Tünd şibyəyeyən () — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.
Xarici quruluşu Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir.
Həyat tərzi Meşə biotoplarında yaşayır. Ehtimal ki, ildə iki nəsil verir. Tırtılları payız və yazda ağaclar üzərindəki şibyələrlə qidalanır. Pupu torpaqda şibyə içərisində qışlayır.
Yayılması Azərbaycanda dağətəyi və dağlıq yerlərdə yayılmışdır. Kəpənəkləri Zaqatalada, İsmayıllıda, Daşkəsəndə tapılmışdır.
Ədəbiyyat S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.
Kateqoriya:Şibyəyeyən ayıcalar