mini|sağ|180px|Elektron Yəhudi Ensiklopediyasının əsasını təşkil edən "Qısa Yəhudi Ensiklopediyası"nın çap variantı
Qısa Yəhudi Ensiklopediyası və ya Elektron Yəhudi Ensiklopediyası (; qısaldılmış forması — EYE) — internet şəbəkəsində rus dilində fəaliyyət göstərən onlayn ensiklopediya. İnternet ünvanı eleven.co.il formasındadır.
Bu ensiklopediya 2005-ci ildə, Yerusəlim şəhərində 1976–2005-ci illərdə "Diaspor Yəhudi İcmalarının Tədqiqi Cəmiyyəti" tərəfindən Yerusəlim İvrit Universitetinin dəstəyi ilə nəşr olunmuş 11 cildlik "Qısa Yəhudi Ensiklopediyası"nın (QYE) təkmilləşdirilmiş, yenilənmiş və genişləndirilmiş rəqəmsal versiyası kimi istifadəyə verilmişdir. QYE, Rusiyada işıq üzü görmüş məşhur Brokhauz və Efronun "Yəhudi Ensiklopediyası"nın nəşrindən sonra sovet və postsovet məkanında yəhudişünaslıq (iudaika) sahəsində yetmiş illik fasilədən sonra rus dilində ərsəyə gətirilmiş yeganə irihəcmli fundamental sahəvi ensiklopedik nəşrdir.
Yaradılma konsepsiyası və məzmunu Layihə ilkin mərhələdə ingilis dilində çıxan 16 cildlik "Encyclopaedia Judaica" ensiklopediyasının rus dilinə qısaldılmış tərcüməsi kimi planlaşdırılsa da, işin gedişatında onun konsepsiyası tamamilə dəyişdirilmiş və müstəqil elmi nəşr yaradılmasına qərar verilmişdir. Ensiklopediyanın hazırlanmasında bir çox tanınmış İsrail alimlərinin, ictimai xadimlərinin və elmi məsləhətçilərinin iştirak etdiyi geniş redaksiya heyəti fəaliyyət göstərmişdir. Nəşrdə elmi ədəbiyyatda "yəhudi sivilizasiyası" adlandırılan mədəni-tarixi kompleksə aid terminlər dərindən izah edilmişdir. Ensiklopediyaya Talmud, Bibliya, Kabbala, Xasidizm, yəhudi fəlsəfəsi, ədəbiyyatı və incəsənəti, İvrit və digər yəhudi dilləri ilə dialektləri haqqında fundamental məlumatlar daxil edilmişdir. Həmçinin burada qədim və müasir yəhudi tarixinin ictimai-siyasi aspektləri, Haskala (Yəhudi Maarifçiliyi), Sionizm, Holokost soyqırımı, yəhudi mənşəli görkəmli elm və mədəniyyət xadimlərinin bioqrafiyaları, müasir İsrail Dövlətinin coğrafiyası, tarixi, mədəniyyəti və siyasətinə dair geniş materiallar yer almışdır.
Dil və transliterasiya xüsusiyyətləri Ensiklopediyada yəhudi şəxs adlarının və İsrailin coğrafi adlarının böyük əksəriyyəti müasir ivrit dilində qəbul edilmiş tələffüz formasına müvafiq olaraq verilmişdir. İvrit dilindəki [h] (ה) və [x] (ח, כ) fonemlərinin rus/ukrayna dilindəki qarşılıqlarında fərqləndirilməsi üçün redaksiya tərəfindən xüsusi bir qayda — üzərində xətt olan əlavə х hərfi daxil edilmişdir. Bu hərf ivritcə [h] səsinə müvafiq gəlir (məsələn: Avraxam, xaftara, Zoxar və s.). Boğaz səsi olan ע (ayn) hərfi sözün ortasında tərs apostrof işarəsi ilə (Ya‘akov, Şim‘on), samitdən sonra və saitdən əvvəl gələn א (alef) hərfi isə adi apostrofla (Mal’axi, Xit’axdut) işarələnmişdir. İvritcə ל (lamed) hərfinə müvafiq gələn səs isə əksər hallarda qalın "l" kimi bərpa edilmişdir.
Ukrayna mövzusu ensiklopediyada Ensiklopediyada yer alan çoxsaylı məqalələr Ukrayna yəhudilərinin tarixinə, yəhudi-ukrayna münasibətlərinə, yəhudilərin Ukrayna dövlətinin ictimai-siyasi həyatında iştirakına, habelə elm və mədəniyyətinə verdiyi töhfələrə həsr olunmuşdur. Mətndə Qaliçiya, Volın, Podolye, Zakarpatya, Bukovina regionlarının, həmçinin ayrı-ayrı Ukrayna şəhər və qəsəbələrinin yəhudi əhalisinin tarixi və demoqrafiyası geniş şəkildə tədqiq edilmişdir. Ukrayna ədəbiyyatında yəhudi obrazı və folklor məsələləri də xüsusi olaraq işıqlandırılmışdır.
Rəqəmsal versiyaya keçid Redaksiya ensiklopediyanın "Elektron Yəhudi Ensiklopediyası" (EYE) adlanan rəqəmsal onlayn versiyası üzərində işlərə 2003-cü ildə başlamışdır. Bu proses zamanı çap variantındakı bir çox məqalələr yenilənmiş, yenidən işlənilmiş, ensiklopediyaya yeni terminlər, xronoloji və statistik köməkçi cədvəllər əlavə edilmişdir. EYE 2005-ci ildə rəsmən internetdə oxucuların istifadəsinə verilmişdir. Onlayn ensiklopediyanın lüğət məqalələrinin ümumi sayı 2019-cu ilin əvvəlinə olan məlumata görə təqribən 6000 vahid təşkil edir.
İstinadlar
Kateqoriya:2005-ci ildə yaranan saytlar Kateqoriya:XX əsrin ensiklopediyaları Kateqoriya:XXI əsrin ensiklopediyaları Kateqoriya:Onlayn ensiklopediyalar Kateqoriya:Rus dilində ensiklopediyalar