"Milli Birlik" — Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalçılığı fikrini aşılayan, milli dövlətin bərpası uğrunda yazılan məqalələr toplusu.
Yaradılması
Məhəmməd Əmin Rəsulzadə bolşevizm dövründə Azərbaycanda yeridilən ideyaların türk millətinin, azərbaycanlıların həyatına, milli ruhuna yad olduğunu göstərmək üçün «Milli təsanüd» adlı ideologiya yaratmışdır. O ərəb sözü «təsanüd»ü Avropa deyimincə «solidarizm» kimi vermişdir. «Milli təsanüd» ideologiyasının əsasları bolşeviklərin Azərbaycanda qırğınlar, sürgünlər, repressiyalarkı «kommunizm» qurduqları illərdə yaradılmışdır. Milli ideoloq kimi borcunu bilən Məhəmməd Əmin bəy Avropada yayılan liberalizm, kommunizm və başqa nəzəriyyələri araşdıraraq, Azərbaycanda yağıların yeritdiyi, milli ruha yad ideyaların yox, ancaq «Milli təsanüd» ideologiyasının yayılmasını düzgün saymışdır:Məhəmməd Əmin Rəsulzadə Milli Birlik. Bakı. “Çıraq” nəşriyyatı, 2009. 176 səh.
Milli birliyin ideologiyası
M.Ə. Rəsulzadənin əsaslarını yaratdığı «Milli təsanüd» ideologiyasında etatizm prinsipi güclüdür. O dönəmdə şərqdə etatizmə dayanan ideologiya və idarəetmə düzgün bir siyasət idi. Mustafa Kamal Atatürk də Türkiyə Cümhuriyyətində etatizmi uğurla tətbiq etmişdir. Bu prinsiplər çağdaş Azərbaycan Respublikası üçün də önəmlidir. Azərbaycanı rus-erməni-mason bolşeviklərinin əlindən qurtarmağa, qorumağa çalışan, amma əli qələmdən, yüksək ideoloji düşüncədən, siyasi konfranslar keçirməkdən başqa bir şeyə yetməyən Məhəmməd Əmin bəy deyirdi: dili, mədəniyyəti, dini, əxlaqı, ruhi-mənəvi aləmi - milləti bir olan Azərbaycanda kommunizm ideologiyasına yer ola bilməz! Burada ancaq milli birlik, milli həmrəylik ideologiyası keçərli, yaşarlı ola bilər! Milli birlik düşüncəsi çağdaş Azərbaycan Respublikasında da azərbaycançılıq ideologiyasının türkçülük, islamçılıq, çağdaşlıq ideyalarını kökləşdirən bağdır. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda kommunizm yayan yağılara deyirdi: «Hökumət demək, Leninin təbirincə, həddi zatında (özlüyündə) bir sinfin digər sinifləri əzmək və özünə tabe etmək üçün qurmuş olduğu cəbr maşınından başqa bir şey deyildir. Bunun üçün də Marksa görə, fəhlənin nə vətəni var, nə də milləti. Vətən və millət hissindən məhrum olan bu yeni insanlar zümrəsi - proletariat - «burjua diktatorluqlarını» devirərək, öz hakimiyyətini quracaq və tədriclə bütün sinifləri ortadan qaldıraraq sinifsiz və təzadsız bir cəmiyyət yaradacaq»sa, bu, insanlığın faciəsi olacaqdır! Faiq Qəzənfər oğlu Ələkbərov. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü. Bakı, “Elm”, 2007, - 270 səh.
Məqalə və Araşdırmalar
«Milli birlik» kitabındakı Azərbaycan bağı ilə bağlanmış aşağıdakılar kimi məqalə və araşdırmaları yer almışdı:
Millət olmaq əzmi; Millətçilikpatriotizm; Milli birlik; Milli əxlaq; Əski və yeni nəsil; Yanlış termin qullanmayaq; Qısılmayan bir səs; Demokratiya və Sovetlər; Ortaqlı bir gün; Qorxudan "islahat"; Rusiya köləliyində; Azərbaycanda rus müstəmləkəçilik siyasəti
Millət olmaq əzmi
Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır. Madzininin məruf (məşhur) tərifinə görə, millət: «torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna» deyilir. Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir». Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına baxmayaraq, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir.“Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara.
