Sen Katayama (, ) — yapon kommunisti.

Həyatı Rus-yapon müharibəsinin qızğın çağı idi. Port Arturu mühasirəyə almış yapon generalı Noqin qoşunları qalaya hücuma, rus ordusunun baş komandanı Kuropatkin isə bütün ordunu Lyaoyan ətrafına toplayaraq qəti döyüşə hazırlaşırdı. Əhalinin geri qalmış təbəqələri arasında hakim dairələrin apardığı militarist təbliğat nəticəsində hər iki ölkədə çirkin millətçilik əfvali-ruhiyyəsi yayılmışdı.

Elə bu vaxt, 1904-cü il avqustun 14-də Amsterdamda (Hollandiya) II İnternasionalın növbəti VI konqresi öz işinə başladı. Sədrlik edən giriş sözündən sonra nümayəndələrin nəzərinə çatdırdı ki, vuruşan ölkələrin sosialistlərinin nümayəndələrindən rus Georgi Valentinoviç Plexanov və yapon Sen Katayama müavin seçilmişlər. Bu sözlərdən sonra Rusiya və Yaponiya fəhlələrinin qardaşlıq dostluğu əlaməti olaraq Plexanov və Katayama ayağa qalxıb, bir-birinin əlini sıxdılar. Sürəkli alqışlar salonu bürüdü. Plexanov və Katayama öz yerlərinə qayıtmaq istəyirdilər, lakin alqışlar dayanmırdı. Bunu gördükdə onlar yenidən bir-birinin əlini sıxdılar və Plexanov burada iştirak edənlərin sürəkli alqışları altında yapon sosialistini quçaqlayıb öpdü.

Həmin gün Sen Katayama müharibə əleyhinə parlaq bir nitq söylədi; Klara Setkin bu nitqi ingilis dilindən alman dilinə, Roza Lüksemburq isə fransız dilinə tərcümə etdilər. Kapitalizm quruluşunun, çar Rusiyası və imperialist Yaponiyası hökumətlərinin cinayətkar siyasətinin qurbanı olan rus və yapon zəhmətkeşlərinin bir-birinə dərin rəğbətini ifadə edən bu nitqin məzmunu konqresin qətnaməsi üçün əsas götürüldü. Proletar həmrəyliyinin Amsterdamdakı nümayişi böyük beynəlxalq rəğbət qazandı. Həmin günlərdə Sen Katayamanın adı Avropa qəzetlərinin səhifələrindən düşmürdü.

Sosialistlərin beynəlxalq konqresdə bu cür səmimi görüşü haqqındakı xəbər Yaponiyada böyük səs-küyə səbəb oldu. Mütərəqqi qəzet olan "Xeymin simbun" ("Xalq qəzeti") həmin günlərdə belə yazırdı: "Əziz oxucular! Nəzərə alın ki, bu görüş, böyük bir hadisə, böyük əhəmiyyətə malik olan bir fakt kimi uzun illər dünya sosialist hərəkatı tarixinin səhifələrinə yazılacaqdır, çünki burada sadəcə olaraq Katayama familiyalı bir nəfər Plexanov familiyalı başqa bir nəfərin əlini sıxmamış, burada Yaponiya və Rusiya sosialist partiyaları öz elçiləri vasitəsilə bir-birinin əlini sıxmışdır". Bu qəzet hərbi döyüşlərin lap ilk günlərindən etibarən müharibəyə qarşı mövqe tutmuşdu. Hələ 1904-cü il martın 13-də qəzet "Rusiyanın sosialist partiyasına!" adlı bir müraciət çap etmişdi. Həmin müraciətdə ümumi düşmənə qarşı mübarizədə rus və yapon proletarlarının mənafe birliyi göstərilir və müharibə əleyhinə birgə mübarizə aparmağa çağırılırdı. Müraciətdə deyilirdi: "Biz sosialistlər üçün nə irqi, nə ərazi, nə də milli fərq yoxdur. Siz ilə biz yoldaşıq, qardaşıq, bacıyıq. Bizim sizinlə müharibə etməyimizə heç bir əsas yoxdur. Sizin düşməniniz yapon xalqı deyil, bizim militarizm, burjua vətənpərvərliyidir. Bizim düşmənimiz isə,–rus xalqı deyil, sizin millitarizm və burjua vətənpərvərliyidir". 1904-cü ildə 1 May beynəlxalq proletar həmrəyliyi günü RSDFP-nin "İskra" qəzetində həmin müraciətə cavab məktubu dərc olunmuşdu. "İskra" yazırdı: "Bu müraciət tarixi əhəmiyyəti olan bir sənəddir. –Bir halda ki, rus sosial-demokratları müharibə vaxtı özlərinin nə kimi çətinlikləri aradan qaldırdıqlarını yaxşı bilirlər… onda onlar yadda saxlamalıdırlar ki, öz ölkəsinin milli oyanması bəlkə də ən yüksək dərəcəyə çatdığı bir anda bizə nümayiş tərzilə əl verən yapon yoldaşların vəziyyəti daha ağırdır. İki ölkənin şovinizmində onların səsi ən yaxşı aləmin əks-sədası kimi səslənir, bu aləm isə şüurlu proletariatın hələ yalnız zehnindədir, amma sabahkı gün gerçəkliyə çevriləcəkdir", "İskra"nın cavab məktubunu "Xeymin simbun" bütünlüklə çap eləmişdi.

Beləliklə, altmışdan çox il bundan əvvəl Rusiya proletariatı ilə Yaponiya proletariatı arasında heç kimin heç bir vaxt qıra bilməyəcəyi beynəlmiləl əlaqə yaranıb genişləndi, iki qonşu ölkə zəhmətkeşlərinin qardaşlıq və əməkdaşlığının şanlı ənənələri yarandı və inkişaf etdi.Kublin, Hyman; Asian Revolutionary: The Life of Sen Katayama, (Princeton University Press, 1964).

İlk addım 1859-cu il dekabrın 3-də Yaponiyanın ən böyük adası olan Xonsyunun (Okayama prefekturasının Kumetyo qəzasındakı Yuqe qəsəbəsinin indiki hissəsi) cənubundakı Mimasaka əyalətinin Xadeqi dağ kəndində yaşayan Kunixey Kayoun ikinci oğlu oldu, ona Suqataro adı qoydular. Yaponiyada olan adətə görə kiçik oğula atadan miras çatmır, o zaman Suqataronun anasının ailəsində oğlan uşağı olmadığı üçün ailənin familiyasını daşıyacaq adam yox idi. Ona görə ana özünün Yabuki qızlıq familiyasını Suqataroya vermək istədiOrduya çağırılmamaqdan ötrü Suqataro Yabuki 1878-ci ildə qonşu Kamime kəndində yaşayan və övladı olmayan kəndli İkutaro Katayamanın götürmə oğlu oldu. 1895-ci ildə Suqataro adını dəyişib Sen qoydu, o vaxtdan Sen Katayama adlandı..

Oğlan dörd yaşına çatanda doğma atası rahibliyə getdi. Suqataro Yabukinin tərbiyəsi ilə çox ağıllı bir adam olan, öz vəzifəsini yaxşı bilən, ədalətli ulu babası Kitidzaemon məşğul oldu. Kitidzaemon altmış ildən artıq kəndxudalıq etmiş, kəndlilərin mənafeyini cəsarətlə qorumuş və bununla da onların rəğbətini qazanmışdı. Onun uşağa böyük təsiri olmuşdur.

Suqataronun uşaqlığı Tokuqavanın feodal üsulu şəraitində keçmişdi. Uşaq lap kiçik yaşlarından həyatda hökm sürən ədalətsizliyi, qəddarlığı və zülmü öz gözü ilə görmüşdü. Onun gözü qarşısında 1868–1869-cu və 1873-cü illərdə yerli hakimiyyət orqanlarının töycü və xəyanətindən cana doymuş həmkəndlilərinin və qonşu kəndlilərin üsyanı baş vermişdi. 1873-cü ilin kəndli hərəkatında Suqataronun böyük qardaşı və əmisi də iştirak edirdi. Qardaşı bir ilə yaxın həbsxanada qaldı. Bütün bu hadisələr uşağın hafizəsinə həkk oldu və onun şüurunun formalaşmasına təsir etdi.

Suqataro ənənəvi sxolastik qayda üzrə yeddi yaşından oxumağa başlamışdı. Yerli sintoist məbədlərin keşişləri qədim kitablardan ona xəttatlıq və oxumaq öyrədirdilər. Başa düşmədiyi mətnləri əzbərləmək uşağın zəhləsini tökmüşdü, ona görə oxumağı davam etdirə bilmədi. O bir neçə ildən sonra yaxınlıqda açılmış qabaqcıl qayda ilə dərs keçilən yeni ibtidai məktəbə daxil oldu. Orada fənlər həyatla əlaqədar olduğu üçün uşağı çox maraqlandırır. O, burada özünə yoldaşlar tapır. Bu zaman Suqataronun qardaşı hökumət əleyhinə çıxışlarda iştirak etdiyi üçün həbs olunur, anası köməksiz, yalqız qalır. Cəmi yüz günə qədər oxumağına baxmayaraq, Suqataro məktəbi buraxmalı olur,

lakin məktəbdə oyanmış oxumaq həvəsi tükənmədi. Səhərdən axşamadək kənd işləri ilə məşğul olan yeniyetmə qəti bir inadla müstəqil mütaliə ilə elə müvəffəqiyyət qazandı ki, nəticədə onu 1877-ci ilin payızında Yuqe qəsəbəsi ibtidai məktəbinin müəllimi özünə köməkçi götürdü və birinci sinfin şagirdləri ilə məşğul olmağı ona tapşırdı. Bir ildən sonra gənc ilk dəfə öz kəndindən kənara çıxaraq, başqa məktəbdə işləməyə getdi. Bu, müstəqil həyatın başlanğıcı oldu. Suqataro əldə etdiyi biliyin çox az olduğunu başa düşərək, müntəzəm təhsil almağı qarşısına bir məqsəd qoydu. 1880-ci ildə o, Okayama şəhərinin müəllimlik seminariyasına daxil olur. Suqataro burada ilk dəfə olaraq kollektiv çıxışda–iaşənin pis olduğuna qarşı etirazlarını bildirən tələbələrin tətilində iştirak edir.

Seminariyada bir il oxuduqdan sonra gənc Katayama iş axtarmaq və biliklər öyrənmək üçün Tokioya getməyi qət edir. Bu, çətin vaxt idi. Əvvəlcə o, Sekibunsya mətbəəsində yardımçı fəhlə olur, sonra isə mürəttib ixtisasına yiyələnir. Tez-tez işini dəyişməli olur. Üç il doyunca çörək yemədən gündə 10 saat işləyərək ayda iki gün istirahət etməsinə baxmayaraq, o yenilməz bir təkidlə axşamlar və gecələr kitab və dəftərlə əlləşir–oxuyur yazır, müxtəlif elmləri öyrənir.

Sen Katayama, məhz bu zaman mövcud quruluşu dəyişmək uğrunda, yapon xalqının xoş gələcəyi uğrunda mübarizə aparmaq lüzumunu dərk etməyə başladı. Onu bu işə, müəllimi R. Okanın tarixə dair əsərlərindən tərcümeyi-hallarına bələd olduğu 1868-ci il Meydzi1867–1868-ci illərin sona yetməmiş yapon burjua inqilabı. inqilabının görkəmli xadimlərinin surətləri ruhlandırırdı.

Sonralar Sen Katayama "Keçilən yol" memuarında yazmışdı: "Mövcud qayda-qanunlara qarşı məndə daxilən etiraz hissi oyandı. İnqilab dövrünün xadimləri Tokuqavın istibdadından hiddətləndikləri kimi, mən də hökumətin təcavüzkarlığından hiddətlənmişdim… Bundan əlavə mən inqilabi fəaliyyət həsrətinə düşdüm. İnqilab dövründə göstərilən şücaətlər məni ruhlandırırdı, onun xadimlərini mən fədakar və qəhrəman hesab edirdim, buna görə də onları təqdis edir və surətlərini təsəvvürümdə daha artıq canlandıraraq, hakim bürokrat güruhla müqayisə edirdim". Katayama ali təhsil almaq arzusu ilə, həm də mübarizəyə yaxşı hazırlaşmaq üçün 1884-cü ilin noyabrında Birləşmiş Ştatlara gedir; əlbəttə, bu zaman onun demək olar bir qara qəpiyi də yox idi. Katayama okeanın o tərəfində on iki ildən artıq vaxt keçirir. Burada daha nə işlər görmür: paltaryuyan, süpürkəçi, gəmi yuyan, muzdur, aşpaz və mürəttib olur. Bu, "rəngli mühacir" hər şeyə–işsizliyə, aclığa, həyasız irqçilərin təhqirinə məruz qalır, Kapitalist istismarının və irqi ayrı-seçkiliyin bütun əzab və əziyyətini çəkmiş Katayama bütün ömrü boyu zəncilərin və Birləşmiş Ştatların əmək adamlarının mənafeyini müdafiə etmiş və onların dostu olmuşdur.

