön sözdə qeyd etdiyi kimi, ilk məqalələr toplusu memarlıq, təsviri sənət, dekorativ-tətbiqi sənət, musiqi və teatr sahələrini əhatə edirdi. "Azərbaycan memarlığı və incəsənətinin aktual inkişaf problemləri" adlanan və 22 məqalədən ibarət olan bu toplu 1160 nüsxədə çap edilmiş, məsul katibi isə Arif Əliyev olmuşdur.

1981-ci ildə "Sovet Azərbaycanı memarlığı və incəsənətinin inkişaf problemləri" adlı növbəti toplu 1000 nüsxə tirajla işıq üzü görmüşdür. Nəşrin ilk illərində materiallar bölmələrə ayrılmırdı. 1995-ci ildən etibarən jurnal tematik buraxılışlar şəklində nəşr olunmağa başlamışdır.

1990-cı illər və keçid dövrü 1990-cı illərin əvvəllərindəki iqtisadi çətinliklər elmi nəşrlərin fəaliyyətinə də təsir göstərmişdir. 1987-ci ildən 1994-cü ilə qədər gənc alimlərin konfransları keçirilməmişdir.

1994-cü ildə keçirilən 5-ci konfransın materialları jurnalın tarixində dönüş nöqtəsi hesab olunur. Cəmi 60 nüsxə tirajla və məhdud texniki imkanlarla çap edilən bu sayda ilk dəfə olaraq materiallar dörd bölməyə ayrılmışdır;

Musiqi və musiqi folkloru, Təsviri və dekorativ sənətlər, Teatr, Mədəniyyət və incəsənət nəzəriyyəsi.

Həmin dövrdən etibarən toplu indiki adı ilə — "İncəsənət və mədəniyyət problemləri" kimi illik nəşr olunmağa başlamışdır. Bu dövrdə jurnalın məsul katibi Ərtegin Salamzadə olmuşdur.

Jurnalın gələcək konsepsiyası müasir Azərbaycan elminin perspektiv inkişaf strategiyasına istinad edir. Bu baxımdan türkoloji sənətşünaslıq, rəqəmsallaşma, süni zəka öncül istiqamətlərə çevrilməkdədir.

1995-ci ildən etibarən nəşr yubiley və tematik buraxılışlara üstünlük verməyə başlamışdır;

1995: Akademik Mikayıl Hüseynovun 90 illiyi, 1996: Akademik Əbdülvahab Salamzadənin 80 illiyi, 2001: AMEA-nın müxbir üzvü Kərim Kərimovun 80 illiyi, 2005: Akademik Mikayıl Hüseynovun 100 illiyi.

2006-cı ildə nəşr olunan 18-ci sayı Azərbaycanda keçirilən "Rusiya ili"nə həsr edilmiş və iki ölkənin sənətşünaslıq məktəblərinin qarşılıqlı əlaqələrini işıqlandırmışdır.

2007-ci ildə jurnalın fəaliyyətində ciddi yenilənmə baş vermişdir;

Jurnal rüblük nəşrə çevrilmişdir, Həmin ildən bu günədək jurnal indiki formatında, 200 nüsxədə, öz dizaynı və loqosunu saxlayaraq çıxır, Azərbaycan Ali Attestasiya Komissiyasının (AAK) tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.

Bu gün məcmuə, məqalələr üçün rəylərin mütləq qaydada alınması da daxil olmaqla AAK-ın bütün formal tələblərinə cavab verir.

Jurnalın coğrafiyası genişlənmiş; Türkiyə, Rusiya, Macarıstan, Ukrayna, Almaniya, Özbəkistan və digər ölkələrdən olan müəlliflərin məqalələri dərc olunmağa başlamışdır.

Jurnal dizayn, heraldika, musiqi türkologiyası və rəqəmsallaşma kimi yeni elmi istiqamətlərin tədqiqinə xüsusi yer ayırır. Hazırda əsasən ingilis dilində nəşr olunur və Copernikus beynəlxalq xülasələndirmə və indeksləmə bazasına (Azərbaycanda ilk dəfə), Elmi Sitatların Rusiya İndeksinə (RİNS) inteqrasiya etmiş eLibrary.Ru – Rusiya Elmi Elektron Kitabxanasına daxil edilmişdir. Nəşrin üç dildə fəaliyyət göstərən rəsmi veb-saytı jurnalın beynəlxalq elmi məkana inteqrasiyasını təmin edir.

Redaksiya heyəti Jurnal nüfuzlu beynəlxalq redaksiya heyətinə malikdir. Professorlar Gülnarə Abdrasulova (Qazaxıstan, baş redaktorun müavini), Yevgeni Kononenko (Rusiya), Kamola Akilova (Özbəkistan), Ahmet Aytac redaksiya heyətinin əcnəbi üzvləridir. Azərbaycanı həmin heyətdə baş redaktor, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, akademik Zemfira Səfərova, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, professorlar Rəna Abdullayeva, Sevil Fərhadova, Rayihə Əmənzadə, dosent Vidadi Qafarov təmsil edir. Jurnalın məsul katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ramil Quliyevdir.

İstinadlar

Xarici keçidlər Jurnalın rəsmi veb-saytı Jurnalın AMEA "DərgiPark" portalındakı səhifəsi ISSN portalında "İncəsənət və mədəniyyət problemləri" haqqında məlumat "İncəsənət və mədəniyyət problemləri" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır — Azərtac.

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Rus dilində jurnallar