Millətçilik - patriotizm
Azərbaycanın ictimai-siyasi fikrində millətçilik və milliyyətçilik anlamlarının fərqi çoxlarına tam aydın deyildir. Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin yurdumuzun ən dəyərli insanlarını «millətçi» damğası ilə öldürdüyü illərdə türk dilindəki millətçi anlamının Avropadakı patriotizm termininin qarşılığı olub, patriotizmin tarix boyu, eləcə də XX yüzillikdə də bütün dünyada ən şərəfli bir ictimai-siyasi proses olduğunu deyərək, dünya ictimai fikrini bu məsələyə yönəltməyə çalışırdı. Məhəmməd Əmin bəy yazırdı: «Bir millətçi, hər Ģeydən əvvəl istiqlal davasında olan bir vətənçi - bir patriotdur» və «avropalıların patriot terminilə ifadə etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu, avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir». Məhəmməd Əmin Rəsulzadə «Millətçilik - patriotizm» məqaləsində bu məsələni daha geniş açıqlamışdır: «Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəşf və tərif edilmişdir. Bunu biz, keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayışı, coğrafi mənadakı vətəni müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər şeydən əvvəl istiqlal davasında olan bir vətənçi - bir patriotdur... Nasionalizm Qərbi Avropa demokratiyası anlayışınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən, dünyanın seyrindən (gedişindən) ayrılmış bir gerilik hərəkətidir. Halbuki patriotizm bir millətin öz müqəddəratına şəxsən özünün hakim olması və özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır. Tarixi müəyyən şərtlərin təsirilə milliyyət halından millət halına gələn topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad lazımsa, bunlara milliyyətçi nasionalist deyil, millətçi patriot, hərəkatlarına da milliyyətçilik nasionalizm deyil, millətçilik patriotizm demək lazımdır!».“Azərbaycan”, il 1, sayı 6, sentyabr 1952, Ankara.
Milli birlik
Məhəmməd Əmin Rəsulzadə 1952-ci ilin oktyabrında Ankarada yayımladığı «Azərbaycan» dərgisindəki «Milli birlik» məqaləsində yazırdı: «Millətçilik fikrinə inananların ilk vəzifəsi «Milli birlik»i mühafizə etməkdir. Bu, millətçilik fikrinin əsası və təməlidir. İnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan marksizm, kommunizm və anarxizm kimi doktrinlərin əsil qayəsi milli birlik və bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır». Nə yazıq ki, bu müştərək türk kültürü tarixin mərhəmətsiz seyri (gedişi) nəticəsində bir-birindən uzaq, müxtəlif sahələrə dağılmışdır. Müştərək düşmən də, bu ayrı-ayrı türk kültür parçalarını bir-birindən uzaqlaşdırmaq və bir-birinə yabançı qılmaq üçün əlindən gələn hər şeyi etmiş və hələ də durmadan etməkdədir. İndi, bu durum qarşısında türk gəncliyinə düşən əsil vəzifə, bu ucsuz-bucaqsız türk kültürünə bütün özəlliklərilə tanımaq, öyrənmək, sevmək, mənimsəməli və tanıtmaqdır.“Azərbaycan”, il 1, sayı 12, 1 mart 1952, Ankara.
Milli əxlaq
Bəşər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və sabit bir takım əxlaq qaydaları vardır. Fərdlərdən insan topluluğu dürüst olmalarını, doğru söyləmələrini, hiylə və təzvirə (yalana) baş vurmamalarını, içlərilə dışlarının bir olmasını, başqalarının haqq və hürriyyətlərinə təcavüz etməmələrini, dost və müxaliflərinin fikirlərinə sayğı göstərmələrini, qiybət və iftiradan sakınmalarını, hırs (sonsuz arzu), kin və xudbinlik kimi kötü hisslərə əsir olmamalarını, tərbiyə və nəzakətdən ayrılmamalarını, vətən və millətlərinə bağlı qalmalarını, yurddaşlarına əzəmi (böyük) yardımda bulunmalarını, məmləkət qanun və nizamlarına son dərəcə riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalışmalarını, ailə və əqrabalıq bağlarını qutsal saymalarını, övladlarını vətənə xeyirli olacaq şəkildə yetişdirmələrini, yurd və millətlə ilgili işlərdə böyük fəraqat (fədakarlıq) göstərmələrini tələb etməkdədir.
