Tillandsia Bromeliaceae (bromeliya) — fəsiləsinə aid həmişəyaşıl, çoxillik çiçəkli bitkilərin təxminən 650 növündən ibarət cinsdir. Onlar Şimali Meksika və ABŞ-nin cənub-şərqindən tutmuş Mərkəzi Amerikaya, Karib hövzəsinə və mərkəzi Argentinaya qədər Neotropiklərin meşələrində, dağlarında və səhra ərazilərində bitirlər. Əsasən gümüşü rəng çalarlarına malik yarpaqları üzərilərinə yığılan suyu sürətlə əmməyə qadir olan xüsusi hüceyrələrlə (trixomlarla) örtülmüşdür.

Onlar həm də qidalanmaq üçün torpağa ehtiyac duymadıqları, su və qida maddələrini havadan aldıqları üçün ümumi şəkildə hava bitkiləri kimi tanınırlar. Onların əlçatan olan istənilən səthdən (telefon naqilləri, ağac budaqları, qabıq, çılpaq qayalar və s.) yapışmaq təbii xüsusiyyəti vardır. Yüngül toxumları və ipək kimi paraşütə bənzər quruluşları onların ətrafa yayılmasını asanlaşdırır. Əksər Tillandsia növləri epifitdir, bu da tərcümədə "bitki üzərində" demək idi. Bəziləri isə minimal kök sisteminə malik olan və hərəkətli səhra torpağında bitən aerofitləridir. Epifit həyat tərzi ilə əlaqədar olaraq, bu bitkilər torpaqda bitmir, ağac budaqlarında, səhralarda və su ilə uzun müddət doymayan digər substrat üzərində yaşayırlar.

Təsvir Tillandsia növləri fizioloji və morfoloji cəhətdən müxtəlif xüsusiyyətlərə malik çoxillik otursu bitkilərdir ki, bu da onları zəngin bir cins edir. Təbii yaşayış yerlərinin epifit və litofit (qayalar üzərində bitən) olması səbəbindən növlərin müəyyən uyğunlaşmaları var: məsələn, digər bitkilərə və ya substratlara bərkidilmək üçün nəzərdə tutulmuş kök sistemləri, eləcə də su və qida maddələrinin qəbulu üçün dəyişikliyə uğramış trixomlar. Bəzi növlər, Bromeliaceae fəsiləsinin əksəriyyəti kimi, sıxılmış gövdə oxuna malik qıfşəkilli bromeliyalar şəklində böyüyür. Bu zaman yarpaqlar rozet şəklində bir-birinə çox yaxın yerləşir və yarpaqların aşağı hissələrini örtərək su toplamaq üçün qıf əmələ gətirir.

Tillandsia növlərində ümumi fiziki xüsusiyyət olan bu yarpaq rozetləri su və qida maddələrini toplayır. Çiçəklər adətən bir və ya bir neçə gövdə üzərində əmələ gələn parlaq, canlı rəngləri ilə seçilir. Çiçəklərin rəngi çox müxtəlifdir; bu cinsdə qırmızı, sarı, bənövşəyi və çəhrayı çiçəklərə rast gəlinir, hətta çoxrəngli növləri də mövcuddur. Parlaq rənglər tozlandırıcıları cəlb edir. Həmçinin hava bitkisinin yarpaqları çiçək açarkən rəngini dəyişə bilər ki, bu da tozlandırıcıların diqqətini cəlb etməyə kömək edir. İcinsiyyətli (hermafrodit) çiçəklər qoşa çiçək yanlığına malik olub üçüzvlüdür. Üç sərbəst kasayarpağı simmetrik və ucludur. Toxumların zəncirotunkinə bənzər "paraşütü" vardır.

Bu cinsin ümumi tozlandırıcılarına kəpənəklər, kolibrilər və son dövrlərdə müəyyən edildiyi kimi, yarasalar daxildir.

Təbii mühit və yaşayış yeri Tillandsia növləri ekvatorial tropik yağış meşələri, yüksək dağlıq And dağları, qayaüstü (sakikol) bölgələr və Luiziana bataqlıqları kimi müxtəlif mühitlərdə təbii şəkildə yaranmışdır; buna misal olaraq ağac budaqlarının başında bitən İspan mamırını (T. usneoides) göstərmək olar. Bununla belə, litofit (qayalarda və ya daşlar üzərində bitən, həmçinin damlarda və ya hətta telefon naqillərində yaşaya bilən) növlər də mövcuddur. Onun təbii yayılma arakəsməsi Tropik və Subtropik Amerikadır.

Tillandsia-nın yaşıl yarpaqlı növləri adətən sərin və rütubətli iqlimlərdə, yerüstü kölgəli sahələrdə və ya meşənin aşağı qatlarında yaşayır. Əksinə, demək olar ki, bütün boz yarpaqlı növlər yüksək rütubətə malik, yağıntının az olduğu ərazilərdə məskunlaşır. Onlar günəş şüalarını daha çox sevdikləri üçün meşələrin yuxarı mərtəbələrində, qayalarda və ya (nadir hallarda) torpaqda rast gəlinirlər. Boz növlərin bir çoxu epifitdir. Bəzi növlər isə az və ya çox dərəcədə kseromorf (quraqlığa uyğunlaşmış) xüsusiyyət daşıyır.