Katayamanın polad iradəsi bütün bu çətinlikləri aradan qaldırmışdı. 1892-ci ildə o, Qrinel kollecini bitirib əvvəlcə bakalavr, sonra isə incəsənət magistri rütbəsi alır. Bu illərdə o, ictimai məsələlərlə, zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün mübarizə yolları axtarmaqla ciddi məşğul olmağa başlayır. 1894-cü ilin yazında Katayama bir dəstə tələbə ilə İngiltərəyə üç aylıq səfərə çıxır, bu ölkənin fəhlə hərəkatı ilə tanış olur, onun görkəmli rəhbərlərindən–Tom Mannla, Con Bernslə, Keyr Hardi ilə görüşür.

ABŞ-a qayıdaraq, Katayama, təhsilini artırmaq üçün yenidən hər cür işdə işləməkdən çəkinmir. 1895-ci ildə Katayama İyel universitetini də bitirməyə müvəffəq olur. Katayamanın dediyinə görə o, burada "ancaq ictimai məsələlərlə məşğul olmuşdur". Nəhayət, 1896-cı ildə Sen Katayama Yaponiyaya qayıdır.

Yaponiya fəhlə və kommunist hərəkatının təşkilatçısı və rəhbəri Bu dövr, Yaponiya sənayesinin çoşqun inkişaf dövrü idi. Muzdla işləyənlərin sayı sürətlə artır, müasir proletariat təşəkkül tapırdı. İlk fəhlə təşkilatları meydana gəlir, yapon proletarları öz hüququ uğrunda, hər şeydən əvvəl, əmək şəraitinin yüngülləşdirilməsi uğrunda mütəşəkkil mübarizəyə qalxmağa başlayırdı.

Əgər 1882-ci ildə elan edilmiş "Əmək üzərində nəzarət" qanunu hesaba alınmazsa, bu illər Yaponiyada əmək qanunları yox idi. Həmin qanun isə iş gününün "qısa fasilə ilə səhərdən ta qaranlıq düşənədək" davam etməsini nəzərdə tutur, təkcə yeni il bayramı gününü və müəssisənin yaradıldığı günü iş günü hesab etmirdi. Bu qanuna əsasən sahibkarlar öz mülahizəsinə görə hətta həmin "iş gününü" uzada da bilərdilər. Yapon fəhlələri olduqca az əmək haqqı alır və heç bir siyasi hüquqlara malik deyildilər. Ağır həyat şəraiti, amansız istismar və hüquqsuzluq fəhlələrin daim hiddət və etirazına səbəb olurdu. Yapon proletarlarının 70–80-ci illərdəki kortəbii çıxışları göstərirdi ki, onların yenicə meydana çıxmış təşkilatçılarının siyasi görüşləri hələ çox dolaşıqdır.

Sen Katayama bütün öz həyatını Yaponiya fəhlə sinfinin azadlığı işinə həsr etmək arzusunda idi; lakin ona şəraitdən baş çıxarmaq və düzgün mübarizə yolu seçmək üçün bir qədər vaxt tələb olunurdu.

Sen Katayama vətənində özünün ictimai-siyasi fəaliyyətinə, sosiologiyaya və müxtəlif ölkələrin fəhlələrinin hüquqları uğrundakı mübarizələrinə dair çap etdirdiyi bir neçə məqalə ilə başladı. Sonralar o, ilahiyyat doktoru Qrinin köməyi ilə 1897-ci ildə Tokionun Kand küçəsində "Kinqsli-Kan" ("Kinqsli Evi") adı ilə bir maarif idarəsi açır. Qrinin fikrincə bu idarə xristian-xeyriyyəçilik xarakteri daşımalı idi, O zaman hələ bəzi xülyaları aradan qaldırmayan Katayama bu idarə ilə əməkdaşlıq edirdi,