Bunları eynilə edənlərə cəmiyyət əxlaq və səciyyə sahibi bir insan, vətənpərvər, mükəmməl bir vətəndaş, müşfiq bir ata və milli qəhrəman kimi izafə edər. Əksini işləyənlərə milli topluluğun enində-sonunda nə kimi damğalar vuracağı da məlumdur! Bütün bu ümdələrə riayət edən millətlərə insanlıq camiası irəli, kültürlü, səciyyəli, zində (sağlam) və istiqbalı gələcəyi parlaq millətlər deyə qiymət verir. Əks yolu tutanlara bəşər topluluğu da, tarix də mütəfəssih (çökmüş), çürümüş və ölümə məhkum millətlər damğasını vururlar. Tarix boyunca milli dövlət qurmağa və yaşatmağa müvəffəq olmuş və ün salmış millətlər, həm əxlaq və səciyyələri etibarı ilə sağlam olan və sağlam qalmış millətlərdir. Əxlaq və fəzilət fərdləri yüksəltdiyi kimi, onu daşıyan millətə qarşı dünya ictimai fikrinin bəsləyəcəyi etibar və etimadı da get-gedə yüksəldə və artıra bilir və beləcə milli davanın təhəqqüqünü (gerçəkləşməsini) bir xeyli qolaylaşdırır. Səciyyəsi düzgün və sağlam bir millət gələcəyindən əmin ola bilir. Çünki milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir.“Azərbaycan”, il 1, sayı 11, fevral 1953, Ankara.
Əski və yeni nəsil
İnsan övladı yavru olaraq dünyaya doğular, ata və anasının himayəsi altında böyüyüb yetişərək gənclik, olğunluq, yaşlılıq və ixtiyarlıq mərhələlərini aşdıqdan sonra yerini və edindiyi təcrübələri yeni nəslə buraxaraq dari bekaya (sonsuzluğa) intiqal edər. Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və gələcəyi təhlükəyə məruz qala bilir. Əlbəttə, yeni nəsil əskilərin kötü ehtiraslarını heç bir surətlə təvarüs etməməli və bunları hakir (dəyərsiz) görmə fəzilətini öz ruhunda daim qüvvətləndirməlidir. Gəncliyin tək şüarı millətə fərağatla və təmiz bir qəlblə xidmət olmalıdır. Belə bir gəncliyi olan millət, halından və istiqbalından (gələcəyindən) tamamilə əmin ola bilir.“Azərbaycan”, il 1, sayı 12, mart 1953, Ankara.
Yanlış termin qullanmayaq
Çağdaş mədəniyyətə ayaq uydurmağa mətuf (yönəlmiş) islahat hərəkətinə bizdə qərbliləşmək və avropalılaşmaq adı verilməkdədir. Geri qalmış şərq məmləkətlərini «Qərb mədəniyyətinə» ulaşdırmaq yolunda radikal üsullara baş vuran milli türk inqilabının ideologiyasını işləyənlər Şərq mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədəniyyət anlamlarını qarşılaşdırarkən əsaslı bir xətaya düşür, yanlış termin qullanırlar. Milli türk devrimi Şərqi atır, Qərbi tuturmuş, şərq mədəniyyət dəyişdirirmiş, Qərb mədəniyyətini almaq tarixi zərurətmiş və sairə...
Halbuki sui təfsirlərə məhəl vermədən bir bütün olaraq ələ alınan dünya mədəniyyətini Şərqə və Qərbə ayırmadan üfqi deyil şaquli ayrılıqlarından bəhs etmək daha doğru və daha makuldur (ağlabatandır). Millətçi Türkiyə bugünkü gənc şərqlilərə örnək olaraq etdiyi devrim həmləsilə Şərqdən sıyrılıb Qərbə qatılmır, geri ortaçağ səviyyədən çıxaraq irəli çağdaş səviyyəyə yüksəlir.“Azərbaycan”, il 1, sayı 8, noyabr 1952, Ankara.
Qısılmayan bir səs