Telman Heydər oğlu Zeynalov () — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992) Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən).
Həyatı Telman Heydər oğlu Zeynalov 20 oktyabr 1931-ci ildə Bakıda anadan olub. Valideynləri Heydər Ələkbər oğlu Zeynalov və Dürrə Əsəd qızı Zeynalovadır. 1939–1947-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə oxuyub, 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsinə qəbul olub. 1951-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1956–1962-ci illərdə V. İ. Muxina adına Leninqrad ali incəsənət-sənaye məktəbində (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) heykəltaraşlıq ixtisası üzrə təhsil alıb. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edib, 1965-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1977–1991-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı yanında heykəltaraşlıq üzrə bədii şuranın sədri, 1982 və 1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinə üzv seçilib.
Yaradıcılığı Telman Zeynalov qardaşı Eldar Zeynalovla (1937–2001) birgə bir sıra məşhur əsərə həmmüəlliflik edib: 1970-ci ildə Nəriman Nərimanovun barelyefi (mis) — Moskvada I Beynəlxalq Kitab Sərgisində nümayiş olunub (Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin mülkiyyətidir); 1973-cü ildə Bakıda Nəsimi abidəsinin müsabiqə layihəsi (ikinci mükafat, birinci mükafata heç bir əsər layiq görülməmişdi); Lənkəranda Böyük Vətən müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (açılışı 1978-ci ildə baş tutub və əsər Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb); Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Rusiya, 1976) ; Şamama Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980); Üzeyir Hacıbəyovun ev-muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (1985, Bakı); "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (tuncdan, 1987, Bakı); Nizami Gəncəvinin xatirəsinə abidə (tunc-qranitdən, 1991-ci il, Moskva); "Şəhidin xatirəsinə" abidəsi (tuncdan, 1992, Xürrəmşəhr, İran); Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı); "Bulaqda çimən Şirin" relyef-miniatürü (tunc, 1992, Bakı, Rüstəm Mustafayev adına Təsviri İncəsənət Muzeyi); "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (tuncdan, 1992, Bakı, R. Mustafayev adına Təsviri İncəsənət Muzeyi).
Mükafatları və fəxri adları Azərbaycan SSR Dövlət mükafatı — 1978 (Həlak olmuş döyüşçülər şərəfinə Lənkəran şəhərində memoriala görə)Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 4 mart 1992 "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 1992-ci il tarixli, 604 nömrəli Fərmanı "Humay" milli mükafatı — 2001 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən
Qalereya
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:SSRİ heykəltaraşları