Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) () — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim, ədəbiyyatşünas, filosof və coğrafiyaşünas.
Məhəmməd Tağı Sidqinin maarifçi ideyaları, bədii yaradıcılığı və elmi-pedaqoji əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və maarifçi-realist ədəbiyyatın mühüm hadisəsidir. Onun ideyaları və çoxcəhətli fəaliyyəti nəinki Azərbaycan miqyasında, Qafqazda, Türkiyədə və İranda da əks-səda doğurmuş, ümummilli inkişafa ciddi təsir göstərmişdir. Məhəmməd Tağı Sidqi universal elmi biliklərə malik olan geniş dünyagörüşlü maarifçi ziyalı olmuşdur.
Həyatı Məhəmməd Tağı Sidqi 1854-cü ildə Naxçıvan mahalının Ordubad şəhərində anadan olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda mədrəsə təhsili almış, bu təhsil ocağında islam dininin əsaslarını, ərəb və fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir. Gənc yaşlarında İrana səyahət etmiş, Təbriz, Şiraz, Nişapur şəhərlərini gəzmiş, ordubadlı tacirlərin yanında kiçik ticarətlə məşğul olmuş və ailəsini dolandırmaq üçün çayxana açmışdır. Bu çayxana həmin dövrdə Ordubadda yaşayan şairlərin və açıqfikirli adamların görüş və fikir mübadiləsi yerinə çevrilmişdir.
Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci il tarixdə yazdığı "Tərcümeyi-halım" adlı xatiratında atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir:
O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş.
Böyük pedaqoq və görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəflətən vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli maarifçi şair və pedaqoqun vəfatı ümumxalq matəmi mərasiminə çevrilmişdir.
Fəaliyyəti Məmməd Tağı Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərlinski ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdurHüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 189..
Məhəmməd Tağı Sidqi Ordubadda fəaliyyət göstərən "Əncümənü-şüəra" ədəbi məclisinin ən fəal üzvlərindən biri olmuş, hətta bir müddət bu ədəbi məclisə rəhbərlik etmiş, "Əncümənü-şüəra" ədəbi məclisində iştirakı Məhəmməd Tağı Sidqinin şair kimi formalaşmasında və inkişafında mühüm rol oynamışdır.
"Tərbiyə məktəbi" Azərbaycan məktəb tarixində tədrisin ana dilində aparıldığı ilk milli məktəblərdən biri idi. Məhəmməd Tağı Sidqi dövrün maarifçi ziyalılarını məktəbin ətrafında birləşdirmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd Paşa Sultanov, Mirzə Nəsrulla Əmirov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, qələm əhlinin şeirlərini dinləyib müzakirə etmiş, Rusiya, Qafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışlar. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və təşəbbüsü ilə teatr tamaşaları göstərilmiş, ədəbi müsabiqələr, müzakirələr və yubiley gecələri təşkil olunmuşdur.
Böyük pedaqoq Məhəmməd Tağı Sidqi Azərbaycan məktəbi və pedaqoji fikri tarixində ilk dəfə olaraq rəhbərlik etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib edilmiş "Məktəbli üçün yaddaş", "Məktəbi-Tərbiyə" şagirdlərinin tapşırıqları" kimi əhəmiyyətli sənədlərdə məktəbin, müəllimin cəmiyyətdəki yeri və mövqeyi, xüsusən, yeni nəslin tərbiyələndirilməsinin əsas prinsipləri və vəzifələri öz əksini tapmışdır.
Yaradıcılığı Məhəmməd Tağı Sidqi XX əsrin II yarısı Azərbaycan maarifçi-realist ədəbiyyatının əsas yaradıcılarından biridir.
Lirikası Məhəmməd Tağı Sidqi isə ədəbi mühitdə maarifçi-şair və pedaqoq kimi qəbul edilmiş, maarifçi şeirlər yazmış, şeirdə yeni fikirlərin, maarifçi düşüncənin ifadə edilməsinə ciddi meyil göstərmişdir. Onun "Şikayətnamə", "Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şeir", "Tərcüman" qəzetinin onuncu ildönümü münasibətilə təbrik" qəzəlləri poetik irsinin maraqlı nümunələrindəndir. Şairin "Elmin şərafəti", "Məhəmmədəliyə nəsihət", "Məktəbdə", "Dərsə diqqət", "Yüz il yatandan sonra" şeirlərində maarifçi ideyalar əks olunmuşdur:
Çox tərəqqi tapıb cümlə millət,
Biz də təhsil edək istirahət.
Ciddü-cəhd eyləsin əhli-qeyrət,
Bəlkə gəlsin ələ elmü sənət.
Keçməmiş, keçməmiş vaxtı-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
Nəsri Böyük maarifçi ədib Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbiyyatında uşaq nəsrinin ilk yaradıcılarından biridir.
Məhəmməd Tağı Sidqi kiçik hekayələrində maarifçi-didaktik ideya-məzmunla yanaşı, hadisələri aydın süjet əsasında, sadə bir dillə təqdim etmək prinsipinə ciddi əməl etmiş, nəsr yaradıcılığında yığcam süjet vasitəsilə kiçik hekayənin ana xəttini, daxili məntiqini çatdırmağa uğurla xidmət etmişdir.
O, Azərbaycan ədəbiyyatında miniatür hekayənin də yaradıcısıdır. O, cəmi bir neçə sətirdən ibarət olan miniatür hekayələrində süjet qurmağı və obraz yaratmağı bacarmış və miniatür hekayələri tərbiyəvi-didaktik rəvayətlər əsasında yazmışdır.
Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. "Məktəb hekayətləri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A. S. Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır).
Publisistikası Bədii yaradıcılıqla yanaşı, Məhəmməd Tağı Sidqi mətbuat dünyası ilə də bağlı olmuşdur. O, dövrünün Rusiya, Türkiyə, İran, hətta Hindistan və Misir mətbuatı ilə tanış olmuş, müxtəlif ölkələrdən ona göndərilmiş qəzetlərin Ordubaddakı çayxanasında və burada açdığı "Əxtər" məktəbində, Naxçıvanda müdirlik etdiyi "Məktəbi-Tərbiyə"də ziyalılarla birlikdə oxunub müzakirə olunmasını təşkil etmişdir. O, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.
Pedaqoji görüşləri və dərslikləri Həyatı və fəaliyyəti maarifçilik hərəkatı ilə möhkəm surətdə bağlı olan Məhəmməd Tağı Sidqi məktəb, müəllim, təhsil, əxlaq və mənəviyyat haqqında qiymətli fikirlər söyləmiş, ustad müəllimin pedaqoji görüşləri onun "Nümuneyi-əxlaq" və "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə" dərsliklərində, "Nəsihətnamə"sində, "Məktəbi-Tərbiyə" şagirdlərinin tapşırıqları", "Məktəbli üçün yaddaş" adlı metodiki çalışmalarında öz əksini tapmışdır.
Həmçinin bax Məktəbi-tərbiyə Azərbaycan ədəbiyyatı Əxtər
İstinadlar
Mənbə
Xarici keçidlər
Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan dilində yazan şairlər