Qafar Süleyman oğlu Seyfullayev () — Azərbaycan-sovet rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar rəssamı (1988).
Həyatı Qafar Süleyman oğlu Seyfullayev 1915-ci ildə Bakı qəzasının Balaxanı kəndində anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoymuş və müharibə illərində Qırmızı Ordunda xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilini davam etdirmiş və yarımçıq qoyduğu İ. Y. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu 1951-ci ildə bitirmişdir.
Qafar Seyfullayev təhsil aldığı dövrdən respublika rəssamlıq sərgilərində iştirak etmişdir. O, yaradıcılığında, əsasən, tematik tablolar, peyzajlar və natürmortlara müraciət etmişdir. Onun əsərləri sırasına Azərbaycan Tarixi Muzeyi üçün çəkilmiş, monqolların Azərbaycana yürüşünə həsr olunmuş kompozisiya, "Babək" tablosu, "Qoyunların qırxılması" janr əsəri və "Ət və tərəvəzlər" natürmortu daxildir.
Qafar Seyfullayev həmçinin Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1998-ci ildə vəfat etmişdir. Balaxanıda dəfn olunmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanın peyzajçı rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları