Yaşıl plan və ya Qrün planı () — İkinci Dünya müharibəsindən əvvəl Çexoslovakiyaya qarşı təcavüzkar bir müharibə aparmaq üçün Nasist Almaniyası tərəfindən hazırlanmış hərbi plan idi. Planın bəzi psixoloji müharibə və hərbiləşdirilmiş (paramilitar) fəaliyyətləri reallaşdırılsa da, nəzərdə tutulan açıq müharibə Münxen sazişinə görə baş tutmamışdır.
Tarixi
İlk dəfə 1937-ci ilin sonlarında hazırlanan plan, hərbi şərait və tələblər dəyişdikcə yenidən nəzərdən keçirilmişdir. Planın son redaksiyasında hücumun 28 sentyabr 1938-ci ildə başlanması nəzərdə tutulurdu. Lakin Fransa və Böyük Britaniyanın Çexoslovakiya naminə müharibəyə girməkdə istəksiz davranması və hər iki dövlətin Nasist Almaniyasını sakitləşdirmək üçün siyasi iradə nümayiş etdirməsi planın icrasını gecikdirmişdi. 30 sentyabr 1938-ci ildə reallaşan Münxen Konfransı nəticəsində Münxen sazişi imzalandıqdan sonra bu plan tamamilə ləğv edilmişdir.
Sərhəd vilayətlərini Almaniya, Polşa və Macarıstana güzəştə gedən Çexoslovakiya, sərhəd istehkamlarının böyük hissəsini itirmiş və hər hansı bir işğalçı qüvvəyə qarşı müdafiə qabiliyyəti xeyli zəifləmişdir. 13 mart 1939-cu ildə Adolf Hitler və İoahim fon Ribbentrop Yozef Tisoya növbəti saatlarda Bohemiya və Moraviyanın işğal ediləcəyinə dair geri dönüşü olmayan qərar barədə məlumat vermişdilər; Slovakiyanın isə öz taleyini özünün müəyyənləşdirəcəyini bildirirdilər. Nasistlərin ultimatumu başa çatdıqdan qısa müddət sonra birinci Slovakiya Respublikası elan edilmişdi. Bundan dərhal sonra Hitler Çexiya prezidenti Emil Haxanı qəbul edərək, Alman ordusunun Çex torpaqlarını işğal etmək üzrə olduğunu və hər hansı bir müqavimətin nasistlər tərəfindən qətiyyətlə yatırılacağını bəyan etmişdi. 15 martda Almaniya Çexiyanın geridə qalan hissəsini (Unternehmen Südost, Almanca: Cənub-Şərq Əməliyyatı) işğal etmiş və Bohemiya və Moraviya protektoratlığını yaratmışdı. "Fall Grün" adı daha sonralar İrlandiyanın işğalı planına verilmişdir.
Psixoloji müharibə
"Fall Grün" planları həm Çexoslovakiya daxilində, həm də onun müttəfiqlərinə qarşı yönəlmiş psixoloji müharibədə mühüm rol oynayırdı. Daxili səviyyədə Çexoslovakiya hökuməti və xalqı qorxudulmalı, onların özlərini müdafiə etmək iradəsi qırılmalı idi; eyni zamanda etnik alman azlığı (əsasən Almaniya və nasist tərəfdarları) ölkəni daxildən zəiflətməli və sabitliyi pozmalı idi. Beynəlxalq səviyyədə isə əlaqələndirilmiş nasist psixoloji və təbliğat müharibəsi ölkəni elə bir həddə qədər təcrid etməyi hədəfləyirdi ki, Çexoslovakiya hər hansı bir təcavüz qarşısında müdafiə ümidini itirərək tək qalsın. Müasir media vasitələri, xüsusilə də radio, nasistlərin psixoloji müharibəsində aparıcı rol oynayırdı. Çexoslovakiya daxilində Nasist Almaniyası Sudet Alman Partiyası ilə yanaşı, onun "Freiwilliger Schutzdienst" adlı hərbiləşdirilmiş təşkilatının fəaliyyətinə də arxalanırdı.
Elan edilməmiş Almaniya-Çexoslovakiya müharibəsi
17 sentyabr 1938-ci ildə Adolf Hitler Çexoslovakiyada fəaliyyət göstərən etnik alman təşkilatı — bir gün əvvəl Çexoslovakiya rəhbərliyi tərəfindən qadağan edilmiş "Freiwilliger Schutzdienst / Ordnersgruppe"nin strukturunu təhvil alan hərbiləşdirilmiş "Sudetendeutsches Freikorps" təşkilatının yaradılması barədə əmr vermişdi. Bu təşkilat Almaniya rəsmi dairələri tərəfindən himayə olunur, təlim keçir və təchiz edilirdi; eyni zamanda Çexoslovakiya ərazilərinə qarşı sərhədyanı terror əməliyyatları həyata keçirirdi. Çexoslovakiya prezidenti Edvard BeneşPrezident Beneşin 16 dekabr 1941-ci il tarixli bəyanatı və Mühacir Çexoslovakiya hökumətiMühacirətdəki Çexoslovakiya hökumətinin 22 fevral 1944-cü il tarixli qeydi Təcavüzün Tərifi Konvensiyasına əsaslanaraq, sonradan 17 sentyabr 1938-ci il tarixini elan edilməmiş Almaniya-Çexoslovakiya müharibəsinin başlanğıcı kimi qəbul etmişdilər. Bu hüquqi yanaşma 1997-ci ildə Çexiya Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də təsdiq olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İkinci dünya müharibəsində ləğv edilmiş hərbi əməliyyatlar Kateqoriya:Hərbi planlar Kateqoriya:1937-ci ildə yarananlar Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:Almaniyanın hərb tarixi Kateqoriya:Çexoslovakiya İkinci Dünya müharibəsində Kateqoriya:İkinci dünya müharibəsində ləğv edilmiş hərbi əməliyyatlar Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:İkinci Dünya müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:Nasizm Kateqoriya:Vermaxt Kateqoriya:Münxen sazişi Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri