25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib. Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib.
Təyyarə Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilmişdir. Elə həmin ildə AZAL tərəfindən alınmışdır. Təyyarə 4K-AZ65 quyruq nömrəsinə sahib idi. Qəzaya qədər ümumilikdə 9949 eniş həyata keçirib, ümumi uçuş müddəti isə 15257,22 saat olub. Son dəfə texniki yoxlanışdan 18 oktyabr 2024-cü ildə keçib. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Qəza
Təyyarə Azərbaycan vaxtı ilə saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də (UTC+03:00) qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni "birbaşa rejimdə" idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb. Təyyarənin qəza görüntülərində yerə çırpılma zamanı eniş şassilərinin işə salındığı görünür. Təyyarə dik bucaq altında yerə çırpılıb, ilk olaraq sağ qanadı yerə dəyib. Sonra çevrilib və partlayış baş verib. Təyyarə iki böyük hissəyə bölünüb, tezliklə ərazidə yanğın başlayıb. Təyyarənin quyruq hissəsi əsas dağıntılardan uzaqda başıaşağı dayanıb və yanğından zərər görməyib.
Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib. Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır vəziyyətə gətirilib. Təyyarə Qazaxıstan hava məkanına yerli vaxtla 11:00-da daxil olub və Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Daha sonra uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb. Lakin saat 11:28-də ekipajla əlaqə itib və təyyarə qəza enişi edib.
Saat 10:53-də Rusiya tərəfi Qazaxıstana AZAL təyyarəsinin oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduğu barədə yanlış məlumat verib.
İlkin məlumatlara görə təyyarədə yaranan nasazlığın səbəbi havada olarkən quş sürüsü ilə toqquşma, və ya Rusiya ərazisində Pantsir-S1 ilə vurulmadır. Aviasiya ekspertlərinin fikirincə füzelyajda olan dəliklər təyyarənin məhz hava hücumundan müdafiə sisteminin raketinin partlaması nəticəsində baş verdiyindən xəbər verir, quş sürüsu ilə toqquşma zamanı isə bu cür dəliklər əmələ gəlmir, əsasən mühərriklər sıradan çıxır və təyyarə sadəcə düşməyə başlayır.
Təyyarənin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülər yayılıb. Qazaxıstan Baş nazirinin müavini bu iddialara xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağı şəklində münasibət bildirib.
Zaman qrafiki +Vaxt (AZT, UTC+5)Hadisə07:56Təyyarə qalxır08:40Təyyarə radarından itir09:35Pilot 7700 kodu verir09:49Pilot təcili eniş tələb edir10:02 (11:02 AQTT)Təyyarə Qazaxıstanın hava məkanına daxil olur10:07 (11:07 AQTT)Təyyarə yenidən radara girir10.28 (11:28 AQTT)Təyyarə ilə radioəlaqə kəsilir10:30 (11:30 AQTT)Təyyarə eniş cəhdi edərkən qəzaya uğrayır11:05 (12:05 AQTT)Yanğınsöndürənlər yanğını söndürürlər thumb|300x300px|8243 saylı uçuşun son anlarının 2 km miqyaslı xəritəsi
Heyət üzvləri və sərnişinlər Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Hazırda 38 nəfərin öldüyü məlumdur. 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, digərlərinin isə vəziyyəti orta-ağır qiymətləndirilir.
Göyərtədə ümumilikdə 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü vəfat edib, 14-ü sağ qalıb. Rusiya vətəndaşlarının sayı 16 olub, onlardan 7-si vəfat edib, 9-u sağ qalıb. Qırğızıstan vətəndaşlarının 3 də sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı vəfat edib.
Ekipaj Ekipaj 5 nəfərdən ibarət olub. Təyyarənin pilotlarının davranışı qəhrəmanlıq kimi qiymətləndirilir.
Hava gəmisinin kapitanı – İqor Kşnyakin. 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub. Təqaüdə çıxmasına 2 ay qalmışdı.
Köməkçi pilot – Aleksandr Kalyaninov. Bakı Avropa Liseyində təhsil alıb. 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb. Qəzaya qədər bir il idi ki, pilot kimi fəaliyyət göstərirdi.
Təyyarə bələdçisi Hökumə Əliyeva həlak olub. Təyyarə bələdçiləri Zülfüqar Əsədov və Aydan Rəhimli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Pilotlar və bələdçi Hökumə Əliyeva hadisə zamanı fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Stüard Zülfiqar Əsədov və stüardessa Aydan Rəhimli fədakarlıq göstərdiklərinə görə 1-ci dərəcəli Rəşadət Ordeni ilə təltif olunublar.
Həlak olmuş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib. + Ölkələrinə görə ekipaj və sərnişinlər Ölkə Sərnişin Ekipaj CəmiSağ qalan sərnişin sayı Sağ qalan ekipaj sayı İstinad Azərbaycan 37 5 4214 2 Qazaxıstan 6 6 Qırğızıstan 3 33 Rusiya 16 169 Cəmi 62 5 6726 2
Hadisədən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq qrupu Qazaxıstana ezam olunub.
Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb. Təyyarə endikdən dərhal sonra hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. thumb|Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib. 25 dekabr 2024 Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri baş vermiş hadisəni araşdırmaq üçün Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.
Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb.
Qazaxıstan Qan Bankı Mərkəzi təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların effektiv müalicəsi üçün qan verilməsinə ehtiyac olduğunu elan edib. Daha sonra qanvermə aksiyasına qoşulmaq üçün 300-ə yaxın insan toplaşıb.
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb.
Təyyarə qəzasının nəticələrini lentə almaq üçün drondan istifadə edərək ictimai asayişi pozmuş bloqer Azamat Sarsenbayev Aktauda polis tərəfindən həbs edilib. O, xilasetmə və istintaq işlərinə müdaxilə edib və polisin göstərişlərinə əməl etməyib. Sarsenbayev saxlanılması barədə Instagram-da paylaşıb və səlahiyyətlilər onu sonrakı hüquqi tədbirlər üçün polis şöbəsinə aparıblar.
AZAL J2–8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi haqda qərar qəbul edib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda baş vermiş təyyarə qəzasında sərnişinlərinin xilas edilməsində cəsarət, peşəkarlıq nümayiş etdirmiş bir qrup şəxsi mükafatlandırıb. Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
İnternetdə AZAL-ın pilotları ilə Qroznıda dispetçer arasında danışıqların stenoqramı yayılıb. Lakin bu stenoqramın həqiqiliyini sübuta yetirən heç bir rəsmi dəlil təqdim olunmayıb. 24 yanvar 2025-ci ildə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dərc olunan stenoqramların AZAL-ın “qara qutuları”nın materiallarından fərqləndiyini bildirib.
22 dekabr 2025-ci ildə Azərbaycan Milli Tarix Muzeyində 25 dekabr 2024-cü ildə Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirildi.
Reaksiyalar thumb|8243 saylı təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının Moskvaya daşınması Serbiya Prezidenti Aleksandar Vuçiç, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Tacikistan Prezidenti Emoməli Rəhmon, İsrail prezidenti İsaak Hersoq, Fələstin Prezidenti Mahmud Abbas, Çin Sədri Si Cinpin, Xorvatiya Prezidenti Zoran Milanoviç, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, İtaliya Prezidenti Sercio Mattarella, Rumıniya Prezidenti Klaus Yohannis, Finlandiya Prezidenti Aleksandr Stubb, Macarıstan Prezidenti Tamaş Şuyok, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ, Böyük Britaniya, İsrail, Belçika İtaliya, Fransa, Almaniya səfirlikləri, Gürcüstan XİN, Ruminya XİN, Türkiyə XİN, Litva XİN, İordaniya XİN, Misir XİN, Polşa XİN, Səudiyyə Ərəbistanı Krallığı XİN, Yaponiya XİN, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Türk Dövlətləri Təşkilatı, ICESCO, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Burkina Faso prezidenti İbrahim Traore təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycanın futzal üzrə Yüksək Liqasının 8-ci turunun və Azərbaycan kubokunun həmin günkü oyunlarının 1 dəqiqəlik sükutla başlanmasına qərar verilib. Matəm günü ilə əlaqədar olaraq Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının, o cümlədən Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri təxirə salınıb. Həmçinin teatr-konsert müəssisələrində də həmin tarixə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınmışdır.
Təyyarə qəzasında həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verməməsi Azərbaycanın sosial şəbəkə seqmentində birmənalı qarşılanmayıb. Yerli mediada "dost dosta tən gəlmədi" konteksində tənqidi yazılar dərc olunub. Tənqidi yazılardan sonra Ukrayna Xarici işlər naziri Azərbaycana başsağlığı verib. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycana başsağlığı verib.