Əhəd Əli oğlu Kərimov () — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan SSR Ali Soveti sədrinin müavini, Azərbaycan Kommunist Partiyası Şuşa (1975–1980), Laçın Rayon (1980–1981), Ucar Rayon (1981–1985) və Bərdə Rayon (1985–1990) komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.

Həyatı Əhəd Əli oğlu Kərimov 1940-cı ildə indiki Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Çapar kənd orta məktəbini bitirdikdən sonra 3 il kolxozda işləmiş, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Burada ikinci kursda oxuyarkən oxuduğu orta məktəbin Azərbaycan bölməsində müəllim işləmiş, bir ildən sonra əyani təhsilə keçərək əvvəlcə fakültə, sonuncu kursda isə universitetin komsomol təşkilatının katibi olmuşdur. Təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutuna göndərilmiş, öz istəyi ilə Mərdəkandakı çətin tərbiyə olunan uşaqlar üçün açılmış xüsusi internat-məktəbdə bir il tərbiyəçi, üç il yarım isə direktorun tərbiyə işlər üzrə müavini işləmişdir.

Azərbaycan Pedaqoji İnstitutunun Xankəndidə filialı açılan zaman burada müəllim ştatı üçün keçirilən müsabiqədə iştirak etmiş və 1970-ci ildə institutun komsomol təşkilatının katibi seçilmişdir. 1971-ci il noyabr ayında Azərbaycan LKGİ Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin ikinci katibi seçilmiş, 1975-ci ilin iyununda Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, həmin ilin dekabr ayında isə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi vəzifələrinə irəli çəkilmişdir.

1980-ci ilin yanvar ayında Əhəd Kərimov Azərbaycan KP Laçın Rayon Komitəsinin, 1981-ci ilin oktyabr ayında Ucar Rayon Komitəsinin, 1985-ci ilin dekabr ayında isə Bərdə Rayon Komitəsinin birinci katibi işləmişdir. Paralel olaraq 1987-ci ilin noyabr ayında Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Ali Sovetdə həmin iclasa sədrlik edib.

Əhəd Kərimov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.

Əhəd Kərimov 67 yaşında vəfat etmişdir.Aqil Abbas. Əhəd Kərimovun ruhuna. — adalet.az, 2008-08-03

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları