Zeynal xan Süleyman xəlifə oğlu Şamlı (?-1527) — qızılbaş sərkərdəsi, Heratın hakimi. Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş ordusu qələbə çaldıqdan sonra I Şah İsmayıl h. 917 (1510-1511)- ci ildə Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin edir. Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni isə Mərv hakimliyinə gətirir. Lakin Zülqədər Abdal bəy Dədə özbəklərin Məhəmməd Teymur xanın başçılığı altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzifədən azad edilir. Nəticədə 1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu Əmir xan Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə hakim təyin edilmişdir.1522-1523-cü ildə Zeynal xan Şamlı Astrabada hakim olaraq göndərilir. Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində Türk-Qızılbaş əsilzadələrindən Zeynal xan Şamlı hələ də Astrabad hakimi idi.Tarixi Qızılbaşan əsərinin müəllifi onun barədə yazır:

“Zeynal xan fərmana görə bir neçə il Herat valisi oldu, lakin o əraziləri tuta bilmədiyi üçün azad edildi. Bir neçə il Astrabada hakimlik etdi və hicri 934-cü ildə Firuzkuhda özbək Zeynəşlə vuruşub həlak oldu.”

Həyatı Zeynal xan Süleyman xəlifə oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayılın adlı-sanlı əmirlərindən idi. Həsən bəy Rumlu yazır ki, 1509-1510-cu ildə Şah İsmayıl Lahican sufilərindən Qəzvin, Rey və Sovucbulaq hakimi Abdal bəy Dədə Zülqədəri vəzifəsindən azad edir və onun yerinə Zeynal bəy Şamlını gətirir. Zeynal bəyə şah tərəfindən xan titulu verilir.

Herat hakimi təyin olunması 1510-cu ildə Şeybək xan ilə Qızıbaşlar arasında baş verən Mərv döyüşündə Zeynal xan Şamlı da iştirak edirdi. Səfəvi qoşunlarında Zeynal xan Şamlı, Div Sultan Rumlu, Cayan Sultan Ustaclı, Badımcan Sultan Rumlu, Mirzə Məhəmməd Talış və digər əmirlər Mərv qalasının mühasirəsi ağırlığını öz üzərinə götürmüşdülər. “Aləmara-yi Şah İsmayıl”a görə, cəmi üç saat ərzində özbək ordusunun sağ və sol cinahları sıradan çıxarıldı. Özbəklər vahimə içərisində pərən-pərən düşüb, o taya keçmək üçün özlərini çaya atırdılar. Bəzi özbək döyüşçüləri isə çayı keçməyə macal tapmayıb, bataqlıqda qərq oldular. Nəticədə döyüş Səfəvilərin qələbəsi ilə başa çatdı.

1511-ci ildə Şah İsmayılın Xorasandan uzaqlaşması ilə özbək xanları ilə olan münasibətlər yenidən gərginləşir. 1511-ci ildə Canibəy sultanın oğlu, Daşkənd hakimi Qara Gəskən Bahadır Səfəvilərin vassalı olan Xan-Mirzəyə məxsus Bədəxşan vilayətini işğal etdi. Amma şahın əmri ilə Bəlxdəki qızılbaş əmiri Bayram xan Qaramanlunun göndərdiyi 5 minlik qoşun özbək dəstələrini həmin ərazidən vurub çıxardı və orada Xan-Mirzənin hakimiyyətini bərpa etdi.Bu hadisədən istifadə edən Babur şah Şah İsmayıla məktub yazıb kömək istədi. Baburun məktubunu alan və özbəklərin müqaviləni pozmasından qəzəblənən Şah İsmayıl Zeynal xan Şamlının da iştirakı ilə Məhəmməd sultan Sufioğlu Ustaclu və Badımcan sultan Rumlu başda olmaqla 5 minlik qoşunu Bəlxə, Bayram xanın sərəncamına göndərdi və onlara Baburla birlikdə Türküstanı fəth etmək tapşırıldı.Onlar təqribən iki ay bu bölgədə qaldılar. Babur padşah göstərilən köməyə görə Şah İsmayıla təşəkkür etdi və bildirdi ki, qızılbaş qoşunlarının köməyi ilə bölgəni özbək qoşunlarından təmizləmişik və indi istəmirik ki, Şah İsmayıl bu qoşunların intizarını çəkmiş olsun. Ona görə də təklif edildi ki, Bayram bəy qızılbaş qoşunları ilə geri dönsün. Bu zaman Zeynal xan Şamlı və Əlişükür bəy bildirdilər ki, özbək xanları hələ lazımınca əzilməmişlər və onların hansı planlara malik olması haqqında da məlumat mövcud deyil. Zeynal xan başda olmaqla Səfəvi əmirlərinin fikrincə, Babur padşah özü də ələ keçirilmiş vilayətlərdə kifayət qədər mökəmlənməmişdi və ona görə də onlar qızılbaş qoşunlarının geri göndərilməsini məqsədəuyğun bilmirdilər. Onlar təklif etdilər ki, özbək xanlarının məsələsi birdəfəlik həll edilsin və ondan sonra qızılbaş qoşunları geri qayıtsınlar. Lakin Babur şahın təkidi ilə Zeynal xan Şamlı digər Səfəvi əmirləri ilə birlikdə hədiyyələrlə Şah İsmayılın düşərgəsinə üz tutdular.

Übeydulla xan Babur şahın tək qaldığını eşidəndə yenidən Buxara üzərinə hücuma keçdi. Buxara Übeydulla xan tərəfindən ələ keçirildikdə Babur şah yenidən Şah İsmayıla müraciət edərək kömək istədi. Zeynal xan Əmir Nəcmi tərəfindən göndərilən bu dəstədə də Qızılbaş qoşunları arasında idi. Əmir Nəcm ilk əvvəl Xacə Kəlan adlı birisini birləşmiş qoşunların çərxcisi təyin etsə də, Xacə Kəlan ona verilmiş dəstəni itirərək geri qayıtmışdı. Bundan sonra Əmir Nəcm birləşmiş qoşunların çərxçiliyini Zeynal xana tapşırdı və onun nəzərinə çatdırdı ki, vəzifənin icrasına Xacə Kəlan kimi yanaşsa onu sərt cəza gözləyir. Zeynal xan da 2 min nəfərlik qoşun dəstəsini götürərək irəli hərəkət etdi. Hisar qalasını ətrafına yetişəndə onun alınmasının mümkün olmadığını gördü və ona görə də qoşunların gəlib yetişməsini gözlədi. Bir müddətdən sonra Əmir Nəcm də qoşun dəstəsi ilə gəlib yetişdi. Bundan sonra Hisar qalası birləşmiş qoşunlar tərəfindən mühasirə edildi. Qala daxilindəkilər bu mühasirəyə davam gətirməyərək aman istəməli oldular.Zeynal xan Şamlı Əmir Nəcmin ordusunda Hisar qalasının mühasirəsində həmçinin Qarşı qalasının ələ keçirilməsi əməliyyatlarında yaxında iştirak etmişdi.

Əmir Nəcm Gicduvan döyüşündə öldürüldükdən sonra Şah İsmayıl təzədən Mavəraünnəhri ələ keçirmək üçün bu dəfə özü yola düşməli oldu. Şah İsmayıl Xorasana hücum çəkib Mavəraünnəhri yenidən Səfəvi dövlətinə tabe etdikdən sonra döyüş meydanını tərk etdiyi üçün Hüseyn bəy Lələni Herat hakimi vəzifəsindən uzaqlaşdırdı və onun yeniə Zeynal xan Şamlı yeni Herat hakimi oldu.

Özbəklərin Xorasa hücumlarından sonra bölgədə aclıq və səfalət pik nöqtəsində idi. Həsən bəy Rumlu yazır ki, həmin il Herat hakimliyində güclü qıtlıq hökm sürürdü. “Herat şəhərində qıtlıq o dərəcədə şiddətlənmişdi ki, adamlar bir-birini yeyirdilər. Oranın hakimi Zeynal xan adamyeyənləri cəzalandırdı.”

Zeynal xan Herat hakimi olduqdan sonra Məhəmməd Zaman Mirzə Əmir Ərdovanla birgə 10 minlik qoşun dəstəsi ilə Herata hücum etmək məqsədilə yola düşdü. Herat hakimi Zeynal xan bu təhlükədən nicat tapmaq üçün qala daxilində müdafiə olunmağı məqsədəuyğun saydı və qala darvazlarını bağlatdırdı. Məhəmməd Zaman Mirzə sərəncamında olan qoşun dəstəsi ilə Herat qalasını mühasirəyə aldı və göstərdiyi bütün cəhdlərə baxmayaraq, bu qalanı ələ keçirə bilmədi. Elə həmin günlərdə Div Sultan da Herat yaxınlıqlarına yetişmişdi. O, Zeynal xanın qala daxilinə sığınaraq müdafiə olunmasını eşidəndə təəccüb etdi və ona belə bir xəbər göndərdi: "Məgər bu 10 min nəfərdən qorxdun ki, qala darvazalarını möhkəmlətmisən? Hər halda qala darvazalarını aç və 700-800 nəfərlik dəstə ilə bayıra gəl və inşallah ki, onları məğlub edəcəyik". Bu sözlərdən də göründüyü kimi, Div Sultan da Zeynal xana kömək etmək istəyirdi ki, birlikdə Məhəmməd Zaman Mirzənin dəstəsini məğlubiyyətə uğratsınlar. Amma Zeynal xan bu təkliflə razılaşmadı və cavab göndərdi ki, Div Sultan getdiyi yolla getsin və bizim onun köməyinə ehtiyacımız yoxdur. Belə olanda Div Sultan orada dayanmağı lazım bilməyib yoluna davam etdi və bir müddətdən sonra Şah İsmayılın hüzurunda oldu.Məhəmməd Zaman Mirzənin Herat üzərinə hücumundan xəbər tutan Übeydulla xan da dəstəsini çəkərək Herata doğru yola düşdü. Übeydulla xanın da öz qoşun dəstəsi ilə gəlməsi xəbərini alanda Herat hakimi Zeynal xan müqaviməti davam etdirməyi mənasız saydı. Şəhər daxilində ərzaq da tükənmək üzrə idi. O, ətrafının adamlarını toplayaraq Heratı tərk etdi və Azərbaycana doğru istiqamət götürdü.

Herat hakimi Zeynal xan Şamlı özbək hücumlarına davam gətirə bilmədikdə Xorasanın Kayən hakimi 1516-cı ildə Təbrizdə Şah İsmayılın hüzuruna çıxaraq Xorasanın acınacaqlı vəziyyətini ona şərh etdi. Başqa bir məlumata görə isə Bəlx hakimi Div Sultan Təbrizə gəlib ayrıca Şah İsmayıl ilə görüşəndə Herat hakimi Zeynal xanın dövlət maraqlarının qorunmasında etinasızlıq göstərməsi haqqında Şah İsmayıla məlumat verdi. Bundan sonra Şah İsmayıl Xorasanda hakimiyyəti gücləndirilməsi və oğlu Təhmasib Mirzənin Xorasan hakimi təyin edilməsi haqqında qərar verdi. Nəticədə şah Zeynal xan Şamlını bölgəni müdafiə edə bilmədiyi üçün Herat hakimliyindən uzaqlaşdırıldı. O bir neçə illik Astrabad hakimliyinə təyin edildi.

Mazandaran hakimləri və Əmir Dibaca qarşı göndərilməsi Şah İsmayıl 1518-ci ilin sentyabrında qışı keçirmək üçün Quma gəldi. Burada olduğu zaman Şah İsmayıl məlumat aldı ki, Mazandaran hakimi Səfəvi xəzinəsinə illik vergiləri verməkdən imtina etmişdir. Şah İsmayıl Mazandaran hakimlərinin itaətsizliyinin aradan qaldırılması üçün Zeynal xan Şamlının və Durmuş xanın rəhbərliyi altında qoşun dəstəsi təşkil etdi və bu qoşun dəstəsini bölgəyə göndərdi.Onlar ilk əvvəl əsas diqqəti Ağa Məhəmmədin ələ keçirilməsinə verdilər. Ağa Məhəmməd Zeynal xanla Durmuş xanın gəlişindən xəbər tutan kimi Övlad qalasında gizləndi. Bölgədə Kilis adında başqa bir qala da varidi ki, Ağa Məhəmmədin yaxınları da oraya sığınmışdı. Zeynal xan və Durmuş xan ilk əvvəl Kilis qalasını mühasirəyə aldılar və bu qala ətrafında gərgin döyüşlər başladı. Onlar sərəncamlarında olan bütün silahlardan istifadə edərək şəhər müdafiəçilərinin müqavimətini qırmağa müvəffəq oldular. 3 günlük mühasirədən sonra qala ələ keçirildi. Zeynal xan və dəstəsi bundan sonra Övlad qalası üzərinə hücuma keçdi. Ağa Məhəmməd Səfəvi qoşununa qarşı müqavimətin mənasız olduğunu anlayıb onların yanına öz adamını göndərib aman dilədi. Onlar Ağa Məhəmmədi və xəzinəsini özləri ilə birgə Səfəvi sarayına gətirdilər.Zabil Bayramlı özünün “AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU” adlı əsərində qeyd edir ki, Zeynal xan Şamlı bu hadisədən sonra şah tərəfindən Mazandaran və Rüstəmdara hakim təyin edilmişdi: “Bu zaman Zeynal xan Şamılının Mazandaran və Rüstəmdara hakim təyin edilməsi burada mərkəzi hakimiyyətin nəzarətinin artırılması ilə səciyyəvi olsa da, yerli sülalələrin sahibkarlıq hüquqlarına toxunulmamışdı”

1519-cu ilin yazında Şah İsmayıl bütün ətrafındakılarla birlikdə Savə istiqamətində hərəkətə başladı.Həmin məntəqədə olarkən Şah İsmayıl Gilan hakimi Əmir Dibacın itaətsizlik yolunu tutması barəsində məlumat aldı. Şah yenidən Zeynal xan Şamlını Durmuş xanla birlikdə bu itaətsizliyi aradan qaldırmaq məqsədilə Rəştə göndərdi. Mazandaran və Rüstəmdar hakimi Əmir Əbdülkərim, habelə Lahican hakimi Sultan Əhməd də Durmuş xan və Zeynal xanla birlikdə Rəştə göndərildilər. Şah İsmayıl özü isə Tarom və Fumən yolu ilə Rəştə doğru irəliləməli idi. Bununla nəzərdə tutulurdu ki, Əmirə Dibacın bütün yolları kəsilsin və onun qaçıb gizlənmək imkanı olmasın.Əsas tapşırıq Zeynal xanla Durmuş xanın üzərində olsa da, Şah İsmayıl özü də Rəşt itaətsizliyini aradan qaldırmaq üçün buraya yola düşdü. Əmir Dibac Zeynal xan və Durmuş xanın gəlişini eşidən kimi bölgənin ağsaqqallarını toplayaraq Şah İsmayılın hüzuruna göndərdi. Bu nümayəndələr 5 min tümən nağd pul və çoxlu hədiyyə təqdim etməklə Pəşt hakimi tərəfindən vaxtlı-vaxtında illik vergilərin ödənəcəyini bildirdilər.

Osmanlı hücumuna qarşı 1519-cu ildə Şah İsmayıl Sultaniyədə olarkən Osmanlı qoşununun Bağdada doğru irəliləməsindən xəbər tutdu. Şah bu şəhərə kömək göndərmək qərarına gəldi və bununla bağlı təşkil edilən xüsusi dəstənin rəhbərlərindən biri Zeynal xan Şamlı idi. Şah həmçinin Kürdistan hakimi Cuci Sultana da tapşırdı ki, öz qoşun dəstəsi ilə Zeynal xan və Durmuş xana qoşulsun. Bu dəstə çox keçmədən Bağdad istiqamətində yola düşdü. Durmuş xanla Zeynal xanın rəhbərliyi altında olan qoşun dəstəsinin Bağdad istiqamətində Osmanlı qoşunları ilə hər hansı bir döyüşə girmələri barəsində də məlumat yoxdur. Onlar bir müddət Bağdadda qaldıqdan sonra Osmanlı ordusunun geri qayıtdığından xəbər tutaraq yenidən Şah İsmayıla qoşulmaq üçün Savəyə qayıtdılar.

Əmir xan Mosullunun həbs edilməsində rolu