Əli Həbib oğlu Kərimov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1956–1960), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1960–1965), Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti yanında Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri (1962–1965), Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1965–1970), Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi (1970–1980), Azərbaycan SSR Dövlət Əmək Komitəsinin (1980–1987) və Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri (1987–1991), Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri (1990–1992).
Həyatı
Erkən illəri Əli Həbib oğlu Kərimov 1919-cu il sentyabrın 20-də Bakıda anadan olmuşdur. 1937-ci ildə 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Neft mexanikası fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə, 1941-ci ildə institutunun komsomol komitəsinin katibi seçilmişdir. 1942-ci ilin fevral ayında Dzerjinski adına maşınqayırma zavoduna təyinat almışdır.
1942-ci ildən Əli Kərimov Dzerjinski adına zavodda yoxlayıcı usta, bir qədər sonra isə nəzarət şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, eyni zamanda zavod komsomol təşkilatına rəhbərlik etmişdir. Bundan sonra o, komsomol işinə daha yaxından cəlb olunmuş və 1943-cü ildə Azərbaycan LKGİ Orconikidze Rayon Komitəsinin katibi seçilmişdir.
Siyasi fəaliyyəti 1944-cü ilin oktyabr ayında Əli Kərimov Azərbaycan LKGİ Bakı Komitəsinin təbliğat-təşviqat üzrə katibi, 1946-cı ilin iyul ayında isə birinci katibi təsdiq edilmişdir. 1947-ci ilin oktyabr ayında isə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. 1949-cu ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman İşləri üzrə Komitənin tərkibinə daxil edilmişdir. Əli Kərimov Azərbaycan komsomol təşkilatının rəhbəri kimi Sovet nümayəndə heyəti tərkibində Ümumdünya Gənclər Federasiyasının Budapeştdə keçirilmiş konqresinin işlərində iştirak etmişdir. ÜİLKGİ Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Əli Kərimov 1952-ci ilin sentyabr ayında Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən azad edilərək Azərbaycan K(b)P Mərkəzi Komitəsinin Məktəblər şöbəsinin müdiri təsdiq edilmişdir. Burada çalışdığı dövrdə təhsilini davam etdirmiş, 1954-cü ildə qiyabi olaraq bitirmişdir.
1956-cı ildə Əli Kərimov Azərbaycan SSR daxili işlər naziri təyin edilmiş, 1960-cı ilin fevral ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin mədəniyyət məsələləri üzrə müavini vəzifəsinə keçirilmişdir. Bu vəzifə ilə paralel olaraq 1962-ci ilin dekabr ayında ölkədəki ən böyük səlahiyyətlərə malik orqanın — Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti yanında Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri təyin edilmiş, Azərbaycan KP MK katibi və Mərkəzi Komitənin Rəyasət Heyətinin (bürosunun) üzvü seçilmişdir. 1965–1970-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Əli Kərimov 1970-ci ilin may ayında Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsindən azad edilərək Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1980-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1980-ci ilin dekabr ayından 1991-ci ilədək Azərbaycan SSR Dövlət Əmək Komitəsinə (1987-ci ildən Azərbaycan SSR Dövlət Əmək və Sosial Məsələlər Komitəsinə) başçılıq etmişdir. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri kimi olmuş, 1992-ci ildə həmin vəzifədən təqaüdə çıxmışdır.
Əli Kərimov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, 1953–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1962–1966-cı və 1971–1981-ci illərdə Mərkəzi Komitənin büro üzvü, 1966–1971-ci illərdə isə büro üzvlüyünə namizəd olmuşdur. Beş çağırış (3, 5, 8–10-cu) SSRİ Ali Sovetinin, beş çağırış (2, 4–7-ci) Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.
Əli Kərimov 4 iyun 2000-ci ildə vəfat etmiş, Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Ailəsi 1942-ci ildə Validə Əliheydər qızı Allahverdiyeva (1921–1998) ilə ailə həyatı qurmuşdur. Əli Kərimovun atası Həbib Əli oğlu Kərimov (1893–1972) Şuşada doğulmuş, 1912–1913-cü illərdə Leypsiq Universiteti dinləyicisi olmuş, Almaniyada təhsil almış ilk azərbaycanlı mühəndislərdən olmuşdur. Uzun illər yağ-pendir sənayesi sahəsində çalışmışdır. Anası Qumru (Qumri) Məhəmməd qızı Nərimanova-Kərimova Nəriman Nərimanovun əmisi nəvəsi olmuşdur. O, Tiflisdə anadan olmuş, yeniyetmə yaşlarında bacısı Nabatla birlikdə Bakıya gələrək Hacı Zeynalabdin Tağıyevin qız məktəbində təhsil almışdır. 1908-ci ildə məktəbi bitirərək bir müddət Tiflisdə müəllimlik etmiş, daha sonra Bakıya qayıdaraq ömrünün sonunadək burada yaşamışdır.
Qeydlər
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan Dövlət Nəşriyyatının direktorları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Köçərlilər Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri