Xetaq Qazyumov (əsl adı: Xetaq Ruslanoviç Qozyumov) (24 aprel 1981; Alagir, Şimali Osetiya MSSR, Rusiya SFSR) — 2003–2007-ci illərdə Rusiyanı, 2007–2016-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, güləş mütəxəssisi. Xetaq Qazyumov 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallıqda baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medallara, 2016-cı ildə Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.

2010-cu ildə Rusiyada Dünya Çempionatının qalibi olan Xetaq Qazyumov, üç dəfə (2009, 2013 və 2014) Dünya Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qalibi olan Xetaq Qazyumov, 2009, 2010 və 2011-ci illərdə ardıcıl üç dəfə Avropa Çempionatının qızıl medalını qazanıb.

Karyerası ərzində 34 beynəlxalq turnirdə mübarizə aparan Xetaq Qazyumov, onların 21-də qızıl, 7-də gümüş, 6-da isə bürünc medala sahib olub.

Karyerası ərzində o, Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə altı dəfə (2008, 2009, 2010, 2011, 2012 və 2014-cü illər), Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə dörd dəfə (2010, 2011, 2013 və 2014-cü illər) qalib olub.

London Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində Ukrayna nümayəndəsi Valeri Andreytsevlə baş tutan görüşün gedişində Xetaq Qazyumovun qan təzyiqi normadan aşağı düşdü və o, görüşdən sonra tibbi maşınla hospitala aparıldı. Bu zaman turnirdə görüşlər davam edirdi və Valeri Andreytsev Olimpiadanın final görüşünə vəsiqə qazandı. Belə olan halda Xetaq Qazyumov təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazandı. Təsəlliverici qrupun birinci görüşüncə Tacikistan təmsilçisi Rüstəm İsgəndəri Xetaq Qazyumov ilə üz-üzə gəlməli, bu cütün qalibi isə təcrübəli İran nümayəndəsi Reza Yazdani ilə qarşılşamalı idi. Amma Reza Yazdani, Valeri Andreytsevlə görüşdə ciddi zədə aldığı üçün turnirdə mübarizəsini dayandırdı. Bu məlumat Xetaq Qazyumova veriləndən sonra o, tibbi maşının sürücüsündən onu "ExCeL London" Arenasına geri qaytarmaqlarını xahiş etdi. Qısa müddət ərzində arenaya qayıdan Xetaq Qazyumov, Tacikistan nümayəndəsi Rüstəm İsgəndəri ilə görüşə çıxdı. Qazyumov ümumi nəticədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı. Bürünc medal uğrunda görüşdə isə o, Reza Yazdani mübarizə aparmadığı üçün birbaşa qalib elan edildi.

Azərbaycan Güləş Federasiyasının (AGF) Prezidenti, dövrün vergilər naziri Fazil Məmmədov, "Xetaq Qazyumovun bu əzmi ilə qazandığı bürünc medalın, qızıl medaldan daha dəyərli" olduğunu bildirdi.

Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Üç dəfə Olimpiya Oyunlarının medalına sahib olan birinci və yeganə Azərbaycanlı sərbəst güləşçidir.

2016–2023-cü illərdə sərbəst güləş üzrə Şimali Osetiya yığmasının baş məşqçisi olub. 2023-cü il martın 15-dən isə o, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisidir.

Erkən həyatı Xetaq Qazyumov 1981-ci il aprelin 24-də Şimali Osetiyanın Alagir şəhərində anadan olub. 1988–1998-ci illərdə Alagir şəhərində 2 nömrəli orta ümumtəhsil məktəbində, 1999–2004-cü illərdə isə Vladiqafqaz şəhərindəki Dağlılar Dövlət Aqrar Universitetində ali təhsil almışdır.

1990-cı ildə Aslan Tsogoyevin rəhbərliyi altında güləşlə məşğul olmağa başlamış, 2001-ci ildən işəxsi məşqçisi Marig Tedeyev olmuşdur.

Karyerası

2002–2007-ci illər: Rusiya yığmasının heyətində 2002-ci ilin iyununda Albaniyanın Tirana şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Həmin turnirin final görüşündə o, Türkiyə nümayəndəsi Məhəmməd Səid Bingöl üzərində qələbə qazandı və gənclər arasında Avropa Çempionatının qalibi oldu.

2003-cü ilin avqustunda isə İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında çıxış etdi və turniri yeddinci pillədə başa vurdu.

Daha sonra o, 2005 və 2006-cı illərdə Rusiya yığmasının heyətində sərbəst güləş üzrə Dünya Kuboku turnirlərində mübarizə apardı və müvafiq olaraq bürünc və qızıl medallara sahib oldu.

2006-cı ilin iyulunda Rusiya Çempionatında mübarizə apardı. Turnirin qalibi olacaq güləşçilər, sentyabrda Quançjou şəhərində baş tutacaq Dünya Çempionatına yollanacaqdı. RÇ-nin final görüşündə Xetaq Qazyumov, Hacımurad Qatsalova məğlub oldu və çempionatı gümüş medalla başa vurdu.

Xetaq Qazyumov Rusiya yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə 23 yaşı olmasına baxmayaraq nüfuzlu turnirlərdə, Avropa və Dünya Çempionatlarında mübarizə aparmamışdı. Etimad göstərilməməsinin əsas səbəbi həmin illərdə sərbəst güləşi üzrə Rusiya yığmasının "bir nömrəli" güləşçisinin 2004-cü il Afina Olimpiadasının qalibi Hacımurad Qatsalovun hesab olunması idi. Məhz bu səbəbə görə Dünya və Avropa Çempionatlarında Rusiyanı Hacımurad Qatsalov təmsil edirdi. Nəticədə 2006-cı ilin sonlarında Xetaq Qazyumov vətəndaşlığını dəyişdirməyə qərar verdi. Həmin illərdə sərbəst güləş üzrə Azərbaycan yığmasının yenidən heyəti formalaşdırılırdı. Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Xetaq Qazyumova, Azərbaycan yığmasının şərəfini qorumaq barədə müraciət edildi. 23 yaşlı Xetaq Qazyumov da bu müraciətə müsbət cavab verdi və 2007-ci ildən Azərbaycan yığmasının heyətində mübarizə aparmağa başladı.

2007-ci il: Azərbaycan yığmasına gəlişi Xetaq Qazyumov Azərbaycan yığmasının heyətində birinci turnirinə 2007-ci ilin mayında Mahaçqala şəhərində baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir çərçivəsində qatıldı. Nəticələrə əsasən o, sadəcə final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.

Daha sonra iyunda Almaniyanın Leypsiq şəhərində baş tutan Almaniya Qran-Prisində mübarizə apardı. Turnirin həlledici görüşündə o, Qırğızıstan nümayəndəsi Alexey Krupnyaxov üzərində qələbə qazandı və Qran-Prinin qalibi oldu.

Sentyabrda baş tutacaq Dünya Çempionatından əvvəl 10–14 avqustda Polşada baş tutan beynəlxalq turnirdə çıxış etdi. O, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu.

2007-ci ilin əsas turniri 16–24 sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatı oldu. Həmin Dünya Çempionatında 1–8-ci pillələrin sahibi olan güləşçilər, 2008-ci ildə baş tutacaq XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Xetaq Qazyumov Dünya Çempionatında sentyabrın 21-də mübarizə apardı. 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Çin nümayəndəsi Yang Vulin oldu. X. Qazyumov görüşün birinci hissəsində 3:1, növbəti hissəsində isə 4:1 hesabları ilə qalib gəldi və ümumi nəticədə 2:0 hesabı ilə qələbə qazandı. Bununla da çempionatın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə o, Moldova təmsilçisi Nicolae Çeban ilə qarşılaşdı. Həmin görüşdə birinci hissədə 3:0, növbəti hissədə isə 8:2 hesabları ilə qalib gəldi və ümumi nəticədə 2:0 hesabı ilə qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Özbəkistan nümayəndəsi Kurban Kurbanov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Kurbanov 2:1 hesabı ilə, növbəti hissəsində isə Qazyumov 2:0 hesabı ilə qalib gəldi. Bununla da ümumi hesab 1:1 oldu və qalib üçüncü hissədə məlum oldu. Həlledici hissədə isə K. Kurbanov minimal hesabla qələbə qazandı və görüşün qalibi oldu. K. Kurbanov növbəti mərhələdə məğlub olduğu üçün X. Qazyumov təsəlliverici qrupda mübarizə apara bilmədi və Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu.

2007 Dünya Çempionatında nəticələriSıraNəticəTarixRəqibHesab1-ci hissə2-ci hissə3-cü hissəMərhələ1.Qəl.21/09/2007 Yang Vulin2:03:14:1—1/16 final mərhələsi2.Qəl. Nicolae Çeban2:03:08:2—1/8 final mərhələsi3.Məğ. Qurban Qurbanov1:21:22:00:11/4 final mərhələsi

Dünya Çempionatından sonra noyabrda Fransada baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Nəticələrə əsasən o, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu.

2008-ci il: Olimpiya Oyunlarında debüt Xetaq Qazyumov 2008-ci ildə birinci turnirinə yanvarda baş tutan Azərbaycan Çempionatı çərçivəsində qatılıdı. Turnirin final görüşündə o, Camaləddin Məhəmmədov üzərində qələbə qazandı və çempionatın qızıl medalına sahib oldu.

Azərbaycan Çempionatının qalibi olan X. Qazyumov, 8–10 fevralda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Final görüşündə İran nümayəndəsi Əmirabbas Moradini məğlub edən Qazyumov, turnirin qalibi oldu.

2008-ci ilin əsas turnirlərindən biri 1–6 apreldə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatı idi. Avropa Çempionatında 1-ci pillənin sahibi olan güləşçi avqustda baş tutacaq XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Həmin çempionat onun üçün debüt Avropa Çempionatı oldu. 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Kipr nümayəndəsi Andreas Pieri ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı (12:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə Birləşmiş Krallıq təmsilçisi Leon Rattigan ilə qarşılaşdı və 2:0 hesabı ilə qalib gəldi. Bununla da çempionatın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2004-cü il Afina Olimpiadasının qalibi olan Rusiya Federasiyası nümayəndəsi Hacımurad Qatsalov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xetaq Qazyumov rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Hacımurad Qatsalov növbəti mərhələdə məğlub olduğu üçün Xetaq Qazyumov təsəlliverici qrupda mübarizə apara bilmədi və Avropa Çempionatını yeddinci pillədə başa vurdu. Həmin görüşdən sonra Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev görüşü idarə edən referilərin qərəzli qərarlarına görə Ümumdünya Güləş Assosiasiyasına (FILA) etirazını bildirdi. FILA tərəfindən açıqlanan qərara əsasən isə görüşü idarə referilər cəzalandırılaraq çempionatdan uzaqlaşdırıldı. Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Məhəmmədxan Arazilov müsahibəsində "referilərin Olimpiya çempionuna qələbə qazanmaq üçün yardım etdiyini" bildirdi. Xetaq Qazyumov isə müsahibəsində "həm Hacımurad Qatsalovla, həm də referilərlə mübarizə aparmağa məcbur olduğunu" bildirdi.

2008 Avropa Çempionatında nəticələriSıraNəticəTarixRəqibHesab1-ci hissə2-ci hissə3-cü hissəMərhələ1.Qəl.02/04/2008 Andreas Pieri2:0———1/16 final mərhələsi2.Qəl. Leon Rattigan2:0———1/8 final mərhələsi3.Məğ. Hacımurad Qatsalov1:2———1/4 final mərhələsi

Dünya və Avropa Çempionatlarının nəticələrinə əsasən XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyən Qazyumov, 18–20 apreldə İsveçrədə baş tutan Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Həmin turnirdə 1–4-cü pillələrin sahibi olan güləşçilər, XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı.

1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə KYRM nümayəndəsi Viktor Baqdanov ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı (12:0) və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə Belarus təmsilçisi Ruslan Şeyxova qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Nixolay Şterev oldu. Bu görüşdə də rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı (12:0) və turnirin yarım final mərhələsinə adladı.

Finala gedən yolda o, Ermənistan təmsilçisi Şamil Qitinov ilə qarşılaşdı və qalib gəldi. Bununla da final görüşünə vəsiqə qazanaraq XXIX Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etdi. Formal əhəmiyyətə sahib olan final görüşündə isə o, Moldova nümayəndəsi Nikolay Çeban üzərində qələbə qazandı və turnirin qalibi oldu.

XXIX Yay Olimpiya Oyunlarından əvvəl iyunda Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirində mübarizə aparmalı idi. Amma o, səhhətində olan problemlərə görə həmin turnirdə çıxış edə bilmədi.

XXXI Yay Olimpiya Oyunları