Fotosintez və sağqalma mexanizmləri Tillandsia növləri su itkisinin qarşısını almaq üçün gündüzlər ağızcıqlarını bağlayan, gecələr isə karbon qazını mənimsəyib oksigen buraxan CAM dövrü (Crassulacean acid metabolism) adlanan proses vasitəsilə fotosintez edirlər. Bu, onlara epifit olduqları üçün zəruri olan suyu qoruyub saxlamağa imkan verir. Onların funksional kök sistemi yoxdur, bunun əvəzinə suyu trixom adlanan kiçik strukturlar vasitəsilə yarpaqları ilə az miqdarda udurlar. Tillandsia növləri həm də qida maddələrini havadakı toz və qırıntılardan qəbul edirlər.

Tillandsia-da mövcud olan hər hansı bir kök sistemi yalnız böyüdükləri səthdən yapışmaq üçün kövrək bir dayaq rolunu oynayır. Bitkilər su ilə islanan kimi sormac pulcuqlarının altındakı yaşıl assimilyasiya toxuması yenidən görünür və bitki beləcə "yaşıllaşır". İndi bitki daha çox işıq uda bilir. Günəş bitkiləri qurutduqda isə onlar yenidən ağarır. Bu xüsusi sağqalma hiyləsi sayəsində köksüz bitkilər yağış suyu ilə yanaşı duman damcılarını da uda və beləliklə, su ehtiyaclarını ödəyə bilirlər.

Tropik meşələrin damar bitkilərinin üçdə birindən çoxunu Tillandsia növlərinin də daxil olduğu epifitlər təşkil edir. Onların ətraf mühit tutumuna verdiyi töhfə yerüstü faunanın (məsələn, soxulcanların) ağac təpələrində inkişaf etməsinə şərait yaradır.

Temperatur kritik amil deyil, interval 10–32 °C təşkil edir. Şaxtaya davamlılıq növlərdən asılıdır. Məsələn, T. usneoides təxminən −10 °C-yə qədər gecə şaxtalarına dözə bilir. Əksər növlər üçün ideal böyümə temperaturu 20–25 °C arasındadır (minimum 10 °C, maksimum 30 °C olmaqla). Çox az hissəsi −10 °C-yə davamlıdır, lakin adətən yüksək dağlıq ərazilərdən olan bəzi növlər yüngül və qısa şaxtalara tab gətirəcək qədər dözümlüdür və mülayim qışı olan bölgələrdə il boyu açıq havada yaşaya bilirlər.

Çoxalması və qulluq Digər bromeliyalar kimi, Tillandsia növləri də tozlanma və toxum əmələ gəlməsi vasitəsilə çoxala bilər. Tillandsia öz-özünə fertil (özünü tozlandıran) olmadığından, tozcuq eyni növün başqa bir bitkisindən olmalıdır. Növündən asılı olaraq, Tillandsiyanın çiçək açması aylarla və ya illərlə vaxt ala bilər. Çiçəkləndikdən sonra bitki balalar (cücərtilər) verir və məhv olur.

Ümumiyyətlə, nazik yarpaqlı növlər yağmurlu ərazilərdə, qalın yarpaqlı növlər isə quraqlığa daha çox məruz qalan yerlərdə bitir. Əksər növlər trixom adlanan strukturların köməyi ilə yağışdan, şehdən, dustdan, çürümüş yarpaqlardan və həşərat qalıqlarından nəm və qida maddələrini yarpaqları vasitəsilə udaraq qəbul edirlər. Hava bitkiləri az qulluq tələb edən otaq bitkiləri kimi sürətlə populyarlıq qazanır. Minimal kök sistemi və digər uyğunlaşmaları səbəbindən onlar adətən tez-tez suvarılma tələb etmirlər; həftədə dörddən çox olmamaqla, yenidən suvarmazdan əvvəl bitkinin tamamilə qurumasına şərait yaradılmalıdır.

Tələb olunan işıq miqdarı növlərdən asılıdır; ümumiyyətlə, gümüşü örtüyə və sərt yarpaqlara malik hava bitkiləri yumşaq yarpaqlı olanlara nisbətən daha çox günəş işığı tələb edir. Onlar adətən güclü işığa ehtiyac duyurlar. Lakin yayda çöldə olarkən günün ən isti saatlarında ağacın yüngül kölgəsini üstün tuturlar. Bitkilər adətən dekorativ əşya kimi lövhələrə bərkidilir, terrariumlara qoyulur və ya sadəcə dəniz qabıqlarına yerləşdirilir. Qeyri-absorbsiya qabiliyyətinə malik kökləri qarmaqlara çevrilmiş "hava" növləri (mədəniyyətdə geniş yayılmış Tillandsia cyanea istisna olmaqla digər adi növlərin əksəriyyəti) üçün suvarma tez-tez çiləmə şəklində yarpaqlar vasitəsilə və ya bitkinin su ilə dolu qaba qısa müddətə batırılması yolu ilə həyata keçirilir. Əhəngsiz sudan istifadə etmək tövsiyə olunur.

2023-cü ilə olan məlumata görə, Beynəlxalq Bromeliya Cəmiyyəti (Bromeliad Society International) tərəfindən T. Bacchus-dan tutmuş T. Yabba-ya qədər 34 bromeliya sortu (kultivar) qeydiyyata alınmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bromeliyakimilər Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları