İnnovasiya iqtisadiyyatı və ya İnnovativ iqtisadiyyat — daimi texnoloji təkmilləşdirməyə, yüksək əlavə dəyərli yüksək texnologiyalı məhsulların və texnologiyaların istehsalına və ixracına, habelə innovasiya axınına əsaslanan iqtisadiyyat tipidir. Hesab olunur ki, bu modeldə mənfəətin əsas mənbəyi maddi istehsal (industrial iqtisadiyyat) və ya kapitalın konsentrasiyası deyil, innovatorların və alimlərin intellektual fəaliyyəti, habelə informasiya sferasıdır.
Mahiyyəti
İnnovasiya iqtisadiyyatı iki fundamental prinsipə əsaslanır: iqtisadi siyasətin əsas məqsədi innovasiyalar vasitəsilə daha yüksək məhsuldarlığı stimullaşdırmaqdır; yalnız resurslara və qiymət siqnallarına arxalanan bazarlar isə məhsuldarlığın artırılması və iqtisadi artımın təmin edilməsində hər zaman effektiv olmur.
İnnovativ iqtisadiyyatda insan kapitalı əsas hərəkətverici qüvvə hesab olunur və təhsil, elmi-tədqiqat (R&D) sahələrinə qoyulan investisiyalar ölkənin rəqabət qabiliyyətliliyini müəyyən edən başlıca amillərdir.
Yaranma tarixi
İqtisadiyyat sahəsində innovasiya məsələlərini tədqiq edən ilk və ən mühüm alimlərdən biri Yozef Şumpeter olmuşdur. Müasiri Con Meynard Keynsdən fərqli olaraq, Şumpeter iddia edirdi ki, iqtisadi artımın təməlində inkişaf edən institutlar, sahibkarlar və texnoloji dəyişikliklər dayanır. O qeyd edirdi ki, "kapitalizmi yalnız daimi innovasiyaların və «yaradıcı dağıdıcılığın» () təkamül prosesi kimi başa düşmək olar".
İnnovativ iqtisadiyyat əməyin ümumi məhsuldarlıq amilinin artımındakı əsas suallara cavab tapmağa çalışmışdır. İstehsalın davamlı artımını artıq yalnız industriallaşma dövründə olduğu kimi istehsal prosesində istifadə olunan resursların miqdarının artırılması ilə izah etmək mümkün deyil. Beləliklə, innovativ iqtisadiyyat firmanın və təşkilatın qərar qəbul etmə nəzəriyyəsinə təsir edən iqtisadi yaradıcılıq nəzəriyyəsinə yönəlmişdir. Bu yanaşma, yeni informasiya və kommunikasiya texnologiyalarının dünya iqtisadiyyatına təsirini daxil etməklə, yeni texnoloji sistemlərin şumpeterçi analizini daha da genişləndirir.
Həqiqətən də, son onillikdə iqtisadi artımla bağlı innovasiya yönümlü yeni bir nəzəriyyə və yanaşma ortaya çıxmışdır. İnnovasiya iqtisadiyyatı yeni institusional iqtisadiyyat, yeni artım nəzəriyyəsi, endogen artım nəzəriyyəsi, təkamülçü iqtisadiyyat və neo-şumpeterçi iqtisadiyyat daxil olmaqla, müxtəlif iqtisadi düşüncə məktəbləri əsasında formalaşır. Bu, müasir bilik iqtisadiyyatında artımı izah edən və onu dəstəkləməyə kömək edən iqtisadi baza yaradır.
İnnovativ iqtisadiyyatın aparıcı nəzəriyyəçiləri sırasına həm iqtisadçılar, həm də idarəetmə nəzəriyyəçiləri, texnoloji siyasət üzrə mütəxəssislər və digərləri daxildir. Onların arasında Pol Romer, Elhanan Helpman (), Brayan Artur (), Robert Akstell (), Riçard Nelson (), Riçard Lipsi (), Maykl Porter və Kristofer Frimanı () qeyd etmək olar.
Nəzəriyyə
İnnovasiya iqtisadçıları hesab edirlər ki, biliklərə əsaslanan müasir iqtisadiyyatda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi, neoklassik nəzəriyyənin iddia etdiyi kimi kapital cəmlənməsi deyil, aktiv biliklərin və texnoloji xarici təsirlərin (eksternaliya) birləşməsindən yaranan innovasiya potensialıdır. İnnovativ iqtisadiyyatda iqtisadi artım dərketmənin son məhsuludur; bura sahibkarlıq/təşəbbüskarlıq və innovasiyalar üçün imkan yaradan rejim və qaydalar (məsələn, tədqiqat və inkişaf xərcləri, icazələr, lisenziyalar), əməkdaşlıq edən firmalar arasındakı texnoloji eksternaliyalar, innovasiya sistemləri və innovativ mühitlərin (yəni klasterlər, aqlomerasiyalar, meqalopolislər) yaradılması daxildir.
1970-ci ildə iqtisadçı Milton Fridman "New York Times" qəzetində qeyd etmişdi ki, biznesin yeganə məqsədi öz səhmdarları üçün mənfəət əldə etməkdir; başqa missiyalar ardınca gedən şirkətlər isə daha az rəqabətqabiliyyətli olacaq və nəticədə sahibkarlar, işçilər və cəmiyyət üçün faydalar azalacaqdır. Lakin son bir neçə onilliyin göstəriciləri sübut edir ki, mənfəət vacib olsa da, müvəffəqiyyətli firmalar bazara innovasiyalar təqdim etməklə daha böyük töhfələr verirlər. Bu, iqtisadi artıma, məşğulluğa, mənfəətə və digər sosial rifah amillərinə müsbət təsir göstərir. Biznes məktəbi professoru Devid Alstrom iddia edir ki, "biznesin əsas məqsədi cəmiyyət üçün fayda təmin edərək, iqtisadi artımı stimullaşdıran yeni və innovativ mal və xidmətlər hazırlamaqdır".
İqtisadi düşüncədəki fərqlərə baxmayaraq, hər iki baxış bucağı eyni təməl prinsiplərə əsaslanır: iqtisadi artımın təməli amillərin istifadəsinin optimallaşdırılmasıdır və müvəffəqiyyətin ölçüsü bu amillərin nə dərəcədə yaxşı optimallaşdırılması ilə müəyyən edilir. Amillərdən asılı olmayaraq, bu proses xüsusi qabiliyyətlərin üzə çıxmasına, müxtəlif nisbi qiymətlərə və istehsal proseslərinə gətirib çıxarır. Beləliklə, nəzəri konsepsiyalardakı fərqliliklərdən başqa, innovativ iqtisadiyyat hakim iqtisadi nəzəriyyə ilə kəskin ziddiyyətdə qalmaqdansa, onun daxilində inkişaf üçün münbit zəmin tapa bilər.
Sübutlar
Dünya miqyasında yığılmış empirik məlumatlar texnoloji innovasiyalar ilə iqtisadi göstəricilər arasında müsbət əlaqənin olduğunu göstərir. İnnovasiya potensialı 1981–2004-cü illər arasında, xüsusilə də 1990-cı illərdə Hindistan və Çində Ümumi Daxili Məhsulun (ÜDM) artımının böyük bir hissəsini izah edir. Bu ölkələrin tədqiqat və inkişaf (R&D) xərclərinə və heyətinə, patentlərə və yüksək texnologiyalı məhsul/xidmət ixracına etdikləri böyük investisiyalar hesabına formalaşdırdıqları Milli İnnovasiya Sistemi onların innovasiya potensialını gücləndirmişdir. Hər iki ölkədə elm sektorunun biznes sektoru ilə birləşdirilməsi, innovasiya fəaliyyəti üçün stimulların yaradılması, eləcə də texnologiya idxalı ilə yerli tədqiqat və inkişaf səylərinin balanslaşdırılması son onilliklərdə sürətli iqtisadi artıma səbəb olmuşdur.
Bundan əlavə, Xarici Əlaqələr Şurası () bəyan etmişdir ki, 1970-ci illərin sonundan bəri ABŞ texnoloji dəyişikliklərə aqressiv canatması sayəsində dünya sərvətindən qeyri-mütənasib dərəcədə böyük pay əldə etmişdir. Bu, texnoloji innovasiyaların dayanıqlı iqtisadi göstəricilər üçün mərkəzi katalizator olduğunu nümayiş etdirir. Təcrübə göstərir ki, innovasiyalar davamlı iqtisadi artıma] və adambaşına düşən gəlirin yüksəlməsinə birbaşa kömək edir.
İnnovativ iqtisadiyyatın əsas prinsipləri, əlamətləri və göstəriciləri
İnnovativ iqtisadiyyat aşağıdakı əsas prinsiplər, əlamətlər və göstəricilərlə xarakterizə olunur: İqtisadi azadlıq indeksinin yüksək olması; Təhsil və elmin yüksək inkişaf səviyyəsi; İqtisadiyyatın 4–6-cı texnoloji üsullarına (ukladlarına) sahib olması; Həyat keyfiyyətinin yüksək və rəqabətqabiliyyətli olması; Geniş mənada insan kapitalının dəyərinin və keyfiyyətinin yüksək olması; İqtisadiyyatın yüksək rəqabətqabiliyyətliliyi; İnnovativ müəssisələrin (60–80%-dən çox) və innovativ məhsulların kapital əvəzləməsində yüksək payı; Rəqabət və innovasiyalara olan yüksək tələbat; İnnovasiyaların bolluğu və bunun nəticəsi olaraq rəqabət hesabına onların bir hissəsinin effektivliyinin təmin edilməsi; Yeni bazarların təşəbbüskarı olmaq; Bazarların müxtəlifliyi prinsipi; Biliklər sənayesinin inkişafı və biliklərin yüksək ixrac potensialı.
Nümunələr
Kaliforniyadakı Silikon vadisində yarımkeçiricilər və informasiya texnologiyaları Nyu-Yorkda maliyyə məhsulları və xidmətləri Heydərabad (Hindistan) və Bostondakı (Massaçusets/ABŞ) Genom vadisində biotexnologiyalar Nyu-Yorkun Texniki vadisində nanotexnologiyalar (Nanomiqyaslı Elm və Mühəndislik Kolleci) Cənubi Yorkşirdə (Böyük Britaniya) dəqiq maşınqayırma Rio-de-Janeyroda (Braziliya) neft-kimya kompleksləri Pekin (Çin Xalq Respublikasında qatar, lokomotiv və dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalı.
İnnovativ iqtisadiyyatın infrastrukturu
İnnovativ iqtisadiyyatın inkişafı və yeni bazarların formalaşması prosesini stimullaşdırmaq üçün xüsusi innovasiya infrastrukturu və innovasiya prosesini dəstəkləyən institutlar yaratmaq zəruridir:
İnnovasiyalara olan tələb və təklifin, habelə onların bolluğunun formalaşması məqsədilə rəqabətin inkişaf etdirilməsi; Effektiv elmtutumlu istehsalatların, sektorların və sahələrin yaradılması; Texnologiyaların diffuziyası (yayılması) proseslərinin istehlakçılara qədər çatdırılmasının formalaşdırılması; İqtisadiyyatın və infrastrukturun modernləşdirilməsi; İnsan kapitalının kreativlik və innovativlik istiqamətində inkişaf etdirilməsi və effektivliyinin artırılması; Tədqiqat layihələrinin, tədqiqat istiqamətlərinin, eləcə də elmi və mühəndis kollektivlərinin müstəqil ekspertizası; İnnovativ iqtisadiyyat sahəsindəki münasibətləri tənzimləyən qanunvericilik bazası; Yeni məhsulların tətbiqi risklərini azaltmağa və tərtibatçı kollektivlərin səylərini əlaqələndirməyə imkan verən Forsayt mərkəzləri, forsayt layihələri və "yol xəritələri"nin yaradılması; Gələcəyə dair baxış formalaşdırmağa imkan verən müxtəlif ekspert və elmi proqnozlaşdırma təşkilatları, icmaları və şəbəkələri; Yalnız alim və mühəndislər deyil, həm də innovativ layihələri irəli aparmağa qadir olan sahibkarlar yetişdirən ixtisaslaşmış təhsil mərkəzləri (məsələn, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti), institutlar və məktəblər; Texnologiyaların və işləmələrin kommersiyalaşdırılması mərkəzləri.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Innovation Economics: The Economic Doctrine for the 21st Century Books and Journal Articles on Innovation Economics Innovation Economics: The Integration and Capitalization of Knowledge Innovation Economics Roundtable Business Week Podcast – Innovation Economics Business Models Innovation Innovation Economics in practice for city/regional growth and economic development
Kateqoriya:İnnovasiya iqtisadiyyatı Kateqoriya:İnnovasiya Kateqoriya:Makroiqtisadiyyat nəzəriyyələri Kateqoriya:İqtisadi artım